Accessibility links

1960-cı illərin Soyuq müharibəsi illərində SSRİ ilə ABŞ arasında buzların əridilməsi məqsədi ilə incəsənətdən vasitə kimi istifadə edilmişdi. O vaxt YeI universitetinin rus xoru Moskvada çıxış etmişdi.

İndi 50 il sonra ölkələr arasındakı soyuq münasibətlər yenə də musiqi yolu ilə aradan qaldırılır.

Rusiyalı biznesmen və müxalif siyasətçi Mixail Proxorov yeni layihəyə rəhbərlik edir. Nyu-Yorkun basketbol komandasının sahibi Moskvada Filadelfiyanın IllStyle and Peace Productions rep qrupunun çıxışını təşkil edib.

Mətbuat konfransı zamanı Proxorov idman, musiqi və mədəniyyətin insanlar arasında qarşılıqlı etimad və yaxşı münasibətlərin əsası olduğunu deyib. Ötən il Rusiyanın prezident seçkilərində iştirak edən Proxorov bildirib ki, mədəni mübadilə siyasətçilərin biri-birini daha diqqətlə dinləmələrinə yardım edəcək.

Rusiya turnesinin təşkilatçısı, Bruklin Musiqi Akademiyasının prezidenti Karen Hopkins Ill Style qrupunun uğuruna inanır. Onun dediyinə görə, istedadlı və əsl amerikalı olan bu gənclər böyük nailiyyət əldə edəcək.

Bir neçə gün əvvəl isə Yeni Orleansın cazz orkestri ABŞ-ın Rusiyadakı səfirinin iqamətgahında konsert proqramı ilə çıxış edib.
XS
SM
MD
LG