Accessibility links

Rüstəm İbrahimbəyov: Hər şey daha fərqli ola bilərdi


Kinodramaturq Rüstəm İbrahimbəyov

Kinodramaturq Rüstəm İbrahimbəyov

Məşhur kinodramaturq və rejissor, Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının fəxri sədri Rüstəm İbrahimbəyovun bu gün 76 yaşı tamam olur. Son illərdə nədənsə hər ad günü öncəsi yeni ictimai-siyasi süjetlər meydana gəlir və taleyin iznilə onların genişləndirilməsi “Oskar” mükafatlısı olan qeyri-siyatəçinin üzərinə düşür. Heç olmasa nümunə üçün Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası ideyasını yada salaq ki, R.İbrahimbəyov bu qurumu 2013-cü ilin yanvarında elan etdi. Onun nüfuza malik adı lap bu yaxınlarda Rusiyadakı Azərbaycan diaspor təşkilatıarının taleyi ətrafındakı diskussiyalar zamanı hallanıb. Ona görə də “Turan” agentliyinə müsahibə kino barəsində deyil.

Müxbir: Rüstəm müəllim, bəzi kütləvi informasiya vasitələrində Milyarderlər İttifaqı çərçivəsində siyasi fəaliyyətinizin fəallaşdığı haqqında məlumatlar yayılıb. Bu məlumatlar sizin Moskva restoranlarından birində Ramazan Abdulatipov və Abbas Abbasovla birgə görülmənizə əsaslanır. Bu, nə dərəcədə həqiqətə uyğundur?

Rüstəm İbrahimbəyov: Fevralın 2-də “Modern” teatrında məşhur teatrşünas Natalya Staroselskayanın Bakının “İbrus” teatrına həsr edilmiş kitabının təqdimatı keçirildi. Zal dolu idi, Rusiya incəsənətinin və mədəniyyətinin məşhur nümayəndələri teatrın və onun gözəl aktyorlarının haqqını verdi. Amma mən qəsdən mənim üçün xoş keçən həmin axşama toplaşmış Moskva məşhurlarının adını çəkmirəm və əlbəttə ki, “Modern” teatrının kandarından addım atmağa cürət etmiş iki-üç azərbaycanlı haqqında danışmıram.

Müxbir: Niyə?

Rüstəm İbrahimbəyov: Ona görə ki, Abbas Abbasov teatrı, məni və kitab müəllifini təbrik etməyə gəlmişdi. Bu, Azərbaycan xüsusi ximətlərinin sui-qəsdçilərin daha bir toplantısı haqqında növbəti axmaq-yalan uydurmasının onlara işləyən kütləvi informasiya vasitələri ilə yayılması üçün kifayətdir.

Bəli, mən Ramazan Abdulatipovla birlikdə restoranda olmuşam. Moskvanın müxtəlif restoranlarında birlikdə oturduğum müxtəlif millətləri və peşələri təmsil edən çox sayda digər məşhur xadimlərin də adlarını çəkə bilərəm. Nə olsun? Son illər İnternetin meydana çıxması ilə nadir hallarda kitabxanalarda oluram. Restoranlara isə kifayət qədər tez-tez gedirəm, baxmayaraq ki, bu, sağlamlıq üçün zərərlidir.

Ramazan Abdulatipovla biz bu yaxınlarda Rəsul Həmzətov haqqında ssenari yazmışıq, qardaşım oğlu Murad isə bu ssenari üzrə film çəkib. Filmə artıq minlərlə tamaşaçı baxıb, amma əsastəqdimat hələ irəlidədir. Araz Ağalarovu uşaqlıqdan tanıyıram və onun bunda günahı yoxdur. Vaqit Ələkbərov, Telman İsmayılov, İsgəndər Xəlilovla həyatda dəfələrlə qarşılaşmışam, o cümlədən, Azərbaycan xüsusi xidmətləri tərəfindən Milyarderlər İttifaqı adlandırılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (CAOP) təsis qurultayında da. Abbas Abbasovun Rusiyanın azərbaycanlı diaspora təşkilatlarını keçmiş SSRİ xalqlarının diasporaları kimi birləşdirmək cəhdi həyata keçmədi və biz bir daha görüşmədik. Amma bu yeganə toplantı ilə bağlı nə qədər yalanlar uyduruldu və uydurulmağa davam edir! Görünür, Azərbaycan hakimiyyəti Rusiyada nisbətən müstəqil diaspora təşkilatından çox qorxur.

Müxbir: Rüstəm müəllim, Azərbaycan Mədəniyyət Muxtariyyətində (AzərRus) nə baş verir? Bu təşkilatın Ağsaqqallar Şurasının üzvü kimi orada yaranmış problemlərdən xəbərdar olmalısınız.

Rüstəm İbrahimbəyov: AzərRus-da problemlər var və bu probelmlər Azərbaycanda hansısa qüvvələrin Abbas Abbasovu bu təşkilatın rəhbəri vəzifəsindən uzaqlaşdırmaq cəhdləri ilə əlaqədar yaranıb. Amma böyük regional təşkilatların əksəriyyəti A. Abbasovu Rusiyada nüfuza və imkana sahib insan kimi tanıyır, mədəni muxtariyyətimizə böyük fayda gətirə biləcəyini dərk edərək onu dəstəkləyir. Yeri gəlmişkən, mən digər nüfuzlu təşkilatın – Ümumrusiya Azərbaycan Konqresinin də Rəyasət Heyətinin üzvüyəm və onun təsisçilərindən biri olmuşam. Amma son vaxtlar ÜAK iclaslarına getmirəm ki, onun rəhbərliyini də Azərbaycanda dövlət çevrilişində ittiham edərlər.

Real siyasətdən uzaq bir insan olduğumu deməkdən yorulmuşam. Bircə dəfə sonuncu prezident seçkilərindən əvvəl Azərbaycanın dağılmış demokratik müxalifətini birləşdirməyə cəhd etdim. Buna nail oldum. Amma müxalifət partiyalarının liderləri həm də qarşıda duran prezident seçkilərində onların vahid namizədi olmağa razılaşmağımı tələb etdilər. Bu addımı atmaq məcburiyyətində qaldım, əks halda koalisiya dağılardı. Amma dərhal daha bir namizədə ehtiyac olduğunu bildirdim. Nəticədə əksəriyyət gözəl tarixçi Cəmil Həsənlini dəstəklədi, yeri gəlmişkən, o, seçkiqabağı kampaniyanı təmtəraqlı keçirdi. Bununla da mənim siyasətdə birbaşa iştirakım başa çatdı.

Bəli, Azərbaycan vətəndaşlarının hüquqlarının kütləvi şəkildə pozulması və ölkədə baş verən çox şeylə razılaşmamağı vətəndaş və yazıçı olaraq vəzifəm hesab edirəm, amma bu, siyasət deyil və istənilən başqa, hətta çox demokratik olmayan bir dövlətdə bu, normal qəbul dilərdi. Lakin Azərbaycanda bərqərar olmuş rejim onu mədh etməyən hər kəsi düşməni sırasına aid edir və dövlət çevrilişi təşkil etməkdə suçlayır. Azərbaycanda siyasi qurbanların sayı günbəgün artmasa idi, maniyaya bənzəyən bu ideya gülüş doğurardı. Hakimiyyət başa düşmür ki, yalnız vətəndaş cəmiyyətinin fəallığı onu güclənməkdə olan xalq iğtişaşından xilas edə bilər.

Müxbir: Ətrafınızda baş verənlərdən yorulmamısınız?

Rüstəm İbrahimbəyov: Yorulmaq da sözdür?! Bütün bunlardan ürəyim bulanır. Axı hər şey daha fərqli ola bilərdi. Və təkcə Azərbaycanda deyil. Hakimiyyətdə olanların acgözlüyü və demaqoqluq-vətənpərvərlik ritorikası ilə ört-basdır etdirilən cinayətkar əxlaqsızlığı milyonlarla insanı sosial zəlillik və vətəndaş acizliyi hiss etmədən yaşamaqdan məhrum edir.

Müxbir: Rüstəm müəllim, fevralın 5-də sizin 76 yaşınız tamam olur. Sizə ənənəvi olaraq uzun ömr arzulamaq istərdik, bütün arzularınız və planlarınız da ad günləriniz kimi dəqiqlik və labüdlüklə həyata keçsin. Uğurlar!

Show comments

XS
SM
MD
LG