Accessibility links

Rusiya Malayziya təyyarəsinin qəzası ilə bağlı BMT qətnaməsinə veto qoyub


Rusiya BMT Təhlükəsizlik Şurasında bir il bundan əvvəl Ukrayna üzərində Malayziya hava yollarına məxsus təyyarənin vurulmasına görə məsuliyyət daşıyanların cəzalandırılması üçün beynəlxalq məhkəmənin yaradılmasını nəzərdə tutan qətnaməyə veto qoyub.

Malayziya, Niderland, Avstraliya, Ukrayna və Belçika beynəlxalq tribunalın yaradılmasına dəstək bildirib. Qətnamə Malayziya tərəfindən BMT-yə təqdim edilib. BMT Təhlükəsizlik Şurasında təmsil olunmuş beş ölkənin xarici işlər naziriləri çərşənbə günü iclas keçirir.

Bu gün bir qədər əvvəl Niderlandın Baş naziri Mark Rutte qətnaməyə veto qoyulmaması üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Cənab Ruttenin idarəsinin açıqladığı bəyanatda baş nazirin beynəlxalq tribunalın yaradılmasına Rusiyanın dəstəyini almaq üçün cənab Putinə Nyu-Yorkda səsvermədən öncə zəng etdiyi bildirilir.

Rəsmi Moskva Hollandiyanın başçılığı ilə təyyarə qəzası ilə bağlı beynəlxalq təhqiqatın başa çatmasını gözləmək istədiyini bildirib.

Hollandiya baş nazirinin ofisinin veb səhifəsində açıqlanmış bəyanatda cənab Ruttenin telefon söhbəti zamanı Rusiyanın narahatlıqlarını ünvanladığı deyilir.

Rusiya öz tərəfindən qətnamə layihəsi hazırlayıb. Burada qəzaya görə məsuliyyət daşıyanların cəzalandırılması nəzərdə tutulsa da, Malayziya hava yollarına məxsus MH17 təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq tribunalın yaradılmasına etiraz edilir.

298 sərnişinlə Amsterdamdan Kuala Lumpura səfər edən Malayziya təyyarəsi 2014-cü ildə iyulun 17-də Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıların nəzarətində olan bölgədə yer-hava tipli raketlə vurulmuşdu.

Ukrayna və Qərb təyyarənin Rusiya əsgərləri, ya da separatçılar tərəfindən vurulduğundan şübhələnir. Rusiya bunu dəfələrlə rədd edib.

Rusiya Kiyevin qəbul etmədiyi fərqli ssenario təqdim edərək, təyyarənin Ukraynanın döyüş təyyarəsindən atılan raketlə vurulduğunu irəli sürür.

XS
SM
MD
LG