Accessibility links

Rusiya və Şimali Qafqaz: Jamestown Fondunda forum

  • Əsgər Möhsümoğlu

Rusiya və Şimali Qafqaz: Jamestown Fondunda forum

Rusiya və Şimali Qafqaz: Jamestown Fondunda forum

Pavel Bayevin sözlərinə görə Şimali Qafqazda sabitsizliyin başlıca mənbəyi islam ektremizmi və yaxud millətçilik deyil, korrupsiyadır.

Mayın 11-də Washington-da qərargahlanan Jamestown Fondunda “Şimali Qafqazın Yeni Geosiyasəti: Yeni və Köhnə Oyunçular” başlığı altında forum keçirilib. Qafqaz üzrə tanınmış ekspertlərin iştirakı ilə keçirilən tədbirdə Rusiyanın Şimali Qafqazda üzləşdiyi çətinliklər, siyasi sabitsizlik və separatizm meylləri müzakirə olunub. Natiqlər son illərdə regionda cərəyan edən siyasi inkişaflara və gələcək perpsektivlərə nəzər salıblar.

Osloda qərargahlanan Sülh Araşdırmaları İnstitutunun professoru Pavel Bayev Rusiya rəhbərliyinin bu yaxınlaradək ərəb dünyasında baş verən inqilablardan dərin təşviş hissi keçirdiyini bildirdi. Onun sözlərinə görə regionda baş alıb gedən korrupsiyanı nəzərə alanda bu təşvişə ciddi əsas olduğu aydın sezilir. Bayevin sözlərinə görə Şimali Qafqazda sabitsizliyin başlıca mənbəyi islam ektremizmi və yaxud millətçilik deyil, korrupsiyadır. “Korrupsiya bütün Rusiyaya şamil edilə biləcək ümumi fenomendir. Şimali Qafqazda isə korrupsiya o qədər qrotesk forma alıb, yerli hakimiyyət orqanları korrupsiyaya o dərəcədə bulaşıblar ki, bu, regionda sabitsizliyin başlıca amilinə çevrilib,” deyə Bayev bildirdi. Kremlin Qafqaz respublikalarında təyin etdiyi rəhbərlər bu vialyətləri feodal qaydada, istədikləri kimi idarə edir və xalqın böyük kəsimini hökumətdən narazı salırlar. Bayevin fikrincə ərəb dünyasında baş verən proseslər göstərdi ki, inqilaba əsas rəvac verən faktor korrupsiyadır. Narazılığın qarşısını almağa çalışan Kreml rus əhalisinin istəklərinə zidd olaraq Şimali Qafqaza daha çox maliyyə vəsaiti ayırır. Lakin həmin korrupsiya üzündən bu vəsait nəzərdə tutulan hədəfə xidmət etmir.

Türkiyədə Kadir Has Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Midhət Çelikpala çıxışının böyük hissəsini 2009-cu ildə Abxaziya lideri Sergey Baqapşın Türkiyəyə səfərinə həsr etdi. Onun sözlərinə görə qeyri-rəsmi formatda keçirilən bu səfər Türkiyənin Qafqazda öz nüfuzunu artırmaq və regional fiqura çevrilmək məramına dəlalət edirdi. Çelikpala rəsmi Ankaranın bu məsələdə Tbilisi ilə ehtiyatla davrandığını xüsusi olaraq vurğuladı. Belə ki, əvvəla Türkiyə Gürcüstana müttəfiq olan NATO-nun üzvüdür və bundan əlavə, Azərbaycana yaxın dövlət kimi Türkiyə Qafqazda separatçı meylləri dəstəkləmir. “Bu yeni xarici siyasət xətti Türkiyənin Qərblə münasibətlərini əvəzləmək məramında deyil. Qafqaz kimi strateji regionlarda öz mövqeyini gücləndirməklə Türkiyə regional qüdrət statusu qazanmağa səy göstərir,” deyə ekspert bildirdi. Xarici işlər naziri Əhməd Davuoğluna istinad edən Çelikpala Türkiyənin Avrasiyada, Şərqdə mövcudluğunu genişləndirməklə əslində Avropa dövlətləri arasında nüfuz qazanmağa çalışdığını vurğuladı.

Avrasiya regionu üzrə tanınmış ekspert Paul Goble öz çıxışında çərkəzlərin 19-cu əsrin ikinci yarısında ruslar tərəfindən kütləvi qırğına məruz qalması haqda danışdı. Onun sözlərinə görə vətənlərindən kənarda yaşayan çərkəz diasporu çalışmalıdır ki, 1864-cü ildə baş vermiş qırğın sənədləşdirilsin və dünya ictimaiyyətinin diqqətinə çatdırılsın. Lakin o, bu kampaniyanın soyqırım başlığı altında həyata keçirilməsini məqsədəuyğun saymadı. “Məgər kütləvi qırğın genosiddən pisdir? Zənnimcə, biz kütləvi qırğınlara diqqət yetirməliyik, çünki belə hadisələr çox olub.” Cənab Goble-un sözlərinə görə məsələni kütləvi qırğın kimi diqqətə yetirmək, 1947-ci BMT Konvensiyasında verilmiş soyqırımın tərifinə uyğunlaşdırmaqdan daha effektiv və asan olardı. Paul Goble onu da vurğuladı ki, Rusiya 2008-ci ildə Gürcüstana hərbi müdaxilə etməklə böyük səhvə yol verib. Belə ki, o vaxtadək Şimali Qafqazla Cənubi Qafqaz bölgələri arasında aydın demarkasiya xətti mövcud idi. Bu xətti adlamaqla Kreml regionda Rusiya idarəçiliyinə qarşı hərəkata oyanış gətirdi.

XS
SM
MD
LG