Accessibility links

Kaliforniya ştatının qubernatoru Arnold Şvarsenegger Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb

  • Amerikanın səsi

Kaliforniya ştatının qubernatoru Arnold Şvarsenegger Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb

Kaliforniya ştatının qubernatoru Arnold Şvarsenegger Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb

Arnold Şvarsenegger Microsoft, Oracle və Google şirkətlərinin biznes nümayəndələrindən ibarət heyətin başçısı kimi Rusiyaya səfər edir

Rusiya prezidenti Dmitri Medvedev və Kaliforniya ştatının qubernatoru Arnold Şvarsenegger Moskva ətrafında prezident iqamətgahında görüşüblər. Prezident Medvedev Moskvanın veteran meri Yuri Lujkovun işdən çıxarılmasına işarə edərək, zarafatla deyib ki, Kaliforniya qubernatorunun səfəri paytaxtda merin olmadığı vaxta təsadüf edir.

“Siz buraya merin olmadığı vaxt səfər etmisiniz. Rusiya vətəndaşı olsaydınız, biz sizə burada yer təklif edərdik.” –deyə o bildirib.

Prezident Medvedev deyib ki, o, Arnold Şvarseneggerlə Rusiya-Amerika münasibətləri, habelə Moskva və Kaliforniya arasında əlaqələri müzakirə edəcək.

Rusiya prezidentinin iyul ayında Kaliforniyanın texnologiya şirkətlərinin yerləşdiyi məşhur Silikon vadisinə səfərindən sonra Arnold Şvarsenegger indi Microsoft, Oracle və Google şirkətlərinin biznes nümayəndələrindən ibarət heyətin başçısı kimi Rusiyaya gəlib.

Prezident Medvedevlə görüşündən öncə o, Rusiyada Amerika Ticarət Palatasında keçirilən tədbirə qatılıb.

Kaliforniya qubernatoru deyib ki, o, nümayəndə heyətinin üzvlərinin Rusiya bazarında kvalifikasiyaya malik tərəfdaşlar tapacağına ümid bəsləyir.

“Mən ona demişdim ki, mən qayıdacam. İndi Skolkovoya gedirik və orada universiteti ziyarət edəcəyik. Kaliforniyalı biznes liderləri burada Rusiyada, Moskvada həmkarları ilə görüşəcək.”

Arnold Şvarsenegger prezident Medvedevə deyib ki, Rusiyada texnoloji inkişaf və bilikli insanların kaliforniyalılarla birlikdə işləyərək, bu sahədə böyük inkişafa nail olacaqlarına inanır.

Görüşdən sonra Rusiya prezidenti və Kaliforniya qubernatoru sovet dövrününü məşhur “Çayka” avtomobilində Skolkovo mərkəzinə gediblər. Prezident Medvedev sükan arxasında olub.

Moskvadan sonra Arnold Şvarseneggerin başçılıq etdiyi nümayəndə heyəti Tatarstanın paytaxtı Qazan şəhərinə səfər edəcək.

XS
SM
MD
LG