Accessibility links

Ukraynadakı münaqişə Rusiyanın "Qələbə günü"-nü kölgə altına salır [Video]


Ukraynadakı münaqişə Rusiyanın "Qələbə günü"-nü kölgə altına salır
please wait

No media source currently available

0:00 0:03:54 0:00

Mayın 9-da Rusiya İkinci Dünya müharibəsinin bitməsinin 70-ci ildönümü qeyd edəcək.

Rusiya sovet dövründən bəri “Böyük Vətən Müharibəsi” kimi tanınan İkinci Dünya Müharibəsinin bitməsinin 70-ci ildönümünü qeyd etməyə hazırlaşır. Mayın 9-da böyük parad keçiriləcək. Orada hərbi avadanlıqlar nümayiş etdiriləcək. Veteranlara və ya qohumlarına medallar paylanacaq. Lakin tənqidçilər deyir ki, sovet üslubunda güc və millətçiliyin nümayişi müharibə zamanı və sonrası alınan faciəvi yaraların üzərinə kölgə salır. Bu yaralar hələ də Rusiyanın xarici siyasətində büruzə verir. Bunun ən böyük nümunəsi isə hazırkı Ukrayna böhranıdır.

Biz qələbə çalmasaydıq, Avropanın xəritəsi fərqli olacaqdı

İkinci Dünya Müharibəsi veteranı İqor Sokolov yeniyetmə vaxtlartında partlamamış bombaları təmizləməyə yardım edirdi. O, qürurla bildirir ki, Rusiya Nasist Almaniyasının məğlub olmasında böyük rol oynayıb.

“Biz qələbə çalmasaydıq, Avropanın xəritəsi fərqli olacaqdı.”

Kremlin tənqidçiləri isə Ukraynanın Krım yarımadasını ilhaq etməklə və ölkənin şərqindəki separatçılara dəstək verməklə artıq xəritəni Rusiyanın dəyişdiyini deyirlər.

Moskva Kiyevin yeni hökümətini anti-rus “faşist” və “nasist” adlandırmaqla Ukraynadakı təcavüzünə haqq qazandırır, çünki bu kəlmələr Rusiyanın bir çox veteranları üçün emosional əhəmiyyət daşıyır. Onlardan biri Aleksandr Podobeddir.

“Mən ukraynalıların hamısını nasist və ya faşist hesab etmirəm, amma onların əksəriyyəti bu kateqoriyalara aid insanlardır.”

Qələbə gününün 70-ci ildönümünün şərəfinə Rusiya ən böyük hərbi paradını təşkil edir. Paradda hərbi avadanlıqlar, yeni tanklar, ağır silahlar nümayiş olunacaq və 15 min qoşun iştirak edəcək.

Qərb liderləri paradda iştirak etməkdən imtina ediblər, deyə tarixçi Andrey Zubov bildirir.

“Rusiya höküməti artıq bir ildir Ukraynaya təcavüz edir. O, Krımı ilhaq edib, Donbasda müharibəni davam etdirir, digər şəhərlərdə isə təxribatçı fəaliyyətlər və terror aktları təşkil edir. Ona görə də, Qərb liderləri üçün Rusiyaya gəlib aqressorla birgə 70 il bundan öncə digər aqressor üzərindəki zəfəri qeyd etmək mənəvi cəhətdən səhv hesab olunur.”

Prezident Vladimir Putinin idarə etdiyi Rusiya 2008-ci ildə gücünü sərgiləmək üçün sovet üslublu paradları bərpa edib.

Rusiya höküməti artıq bir ildir Ukraynaya təcavüz edir. O, Krımı ilhaq edib, Donbasda müharibəni davam etdirir, digər şəhərlərdə isə təxribatçı fəaliyyətlər və terror aktları təşkil edir.

İkinci Dünya Müharibəsi zamanı 28 milyon Sovet vətəndaşı həlak olub. Amma Zubov ölümlərin əksəriyyətinin Sovet İttifaqının öz səhvi ucbatından baş verdiyini deyir.

“Bu ölümlərin əksəriyyəti hədər olub. Bunun səbəbi Stalinin və kommunistlərin təşkil etdikləri bərbad müdafiə sistemi olub.”

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş professoru olan Zubov işdən çıxarılıb. Buna səbəb isə onun ötən il Rusiyanın Krımı ilhaqını Nasistlərin Avstriyanı ilhaq etməsi ilə müqayisə etməsi olub.

O deyir ki, Rusiya liderləri özlərini Sovet İttifaqının davamçıları kimi görürlər.

“1945-ci ildən sonra, Rusiyada bəzi insanlara qarşı cinayətlər, qətllər və repressiyalar davam etdi. Düşünürəm ki, biz bu qələbənin müzəffər şəkildə qeyd etməyi dayandırmalıyıq. Bu qələbə ikitərəflidir və digər ölkələr, hətta Almaniya ilə müqayisədə Rusiyaya daha az müsbət təsir göstərib.

XS
SM
MD
LG