Accessibility links

Risklər Putinin OPEC-lə razılaşmasını kölgə altına qoyur


Putin

Putin

Rusiya iqtisadiyyatında neftin rolu, Vladimir Putinin enerji siyasəti və dünya bazarında neft qiymətləri ətrafında siyasət günün ən aktual mövzularındandır. Bu barədə ABŞ səfirliyi Newsline səhfəsində maraqlı araşdırma dərc edib. Məqaləni təqdim edirik:

Nə tənəzzül, nə də ki, gəlirlərin həddindən çox azalması Rusiya prezidenti Vladimir Putini Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) qoşulmağa və qiymətlərin qalxması üçün neft hasilatını azaltmağa inandıra bilmədi. Onun bu məsələ ilə əlaqədar səbəbləri siyasi deyil daha çox dövlətin maraqları ilə bağlı ola bilər.

Rusiyanın enerji naziri Aleksandr Novak və onun Səudiyyə Ərəbistanından, Venesueladan və Qətərdən olan həmkarları çərşənbə axşamı görüşərək hasilatın yanvar ayında olan səviyyədə saxlanılması barədə ilkin razılığa gəliblər. Dünyanın ikinci ən böyük xam neft istehsalçısının qarşısında istehsalın faktiki azaldılması barədə hər hansı razılaşmanı qəbul etmək üçün çoxlu sayda maneələr dayanır, hətta əgər Putin bunun milli maraqlara cavab verdiyini qəbul etsə belə. Xam neft axınının azaldılması Rusiyanın neft yataqları və boru kəmərlərinə mənfi təsir edə, yeni, bahalı saxlama rezervuarlarının təmin olunmasını tələb edə və yaxud sadəcə həddindən çox vaxt apara bilər.

Çərşənbə axşamı əldə olunmuş razılaşmadan öncə Novak, digər istehsalçıların qoşulacağı təqdirdə hasilatın azaldılmasını nəzərdən keçirə biləcəyini bəyan etmişdi. Bununla belə, ölkənin ən böyük neft şirkəti olan “Rosneft” ASC-nin icraçı direktoru və Putinin yaxın tərəfdaşı olan İqor Seçin buna qarşı çıxmış və ötən həftə Londonda bəyan etmişdir ki, bu istiqamətdə əlaqələndirmə çox çətin olacaqdır, çünki heç bir böyük istehsalçının hasilatı azaltmaqda marağı yoxdur.

“OPEC-lə olan əlaqələrin tarixi göstərir ki, Rusiya şirkətləri istehsalın azaldılmasında o qədər də maraqlı deyil”, deyə Oksford İnstitutunda Enerji Araşdırmaları sahəsində çalışan neft və qaz üzrə analitik Ceyms Henderson telefon müsahibəsində qeyd edib.

“Burada müəyyən əməli çətinliklər vardır və şirkətlər kimsə başqa birisinin bu addımı atmasını və qiymətlərin qalxmasından isə özlərinin faydalanmasını istəyirlər”.

Dörd istehsalçı Dohada bağlı qapılar arxasında görüşdükdən sonra brent markalı xam neftin qiyməti 6.5 faiz artmışdır. Səudiyyə Ərəbistanının neft naziri Əli Al-Naimi hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasının “adekvat” olduğunu və dövlətin öz müştərilərinin tələbatını qarşılamaq niyyətində olduğunu bəyan etdikdən sonra qiymətlər yenidən düşüb. London vaxtı ilə saat 15.45-də neft fyuçersləri 2 faiz azalaraq neftin bir barelinin qiyməti 32.72 dollara düşüb.

Donmuş boru kəmərləri

Rusiyanın əsas neft istehsalı bölgəsi olan Sibirdə qış mövsümündə temperatur mənfi 40 dərəcə Selsiyə qədər düşür. Bu isə kranı bağlamaq barədə düşünən hər bir kəs üçün çətinlik yaradır.

“Quyulardan axan neft və qazın tərkibində həmişə su olur və nasos dayananda borular dona bilər”, deyə Rusiyanın neft sənayesində 10 ildən çox çalışmış Mixail Pşenitsin e-poçt vasitəsilə məlumat verib. Bu problem yay mövsümündə yaranmır, lakin hasilatın uzun müddətə azalması riski hələ də vardır, çünki rezervuarlar duz və çöküntü ilə çirklənir, deyə o qeyd edib.

Bağlı quyularda istehsalın həyata keçirilməsini tam şəkildə bərpa etmək mümkün deyil, deyə “İHS İnc.” konsaltinq firmasının Rusiya üzrə rəhbəri Maksim Neçayev telefon müsahibəsində qeyd edib.

Buna baxmayaraq Rusiya istehsalın sabit saxlanılmasında hər hansı çətinlik görmür, belə ki, ilin əvvəlindən tətbiq olunan yüksək vergilər ölkənin neft və qazçıxarma seqmentinə investisiya potensialını zəiflətmişdir, deyə baş nazirin müavini Arkadi Dvorkoviç çərşənbə axşamı qeyd edib.

“Bu öhdəliyi üzərimizə götürmək ümumiyyətlə bizim üçün çox da çətin deyil”, deyə Dvorkoviç Rusiyanın cənub şərqindəki Budyonovsk şəhərində jurnalistlərə müsahibəsində bildirib.

“Hazırda biz vergiləri qaldırmaq məcburiyyətindəyik və maliyyə nöqteyi-nəzərindən bu, istehsalın artmasına imkan verməyəcəkdir”, deyə o, qeyd edib və əlavə edib ki, digər neft istehsal edən ölkələrlə əldə ediləcək hər hansı razılaşmadan sonra Rusiya şirkətləri ilə əlavə müqavilənin imzalanmasına ehtiyac olmayacaqdır.

Rusiya istehsalı azaltmadan, qlobal bazarlara etdiyi ixracı sadəcə daha çox xam nefti uzun müddətə anbarlara yığmaqla da azalda bilərdi. Burada əsas çətinlik ölkənin müvafiq rezervuarlarının sayının az olmasıdır.

Rusiyada quruda neft saxlama anbarları, boru kəmərlərinə nəzarət edən “AK Transneft” Şirkətinə məxsusdur və neft ayırma müəssisələri və limanlara davamlı axını təmin etmək üçün bu anbarlar artıq tam dolmuşlar, deyə Moskvada fəaliyyət göstərən Enerji və Maliyyə İnstitutunun rəhbəri Vladimir Feyqin telefonla müsahibəsində bildirib.

Böyük anbarlar

İstehsalın böyük hissəsini uzun müddət ərzində saxlamaq üçün tələb olunan iri həcmli yeni rezervuarların inşasına milyardlarla dollar vəsait lazımdır və bunu qısa vaxt ərzində həyata keçirmək mümkün deyil, deyə o, qeyd edib.

Xam nefti sahildən kənarda yan almış gəmilərdə saxlamaq mümkün olsa da, Rusiyanın “üzən anbar rolunu oynayan yalnız yeddi tankeri – dördü hazır məhsullar üçün və üçü isə xam neft üçün – vardır”, deyə Londonda yerləşən “Drewry Maritime Advisors” Şirkətinin marketinq meneceri Antoniya Mitsna e-poçt ilə məlumat verib.

“Drewry Maritime Advisors” Şirkətinin məlumatına əsasən bu anbarların ümumi tutumu 643,000 metr ton təşkil edir və yaxud bu, dövlətin ötən il ərzində həyata keçirdiyi istehsalın təxminən 0.1 faizinə bərabərdir.

Böyük həcmdə neftin saxlanılması üçün xarici gəmilərin icarəyə götürülməsi isə baha başa gəlir. Qısa-müddətli tankerlərdə yük tarifləri qalxmışdır və gəmilərin sayı isə məhduddur, deyə Mitsna bildirib.

Vergilərin artırılması

Rusiya hökuməti dövlət büdcəsinin 40 faizindən çoxunu təşkil edən enerji sənayesindən gələn gəlirlərin artırılması məqsədilə yollar axtarır. Yerli xəbər agentliyi “RİA Novosti”-nin məlumatına əsasən maliyyə naziri Anton Siluanov neft istehsalında vergidən azad olunan qiymət həddinin bir barel üçün 15 dollardan 7.5 dollara azaldılmasını təklif etmişdir.

“Aton” investisiya bankının neft və qaz üzrə analitiki Aleksandr Kornilovun apardığı hesablamalara görə bu addım neftin qiymətinin orta hesabla 30 dollar olacağı halda 1.08 trilyon rubl (13 milyard dollar) əlavə gəlir gətirə bilər. Bu isə öz növbəsində dövlət xəzinədarlığının doldurulmasına kömək edə və şirkətləri yüksək əməliyyat xərcləri tələb edən köhnə quyularda hasilatı məhdudlaşdırmağa həvəsləndirə bilər. 2015-i ildə Rusiyanın ümumi daxili məhsul istehsalı üzrə büdcə kəsiri 2.6 faiz təşkil etmişdir və bu, son beş ildə ən yüksək göstəricidir.

Venesuelanın axtardığı “fövqəladə” cavab tədbirləri ilə müqayisədə vergi rejiminin dəyişdirilməsi daha ləng baş verən bir prosesdir. “Adətən bu cür böyük vergi dəyişiklikləri növbəti ilin yanvar ayından etibarən qüvvəyə minir”, əgər onlar oktyabr ayında təqdim olunan büdcə layihəsinə daxil edilirsə, deyə Moskvada yerləşən “Goltsblat BLP” hüquq firmasının vergi üzrə direktor köməkçisi Sergey Likaçev telefonla müsahibəsində bildirib.

XS
SM
MD
LG