Accessibility links

Ruslar ABŞ-da daşınmaz əmlak bazarını fəth edir



Ruslar Amerikada böyük malikanələrdən tutmuş sadə mənzillərə qədər daşınmaz əmlak almağa davam edir. Əsas populyar yerlər isə Nyu- York və Florida ştatında Mayama şəhəridir.

Amerikanın Səsinin rus xidməti Nyu-Yorkda hüquqşünas Edvard Mermelşteynə istinadən xəbər verir ki, müştərilər arasında indi siyasətçilər çox deyil.”Görünür, Rusiyada son zamanlar qəbul edilmiş qanunlara görə bu, onlar üçün əlverişli deyil. Əslində siyasətçilərin çoxu indi almaq deyil, daha çox daşınmaz əmlak satmaqla məşğul olur”-deyə o bildirib.

“Vahid Rusiya” partiyasının təsisçilərindən biri olan deputat Vladimir Pextinin Mayamidə qeydiyyata alınmamış mənzilinin aşkar edilməsindən sonra rusların okeanın o tayında daşınmaz əmlak alqı-satqısı ilə məşğul olması yenidən diqqət mərkəzindədir. Müxalifət liderlərindən biri Aleksey Navalnının sözlərinə görə, Vladimir Pextin və onun oğlu Aleksey 2007-ci və 2012-ci illər arasında Mayami-Biç şəhəri və onun ətrafında 1,8 milyon dollar dəyərində mənzil və sahə alıblar. Amerikada və Rusiyada daşınmaz əmlak agentləri Amerikanın Səsinin rus xidmətinə verdiyi məlumata görə, bu, rusların Floridada daşınmaz əmlak üçün sərf etdiyi məsrəflərlə müqayisədə olduqca kiçik bir məbləğdir.


2011-ci ildə milyarder Rustam Tariko Mayami-Biçdə ən bahalı malikanəyə 25,5 milyon dollar sərf etmişdi. Lakin ABŞ-da daşınmaz əmlak almaq arzusunda olanlar təkcə milyarderlər deyil. Amerikanın Səsinin rus xidməti Moskvada Housage.com şirkərinə istinadən rusların Mayaminin çox daşınmaz əmlak aldığı haqda məlumat verir. Əsas şərtlərdən evin yerinin yaxşı, sahəsinin isə böyük olmasıdır. Mayami rusları kosmopolit ruhuna görə cəlb edir. Eyni zamanda buraya Rusiyadan birbaşa uçuşlar var.

Lakin bu, Rusiya müştərilərinin Nyu-Yorka marağının azalması demək deyil. Daşınmaz əmlak agentlərinin sözlərinə görə, əvvəllər müştərilərin əsas hissəsi Moskva və Sankt Peterburqdan kimi böyük şəhərlərdən idisə, indi onlar Rusiyanın Çelyabinsk və Nijni Novqorod kimi böyük şəhərlərini təmsil edir. Nyu-yorklu hüquqşünas Edvard Mermelşteynin sözlərinə görə, ruslar ümumi hesabla ABŞ-da daşınmaz əmlak üçün bir milyondan beş milyona qədər maliyyə sərf edir. Bunların əsas hissəsi son bir neçə ildə yaxşı qazancı olub indi yaxşı investisiya etmək istəyən iş adamlarıdır.Vəkil deyir ki, onlar ABŞ-da daşınmaz əmlak alqısına yatırım kimi baxır. Digər tərəfdən, Nyu-York indi dünyanın ən bahalı şəhəri hesab edilmir. “Nyu-Yorkda bu gün bir və yaxud iki milyon dollara yaxşı mənzil almaq olar. Bu pula London, Paris, Sinqapur, ya da Moskada ev almaq mümkün deyil”-deyə Edvard Mermelşteyn bildirib.

Lakin ən bahalı və lüks mənzilləri də məhz Nyu-Yorkun göydələnlərində almaq mümkündür. Bu yaxınlarda Manhettenin mərkəzində 75 mərtəbəli One57 binasının inşası başa çatır. Buradakı mənzillərin çoxu artıq öz müştərisini tapıb. Adının açıqlanmadığı bir müştəri göydələnin yuxarı mərtəbəsində penthaus mənzili üçün 90 milyon dollardan çox pul ödəyib. Bundan öncə Nyu-Yorkda daşınmaz əmlak üçün ən yüksək məbləği Monakoda yaşayan rus sahibkar Dmitr Rıbolovlevin qızı Yekaterina vermişdi. Keçən il o, Manhettendə 80 milyon dollara penthaus alıb. Rıbolevlevin özü də Floridada Palm Biç şəhərində Donald Trampdan bir malikanə almaqla rekord vurub. 100 milyon dollarlıq bu sövdə Floridada daşınmaz əmlak bazarında ən bahalı transaksiya idi. Amerika mətbuatının verdiyi məlumata görə, Rıbolevlev Havay adalarında aktyor Vil Smit və onun həyat yoldaşı Cade Pinket-Smitə məxsus malikanə üçün 20 milyon dollar verib.
XS
SM
MD
LG