Accessibility links

Rusiyada keçirilən Asiya-Sakit okeanı hövzəsi ölkələrinin sammitində iştirak edən ABŞ dövlət katibi Hillari Klintonun Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla Suriya ilə bağlı görüşü zamanı nailiyyət əldə edilməyib.

Xanım Klinton bildirib ki, fikir ayrılıqları aradan qaldırılmasa, o, Suriya müxalifətini dəstəkləyən ölkələrlə iş birliyinə başlayacaq.

Rusiya və Çin Qərb və ərəb ölkələrinin dəstəklədiyi BMT-nin Təhlükəsizlik Şurasının Suriya hökumətinə qarşı sanksiyalar tətbiq edilməsi cəhdlərinin dəfələrlə qarşısını alıb.

Bu arada, Ərəb Liqası və BMT-nin Suriya üzrə nümayəndəsi Laxdar Brahimi bu gün Qahirəyə səfər edib. Daha sonra o, Dəməşqə yola düşəcək.

Suriya fəallarının bildirdiyinə görə, Hələb şəhərində yaşayış məntəqələri hücuma məruz qalıb. Nəticədə onlarla insan həlak olub. Məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilmədiyi üçün ölənlərin sayını dəqiqləşdirmək mümküm olmayıb.

Hücum Suriyada hökumət qüvvələri və üsyançılar arasında şiddətli döyüşlər zamanı əsas su borusunun zədələnməsinə görə ölkənin ticarət mərkəzi olan Hələb şəhərində suyun kəsilməsindən bir gün sonra həyata keçirilir.

Müxalifət fəallarının bildirdiyinə görə, su kəməri Suriya qüvvələrinin üsyançıların mövqelərinə atəşə tutması nəticəsində zədələnib. Suriya rəsmiləri isə üsyançıları təxribat törətməkdə ittiham edib.
XS
SM
MD
LG