Accessibility links

Prezident Medvedev baş nazir Putindən müstəqil siyasət yeridə bilərmi?

  • Bulut Mehmandarli

Prezident Medvedev baş nazir Putindən müstəqil siyasət yeridə bilərmi?

Prezident Medvedev baş nazir Putindən müstəqil siyasət yeridə bilərmi?

Politoloq yazır ki, Putin ölkənin konstitusiyasını pozaraq vəzifə müddəti başa çatandan sonra prezident olaraq qalmaq əvəzinə məharətlə həyata keçirilmiş siyasi manevrlərlə öz yetirməsi olan Medvedevi davamçısı olaraq seçdi və özü də baş nazir vəzifəsinə yiyələndi.

Vaşinqtonda yerləşən Xarici Əlaqələr Şurasının vitse prezidenti İlan Berman bu yaxınlarda Washington Times qəzetində dərc edilən məqaləsində Rusiyada prezident Dmitri Medvedevlə baş nazir Vladimir Putinin ölkənin güc strukturundakı rollarını və Qərbdə Medvedevin demokratik və mütərəqqi imicini şərh edib.

Ekspert məqaləsində Rusiya prezidentinin mötədil xətt yürütdüyü və köhnə qvardiyanı təmsil edən baş nazir Vladimir Putindən müstəqil hərəkət edərək xarici və daxili siyasətdə daha mütərəqqi addımlar atdığı barədə Vaşinqton və Avropa paytaxtlarında yaranmış təsəvvürün həqiqəti əks etdirmədiyini yazır. Politoloq yazır ki, Putin ölkənin konstitusiyasını pozaraq vəzifə müddəti başa çatandan sonra prezident vəzifəsində qalmaq əvəzinə məharətlə həyata keçirilmiş siyasi manevrlərlə öz yetirməsi Medvedevi davamçısı olaraq seçdi və özü də baş nazir vəzifəsinə yiyələndi.

Expert Amerikanın səsinə verdiyi müsahibədə bildirib ki, indi prezident Medvedev ilə baş nazir Putin arasındakı mürəkkəb hakimiyyət bölgüsünü Qərbdəki bəzi müşahidəçilər Rusiya üslublu “tandemokratiya” adlandırırlar: “Bu, bir çox amerikalı şərhçi tərəfindən Rusiyanın baş naziri Vladimir Putinlə prezident Medvedev arasındakı qüvvələr tarazılığına verilən addır. Bu quruluşda Putinin səlahiyyətləri xeyli artıqdır.”

İlan Berman müsahibəsində həmin hakimiyyət bölgüsü əsasında Putinin qeyri-rəsmi olaraq dövlət üzərində hakimiyyət sahibi olduğunu, güc nazirlikləri, oliqarxlar və hakim elita daxilindəki başqa güc strukturlarına nəzarət etdiyini söyləyib. O, deyib ki, baş nazir Putin bu “tandemokratiya” quruluşunda qeyri- rəsmi dövləti təmsil edir: “Prezident Medvedev isə rəsmi dövlətin başçısı, simvolu funksiyasını, tam olmasa da bir çox sahələrdə Rusiyanı xaricdə təmsil edən lider vəzifəsini yerinə yetirir.”

Amerikalı alim deyir ki, Rusiyanın xarici siyasəti Rusiyadakı güc strukturunun əsl vəziyyətini, Putinlə Medvedev arasındakı fərqin zahirdə göründüyü qədər böyük olmadığını yaxşı nümayiş etdirir. Belə ki, onlar fərqli bəyanatlar versələr də siyasət eynidir: “Xarici siyasət məsələsinə gəldikdə, istər Qafqaz istərsə də Orta Asiyada prezident aparatı ilə baş nazirin ofisi belə görünür ki, eyni mövqeydən çıxış edirlər. Rusiya “Yaxın xariclə” əlaqədar daha aqressiv və daha inadkar siyasət yürüdür. Medvedevlə Putinin bəyanatları fərqli olsa da həqiqət belədir.”

Ekspert Washington Times qəzetində dərc edilən məqaləsində yazır ki, Medvedevin Putindən fərqli olaraq daha mütərəqqi və fəal bir lider təsəvvürü yaratmasına şübhə yoxdur. O çıxışlarında və bəyanatlarında Rusiyadakı korrupsiya mədəniyyəti, ölkənin hüquq sistemindəki nöqsanlar haqqında olduqca səmimi şəkildə problemlərin mövcudluğunu qəbul edir. Prezident Medvedev əsaslı iqtisadi islahatların həyata keçirilməsinə çağırmış, Rusiya ordusunda islahatlar və yenidənqurma sahəsində əhatəli səylərə rəhbərlik etmişdir. Prezident Medvedev eyni zamanda, baş nazir Putinə yaxın olan Moskvanın tanınmış meri kimi yüksək vəzifəli bəzi şəxsləri də vəzifələrindən azad etmişdir.

O, məqaləsində yazır ki, bütün bunların Medvedevin, Putinin kölqəsindən qurtulduğu və müstəqil bir lider kimi hərəkət etdiyi təsəvvürü yaratması başa düşüləndir və zahirdə də olsa onun Putinin avtoritar idarəetmə sistemindən ayrılması və əsaslı islahatların həyata keçirilməsini müdafiə etməsi ürəkaçandır. Bütün bunlara baxmayaraq Rusiya dövlətinin quruluşunda çox az dəyişiklik baş verib.

İlan Berman deyir ki, xaricdə Medvedevin islahatçı olması və Putinin düşərgəsindən ayrılması kimi iddiaların irəli sürülməsi və bunun yaratdığı qeyri-müəyyənlik Kremlin xeyrinədir. O, söyləyir ki, zahirdəki dəyişikliklərə, Medvedevin islahatları müdafiə edən və korrupsiyaya qarşı bəyanatlarına, xarici siyasətdəki, zahirdə fərqli görülən, yanaşma tərzi, cəlbedici çıxışlarına baxmayaraq həqiqətdə onun özü də Putinin yaratdığı güc strukturunun bir hissəsidir və o da Putinin düşərgəsini təmsil edir.

Vaşinqtonda yerləşən Xarici Siyasət Şurasının vitse prezidenti Amerikanın səsinin sualına cavabında deyib ki, hakimiyyət bölgüsündə qanunvericilərin müəyyən rolu olsa da onlar ölkənin idarəsində mühüm rola malik deyillər. O, söyləyir ki, baş nazirin hakimiyyətdəki partiya üzərindəki təsiri üzündən Dumadan icra orqanına qarşı güclü, müstəqil reaksiya görmək mümkün deyil. Uzun müddət ərzində azacıq reaksiya görmək olar ancaq bu, çox güclü olmayacaq.

O, əlavə edir ki, Rusiyanın vəziyyəti, götürdüyü istiqamət barədə Qərbdə yaranmış qeyri-müəyyənlik Kremlin strategiyasının nəticəsidir. Ölkənin müəyyən bir istiqamət götürdüyünü irəli sürənlər üçün də bunun əksini iddia edənlər üçün də öz nəzəriyyələrini dəstəkləməyə kifayət qədər dəlil var və elə Rusiya rəhbərliyi də məhz bunu istəyir.

İlan Berman məqaləsini Vaşinqtonda veteran bir amerikalı diplomatın bu yaxınlarda dediklərindən sitat gətirərək başa çatdırır. Adı çəkilməyən həmin diplomat deyib ki, “Rusiyada iki düşərgə - Putin düşərgəsi və Medvedev düşərgəsinin mövcud olduğu aydındır. Yeqanə sual isə bundan ibarətdir ki, görəsən prezident Medvedev bu düşərgələrdən hansına daxildir.”

XS
SM
MD
LG