Accessibility links

Rüstəm İbrahimbəyov: Heç bir ölkə qarşısında öhdəliyim yoxdur


Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

“Mən 74 ildir daimi Azərbaycanda yaşayıram. Heç vaxt ölkəmdən çıxıb getməmişəm”

Demokratik Qüvvələrin Milli Şurasının sədri, qurumun prezidentliyə namizədi Rüstəm İbrahimbəyov iyulun 9-da “Media forum” saytının suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:


- Rusiya vətəndaşlığından imtina üçün etdiyiniz müraciətə cavab verilibmi?

Rusiya vətəndaşlığından imtina edirəm, burada başqa problem yoxdur.
- Bunun üçün ərizə vermişəm. Rusiya vətəndaşlığından imtina ilə bağlı müraciətə əvvəlcə Miqrasiya Xidməti baxır. Hesab edirəm ki, məsələ o qədər də uzanmayacaq, bir aya həll olunacaq. Bu məsələni mütləq həll edəcəm. Rusiya vətəndaşlığından imtina edirəm, burada başqa problem yoxdur. Bununla bağlı müraciətim təmin olunacaq.

- Sizin başqa ölkələr, o cümlədən Rusiya qarşısında vergi öhdəliyiniz varmı?

Rusiyada heç bir biznesim, işim, gəlirim yoxdur.
- Mənim heç bir ölkə qarşısında öhdəliyim yoxdur. Yalnız bir “Yaşıl kart”ım vardı, onun da müddəti ötüb. Vergi öhdəliyinə gəlincə, mən on ildir Rusiya Dövlət Kinematoqrafiya Universitetinin professoruyam. Universitetdən maaş alıram və oradan vergi çıxılır. Bundan başqa Rusiyada heç bir biznesim, işim, gəlirim yoxdur. Ona görə bu dövlətdə vergi ilə bağlı heç bir öhdəliyim mövcud deyil.

- Avropa dövlətlərində və ABŞ-da kino xadimi, rejissor kimi vergi öhdəliyiniz varmı?

- Mənim 74 yaşım var. Son doqquz ildə yalnız bir filim çəkmişəm. Onu da Azərbaycanda. Başqa ölkə qarşısında heç bir öhdəliyim yoxdur.

- Qanunvericiliyə əsasən, prezidentliyə namizəd olmaq istəyən şəxs on il Azərbaycanda yaşamalıdır. Sizin Rusiyada, ABŞ-da eviniz var və ilin bir hissəsini bu ölkələrdə yaşayırsınız, Avropada səfərlərdə olursunuz. Sizcə, Azərbaycanda daimi olmamağınız prezidentliyə namizədliyinizin qeydiyyata alınmasına maneə törədə bilərmi?

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən - 1991-ci ildən öz dövlətimin vətəndaşıyam.
- Mən 74 ildir daimi Azərbaycanda yaşayıram. Heç vaxt ölkəmdən çıxıb getməmişəm. İşlərimlə bağlı səfərlərdə oluram. Bu da mənim şəxsi işimdir. Amma hara getsəm də, yenə sonda vətənim Azərbaycana qayıdıram. Bakıda, Şamaxıda evim var. Hansısa ölkəyə səfər etmək, işlərlə əlaqədar bir neçə ay xaricdə olmaq mənim konstitusion hüququmdur. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən - 1991-ci ildən öz dövlətimin vətəndaşıyam. Azərbaycandan getməyim o halda ola bilərdi ki, vətəndaşlıqdan çıxmaq haqda ərizə yazım. Onda demək olardı ki, Rüstəm İbrahimbəyov Azərbaycanda yaşamır. Mən Azərbaycan vətəndaşıyam, öz ölkəmdə yaşayıram, öz ölkəmdə fəaliyyət göstərirəm. 25 ildir Azərbaycan Kinematoqrafçılar İttifaqının sədriyəm. Azərbaycanda daimi fəaliyyət göstərən şirkətim, teatrım var. Sənətdən, incəsənətdən, mədəniyyətdən başı çıxan insanlar mənim Azərbaycan vətəndaşı olmadığımı iddia etməzlər. Ona görə də belə məsələlərlə bağlı mənim əleyhimə deyilənlərin heç bir əsası yoxdur.

- Avropaya səfəriniz nə zaman olacaq?

- İndi Moskvadayam. Avropaya səfərim iyulun ortalarında başlanacaq.
XS
SM
MD
LG