Accessibility links

Rusiya ilə Azərbaycan arasında üç sənəd imzalanıb


Rusiya ilə Azərbaycan arasında üç sənəd imzalanıb
Rusiya ilə Azərbaycan arasında üç sənəd imzalanıb

Danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar prosesi diqqət mərkəzində olub

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycanda ikigünlük rəsmi səfərdə olub. Səfərin yekunu olaraq

Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqavilə, Azərbaycan Dövlət Neft Şirkəti və “Qazprom” arasında təbii qazın alqı - satqısına dair müqaviləyə əlavə, - 2011 - 2012-ci illərdə qaz nəqlinin artırılmasını nəzərdə tutan sənəd və transsərhəd Samur çayının rasional istifadəsi və mühafizəsi haqqında hökumətlərarası saziş imzalanıb.

Danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi də diqqət mərkəzində olub.

Prezident Medvedev bildirib ki, o şəxsən Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gündəliyində qalan ən mürəkkəb məsələləri müzakirə etməyə və əlaqələri davam etdirməyə hazırdır. “Danışıqların intensivliyi azalmamalıdır. Son vaxtlar Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında görüşlərin intensivliyi yüksək olub və görülən işlərə görə peşman deyiləm”.

Prezident İlham Əliyev Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşləri səmərəli adlandırıb. “Rusiya prezidentinə, bu prosesdə aktiv iştirakına görə təşəkkürümü bildirirəm. Cənab Medvedevin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin altı görüşü keçirilib. Fakt özlüyündə misilsizdir. Tarixdə heç zaman həmsədr ölkələrin liderləri belə aktivlik göstərməyib, başlıcası isə görüşlərin effektliliyidir. Cənab Medvedevin iştirakı ilə olan görüşlərdə tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində çox vacib addımlar atılıb”.

Rusiya prezidenti jurnalistlərin sualının cavabında Ermənistandakı Rusiya hərbi bazaları ilə bağlı da danışıb. “Bu məsələdə Azərbaycan üçün heç bir maneə yoxdur. Rusiya üçün Qafqazda sabitliyin qorunub saxlanması çox vacibdir. Biz sülh və sabitlik olmasında maraqlıyıq, Gümridəki hərbi bazanın müddətinin uzadılması haqqında sazişə məhz, bu nöqteyi-nəzərdən baxmaq lazımdır, başqa heç bir səbəb mövcud deyil”.

Cənab Medvedev həmçinin əlavə edib ki, bu məsələni prezident Əliyevlə ətraflı müzakirə edib.

Tərəflər iqtisadi əməkdaşlığın daha da gücləndirilməsini vacib sayır. Rusiya prezidenti ötən il ticarət dövriyyəsinin aşağı düşdüyünü, bu il isə müsbət tendensiyanın müşahidə edildiyini bildirib.

Cənab Medvedev təkbətək görüşdə geniş spektrdə məsələlərə, iqtisadi münasibətlər və regional təhlükəsizliyin təminatı məsələlərinə toxunulduğunu deyib.

Prezident Əliyev isə Rusiya prezidentinin səfəri çərçivəsində çox gözəl nəticələrin əldə olunduğuna, imzalanan sənədlərin ikitərəfli münasibətlər üçün sağlam baza yaradacağına əmin olduğunu bildirib. “Bu münasibətlər təkcə bizim ölkələr üçün deyil, regionlar üçün də çox vacibdir. Moskva ilə münasibətlərin daim inkişafı Bakı üçün çox mühüm və dəyərlidir. Bu, strateji tərəfdaşlıq münasibətləridir”, - deyə Azərbaycanın dövlət başçısı qeyd edib.

Tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığa həsr olunmuş sammitinin keçirilməsi haqqında razılığa gəlib.

Prezident Əliyev Rusiyaya nəql olunan təbii resursların həcminin artırılacağına ümid edir. “Azərbaycan energetika sahəsində Rusiya ilə əməkdaşlığın uzunmüddətli, strateji və qarşılıqlı maraqlara cavab verdiyini düşünür”, - deyə o qeyd edib.
Prezidentlərin ümidverici bəyanatlarına baxmayaraq Rusiya prezidentinin səfəri Azərbaycanda birmənalı müsbət qarşılanmayıb. İqtidar partiyası səfərin strateji əməkdaşlığın inkişafında müsbət rolunu qeyd etsə də müstəqil ekspertlər və müxalifət tamamilə əks mövqedə durur.

Azərbaycanın Rusiyada keçmiş səfiri Hikmət Hacızadə hesab edir ki, Rusiyanın Cənubi Qafqazda strateji müttəfiqi Ermənistandır. “Rusiya prezidentinin Azərbaycana səfəri bir neçə gün öncə Ermənistanla imzaladığı hərbi əməkdaşlıqla bağlı müqaviləyə Azərbaycanın sərt reaksiyasına liberallıq gətirməkdir”.

İqtidarda olan “Yeni Azərbaycan” Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı Rusiya prezidentinin səfərini Azərbaycanın uğurlu və balanslaşdırılmış xarici siyasətinin nəticəsi kimi qiymətləndirir. “Səfər strateji əməkdaşlığa təkan verəcək”.

Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər isə əksinə, hesab edir ki, səfər Rusiya tərəfinin Qafqazda gücünü nümayiş məqsədi daşıyır. “Səfər iki dövlət arasında müəyyən məsələlərə aydınlıq gətirilməsinə də xidmət edəcək. Amma prinsipial məsələlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsində müsbət nəticələr olmayacaq”, - deyə o qeyd edib.

XS
SM
MD
LG