Accessibility links

Bakıda Rusiya təhlükəsi mövzusunda dinləmələr keçirilib


Rusiya tankları
Rusiya tankları

Müzakirələrdə ekspertlər və siyasətçilər iştirak edib. Müxalifət Rusiya təhlükəsinin neytrallaşdırılması üçün təkliflər irəli sürüb

Aprelin 28-də Müsavat Partiyasının qərargahında müstəqil ekspertlərin və müxalifət fəallarının iştirakı ilə “Rusiya təhlükəsi və Azərbaycan” mövzusunda ictimai müzakirələr keçirilib.

Bir neçə gün öncə bu mövzu bir qrup ekspert və siyasətçi tərəfindən qapalı müzakirə olunmuşdu və Rusiyanın Ukraynaya təcavüzü fonunda xarici təhlükələr məsələsinin geniş müzakirəyə çıxarılması qərara alınmışdı.

“1920-ci ilin bu günündə Qırmızı Ordu Azərbaycanı işğal edərək, demokratik inkişafa son qoymub, bu gün həmin təhlükə yenə gündəlikdədir”, deyə Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

“Ukraynadakı böhran və orada baş verən dramatik hadisələr dinc idarə üsulunun yenidən təşkilinin nəticəsidir, bu proses tezliklə başa çatmayacaq”, politoloq Eldar Namazov belə hesab edir. O qeyd edib ki, Azərbaycan təhlükəli vəziyyətdədir, sabitlik və ərazi bütövlüyü uğrunda mübarizə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə səylərin birləşdirilməsini tələb edir.

Turan informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Ukrayna böhranı Rusiyada iqtisadi böhranın sürətlə inkişafı ilə şərtlənib. Prezident Putin daxili narazılığı xarici milli-vətənpərvərlik çıxışları ilə neytrallaşdırmaq məcburiyyətindədir. “Təhlükə ondan ibarətdir ki, Rusiya iqtisadiyyatı zəifləməyə davam etsə, Putin daxili səfərbərlik üçün qonşularına, o cümlədən Azərbaycana qarşı təcavüzə əl atmalı olacaq”.

Demək olar ki, bütün ekspertlər Azərbaycan üçün Rusiya təhlükəsinin real olması və həm xarici siyasətdə uğursuzluqlar, həm də cəmiyyətdə daxili ziddiyyətlər, demokratik institutların və milli konsensusun olmaması ilə şərtlənməsi fikrində həmrəy olub.

Politoloq Zəfər Quliyev ictimai narazılıq fonunda sosial şəbəkələrdə solçu əhval-ruhiyyənin artdığını qeyd edib.

Xalq Partiyasının sədri Pənah Hüseyn hesab edir ki, Rusiya Ukraynın Avropa İttifaqına qoşulmasına qarşıdır və Moskvanın Qərbin təzyiqi ilə dayanacağı ehtimalı çox kiçikdir. Onun fikrincə, Azərbaycana qarşı təcavüz və ölkənin qeyri-stabil əyaləyə çevrilməsi təhlükəsi realdır.

Müsavat Partiyasının sədr müavini Arif Hacılı başqa nöqteyi-nəzərdən baxır. O hesab edir ki, Qərbin Rusiya ilə münasibətlərinin soyuması postsovet ölkələrində demokratikləşmə prosesinin sürətlənməsi üçün real zəminlər yaradacaq.

İki saatlıq müzakirələrin sonunda İsa Qəmbər qeyd edib ki, yalnız milli səviyyədə müqavimət təcavüzün qarşısını almağa qadirdir. Krımın işğalından sonra Ukrayna cəmiyyətinin birləşməsi və hökumətin daha qətiyyətli addımları rus qoşunlarının daha da irəliləməsinin qarşısını alıb. Bu vəziyyətdə Azərbaycanın zəifliyi daxili repressiyalarda, korrupsiyada, Avropaya inteqrasiyanın ləngiməsindədir.

Debat iştirakçıları azərbaycan xalqına müraciət qəbul edərək, bütün cəmiyyəti birləşməyə və hakimiyyəti ictimai fəallara qarşı repressiyalardan əl çəkməyə çağırıblar. Toplaşanlar həmçinin Rusiya və Ukraynanın tatar cəmiyyətlərinin Krım tatarlarının lideri Mustafa Cəmilovu Nobel mükafatına namizəd irəli sürmək təşəbbüsünü dəstəkləyiblər.

Müraciətdə deyilir:

1.Yaranmış situsiyada istər hakimiyyət, istərsə də qeyri dövlət dairələrindəki 5-ci kolon və təslimçi, kollaborasionist fəaliyyət subyektlərinə və əhval- ruhiyyəyə hal və daşıyıcılarına qarşı açıq və prinsipial ideoloji, psixoloji, informasiyon, hüquqi savaş aparılmalıdır. Ölkədə rusiya vətəndaş pasportları paylamaq şəklində təxribatçı əməliyyatların aparılması haqqında informasiyalara ciddi yanaşılmalı və potensial təhlükənin neytrallaşdırılması üçün zəruri tədbirlər görülməlidir.

2. Milli konsiolidasiya milli barışıq və daxili siyasi qarşıdurmaların mümkün olan bütün sahələrdə yumşaldılmasını tələb edir. Bunun üçün böyük siyasi amnistiyanın elan edilməsi, bütün siyasi dustaqların dərhal azad edilməsi məsələsi həll edilməlidir.

3. Mövcud xarici təhlükəyə və daxili xəyanət meyllərinə qarşı ümumxalq müqavimətinin təşkili məqsədi ilə ilk addımlardan biri olaraq siyasi mənsubiyyət, meyl və simpatiyalardan asılı olmayaraq Rusiya təhlükəsi reallığını qəbul edən qüvvələrin konsolidasiya platforması (Milli Böhran Masası, Ümummilli müqavimət hərəkatı və s. formalarda) yaradılmalıdır.

4. Mövcud hakimiyyət öz legitimlik və ictimai etimad dərəcəsini yüksəltmək niyyətindədirsə, bu məqsədlə köklü demokratik dəyişiliklər edilməli, ilk növbədə azad ədalətli seçkilər həyata keçirilməsi şəraiti yaradılmalıdır. Vaxtı ilə İctimai Palatada hazırlanmış Demokratiyaya keçidin Yol Xəritəsi yeni şərtlərə görə nəzərdən keçirilməklə islahatlar proqramının hazılanması üçün baza sənədi kimi əsas götürülə bilər.

5. Qeosiyasi orientirlər konkretləşməli və müəyyənləşməli, Azərbaycanın avroatlantik inteqrasiyası istiqamətində konkret addımlar atılmalı, beynəlxalq aləmdə rus ekspansionizminə qarşı çıxan qüvvələrlə, dövlət və qeyri dövlət subyektləri ilə təmaslar və əlaqələr intensivləşdirilməli, Rusiya təcavüzünün obyekti olan GUAM (Ukrayna, Gürcüstan, Moldova) və digər ölkə və xalqlarla həmrəylik gücləndirilməlidir.

6. Türk dünyası ilə əlaqələrin güclənməsinə diqqət artırılmalıdır. Azərbaycan Türkiyə ilə xarici təcavüzə qarşı qarşılıqlı hərbi yardım haqqında müqavilə məsələsi gündəmə gətirilməlidir.

7. Azərbaycan hakimiyyətindən tələb edilməlidir ki, xalqlar arasında sülhün qorunması və təcavüzlərin önlənməsi üçün beynəlxalq təhlükəsizlik sistemi və beynəlxalq hüququn təkmilləşdirilməsi istiqamətində səyləri daha qətiyyətlə müdafiə etsin, o cümlədən BMT – Təhlükəsizlik Şurasında veto hüququnun, ATƏT-də konsensus qaydasının ləğv edilib qərarların səs çoxluğu qaydası ilə əvəzlənməsi təşəbbüslərini irəli sürüb dəstəkləsin”.
XS
SM
MD
LG