Accessibility links

Türkiyə və Rusiya arasında əlaqələr gərginləşir [Təhlil]


Bəzi fərziyyələrə görə, Rusiya prezidenti Vladimir Putinin ermənilərin iddia etdiyi soyqırımı dəstəkləməsi, Ankaranın isə Moskvada İkinci Dünya Müharibəsinin 70 illiyi münasibətilə təntənəli mərasiminə dəvəti rədd etməsi münasibətlərin pisləşdiyinə dəlalət edir.

Cənab Putinin keçən ay Yerevanın iddia etdiyi Osmanlı imperyasının azlıqda olan ermənilərə qarşı törətdiyi soyqırımı dəstəkləyən açıqlamaları Ankaranı diplomatik müharibəyə sövq edib. Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan bəzi Qərb liderlərinə qoşularaq Rusiyanın İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümü ilə əlaqədar keçirdiyi tədbirə qatılmaqdan imtina edib.

“Soyqırım haqda başqa ölkənin bizə dərs keçməsinə ehtiyac yoxdur”-deyə Türkiyə prezidenti bildirib.

Semih İdiz Taraf qəzeti və Al Monitor veb saytının köşə yazarıdır. O deyir ki, ikitərəfli əlaqələr ciddi şəkildə pozulub.

“Yaxın vaxta qədər iki ölkə arasında nümunəvi əlaqələr qeydə alınmışdı. Ancaq hazırda bu əlaqələr sankı daşla başından vurulub. Buna bariz misal cənab Ərdoğanın 9 may Qələbə bayramına getməkdən imtina etməsidir. Əvvəllər Ərdoğan və Putin səmimi dost kimi görünürdüsə, düşünürəm ki, hazırda bu əlaqələr çat verib”-deyə Semih İdiz bildirir.

Dekabr ayında rəsmi Ankara cənab Putini dövlət səviyyəsində qəbul etdi və Rusiya prezidenti Türkiyəni strateji tərəfdaş adlandırdı. Həmin ziyarət əsnasında cənab Putin Bolqarıstandan keçərək Avropaya təbii qaz kəmərinin inşasının ləğv edildiyini elan etdi və Türkiyə üzərindən yeni kəmər xətti inşa ediləcəyini açıqladı.

Volkan Özdəmir Ankarada yerləşən Enerji Bazarı və Siyasəti institutunda analitikdir. O deyir ki, belə bir lahiyə və ticarətin genişləməsi iki ölkə arasında gərginliyin artmasının qarşısını alacaq.

“Mən siyasi gərginlik və təbii qaz kəmər lahiyəsi arasında heç bir əlaqə görmürəm. Türkiyə və Rusiya arasındakı əlaqələr strateji ittifaqdansa, qarşılıqlı iqtisadi maraqlara əsaslanır. Rusiya Türkiyəyə idxal olunan mallar üçün ilk tərəfdaş ölkədir, eyni zamanda, Rusiya Türkiyə malları üçün də böyük bazar rolunu oynayır”- deyə Özdəmir bildirir.

Keçən həftə Rusiya enerji nəhəngi Qazprom Türkiyənin özəl şirkətlərilə qaz təchizatına dair yeni müqavilənin bağlandığını elan edib. Türkiyənin Enerji naziri Taner Yıldız və Qazpromun rəhbəri Aleksey Miller keçən həftə 2016-cı ilin dekabrında yeni qaz kəməri xətti ilə qazın nəql edilməsini təsdiq edən müqavilə imzalayıb.

Təhlilçilər deyir ki, bu kimi müqavilələr Ankaranın Moskvanı Ukraynada yürütdüyü siyasətə görə iqtisadi cəhtdən zəiflətmək istəyən Qərb müttəfiqləri tərəfindən təəssüflə qarşılanacaq.

Ankara müttəfiqlərin Moskvaya qarşı təklif etdiyi sanksiyaları rədd edərək, Ukrayna münaqişəsilə bağlı tənqidlərə səssiz qalmağa üstünlük verir.

Kadir Has universitetində beynəlxalq əlaqələr üzrə ekspert Soli Özəl bildirib ki, Ankaranın Moskva ilə əlaqələri balansızlaşdırılmış müstəvidə irəliləyir.

O, Ankaranın Vatikan və Luksemburqun Ermənistanın iddia etdiyi soyqırımı tanıdığına görə səfirini geri çağırdığını, ancaq Moskvadakı səfirini geri çağırmadığını qeyd edir.

Köşə yazarı Semih İdizin fikrincə, Ankara getdikcə özünü təcrid olunmuş hiss edərək, müttəfiqlərini qoruyub saxlamaqda çətinlik çəkəcək.

Türkiyə prezidentinin baş müşavirlərindən biri ölkənin xarici siyasətini “düşünülmüş təcrid” kimi təsvir edib. Ancaq təhlilçilər deyir ki, belə siyasət Rusiya kimi ölkələrə gəldikdə məhdud xarakter daşıyır və prezident Putinin bundan çox yaxşı xəbərdardır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG