Accessibility links


Rusiya prezidenti Vladimir Putin Dağıstan respublikasının liderini vəzifəsindən azad edib. Kremlin açıqladığı bəyanatda cənab Putinin Maqomedsalam Maqomedovu Rusiya prezident aparatının rəhbərinin müavini vəzifəsinə təyin etdiyi bildirilir. Dəyişikliyin səbəbi izah edilməyib.

Rusiya prezidentinin sərəncamı ilə iqtidarda olan “Vahid Rusiya” partiyasının Dövlət Dumasında deputatı Ramazan Abdulatipov Dağıstan respublikasının rəhbərinin səlahiyyətlərini icra edəcək.

Rusiya mətbuatının verdiyi məlumata əsasən, 48 yaşlı Maqomedsalam Maqomedov Dağıstan respublikasının rəhbəri vəzifəsini 2010-cu ildə tutmuşdu.

Müşahidəçilər yerdəyişmələrin Dövlət Dumasında qanunvericilikdə Rusiya Federasiyasının bəzi regionlarının rəhbərlərinin birbaşa seçilməsini ləğv edən dəyişiklik müzakirə edilən vaxta təsadüf etməsinə diqqət çəkir. Onların fikrincə, federal qanunda dəyişiklik ilk növbədə çoxmillətli Dağıstana şamil ediləcək.

Dağıstan Rusiyanın Şimali Qafqaz regionunda ən qeyri-sabit bölgələrdən biri hesab edilir. Partlayışlar və atışmalar, hüquq-mühafizə orqanlarının işçilərinin qətlə yetirilməsi respublikada adi hal alıb. Rəsmi Moskva son 20 ildir Dağıstanda və qonşu Çeçenistanda islamçı separatçılara qarşı mübarizə aparır.
XS
SM
MD
LG