Accessibility links

Rusiya Krımdakı Ukrayna dəniz donanmasının gərargahına nəzarəti ələ keçirib


Rusiya Krımın Rusiyaya ilhaq edilməsinə dair Krım rəsmiləri ilə müqavilə imzaladıqdan bir gün sonra, Rusiyapərəst qüvvələr Sevastopol limanında Ukraynanın dəniz donanmasının baş gərargahına nəzarəti ələ keçiriblər.

Şahidlərin sözlərinə görə azı 200 silahlı şəxs bazaya daxil olaraq Rusiya bayrağını qaldırıb. Ukrayna əsgərləri müqavimət göstərmədiyindən, zorakılıq baş verməyib.

Minlərlə rus əsgəri ötən həftələrdə tədricən Krıma nəzarəti tam ələ alıb.

Rusların çoxluq təşkil etdikləri Krım bazar günü Ukraynadan ayrılaraq Rusiyaya birləşmək üçün keçirilən referendumda səs verib.

Rusiya prezidenti Vladimir Putinin bu addımı Birləşmiş Ştatlar və Avropa İttifaqını hiddətləndirib. Qərb ölkələri referendumu qanunsuz adlandırıb və cavab olaraq Rusiyaya sanksiyalar tətbiq edib.

Cənab Putin Rusiya parlamentində səsvermənin legitim olduğunu və Krımın daim Rusiyanın ayrılmaz hissəsi olduğunu deyib.
XS
SM
MD
LG