Accessibility links

Rüstəm İbrahimbəyov: "Əslində, bu cür fikirlər mənə söyüşdür"


O, bir daha Milli Şuranın sədri olmayacağını bildirib

Tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycanda demokratik qüvvələrin Milli Şurasını yaratmaq ideyası ilə bağlı “Bizim Yol” qəzetinin suallarına cavab verib. Bu ideyaya qarşı onun arxasında Kremlin durduğu kimi ittihamların meydana gəldiyini qeyd edən qəzet İbrahimbəyovdan buna münasibətini soruşub.

“Əlbəttə, bunlar hamısı yalan və şayiələrdir. Milli Şura heç bir şəxslə bağlı deyil və qurumu mən yaratmıram. Şuranı Müsavat, AXCP, EL hərəkatı və başqa partiyalar yaradır. Əgər bu işi görsələr, özləri edəcəklər, bunu özləri bilər. Mənim bu barədə yalnız ideyam var, mən demişəm ki, bizə Milli Şura lazımdır. Amma prosesdə iştirak etmirəm, özləri müzakirə edirlər. Sualın məğzinə bir daha qayıdaq, kim ki Milli Şuranın yaranmasını istəmir, orada axtarmaq lazımdır bu şayiələri gündəmə gətirənləri. Əslində, bu şayiələri ictimai rəyə təqdim edənlər ideyanın gerçəkləşməməsində maraqlıdırlar. Mən onların məqsədlərini bu cür izah edərdim”, - deyə İbrahimbəyov suala cavab verib.

Ziyalının fikrincə, bu məlumatları Milli Şuranın yaranmasını istəməyənlər yaya bilər: “Əslində, bu cür fikirlər mənə söyüşdür. Necə ola bilər ki, bir xalqın Milli Şura ideyası kənardan gəlsin və məqsəd nədir? Bir daha deyirəm, Milli Şuranı müxalifət özü yaradır və hələlik 3-4 nəfər prosesdə iştirak edir. Müsavat, AXCP, EL, mən biləni bu təşkilatlar arasında müzakirə gedir. Əgər bu təşkilatlar Rusiyayla bağlıdırsa, deməli, ideya da Moskvadan gəlir”.

Hazırda xaricdə olduğunu xatırladaraq Milli Şuranın yaranması istiqamətində müxalifət liderləri ilə hər hansı müzakirələr aparmadığını deyən R.İbrahimbəyov yaranacaq qurumun sədri və prezidentliyə namizədi olacağı haqda söhbətləri də rədd edib: “Bunlar yalan və böhtandır. Bu barədə məlumatları hakimiyyətin tərəfdarları yayırlar. Partiyaların daxilində hakimiyyətin tərəfdarları var, böhtanlar da onların əməlləridir”.(azadliq.info)

XS
SM
MD
LG