Accessibility links

Rüstəm İbrahimbəyov: Həbs olunacağımı bilsəm belə, Bakıya gələcəyəm!


Kinodramaturq Rüstəm İbrahimbəyov

Kinodramaturq Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov iyulun 31-də Bakıya gəlir

Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə namizəd Rüstəm İbrahimbəyov iyulun 26-da “Media forum” saytına açıqlama verib.

O deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi barədə xəbərlərin əsası yoxdur:

“Hazırda Moskvadayam. “Yeni Müsavat” qəzetində Rusiya prezidenti ilə görüşəcəyim yazılıb. Bu, doğru xəbər deyil.
Azərbaycan mətbuatının bu tip xəbərlərindən yorulmuşam. Əvvəl yazdılar ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəm. İllərdir Elmar Məmmədyarovla ünsiyyətdə olmamışam. İndi də Putinlə görüşəcəyimi yazırlar. Əsassız xəbərlərdir”.

Rüstəm İbrahimbəyov bildirib ki, Berlində və Brüsseldə çox əhəmiyyətli görüşlər keçirib:

“Çox dəyərli, vacib görüşlərim oldu. Avropa Parlamentinin və Avropa İttifaqının rəhbərləri ilə görüşdüm. Onların kimlər olduğunu açıqlamaq istəmirəm”.

Şura sədri bir neçə gün Moskvada olacağını, sonra kino işləri ilə bağlı Tbilisiyə gedəcəyini əlavə edib:

“Orada siyasətlə əlaqəli görüşlərim olmayacaq. Bakıya Tbilisidən gələcəm”.

Rüstəm İbrahimbəyov qeyd edib ki, həbs olunacağını bilsə belə, iyulun 31-də Bakıya gələcək:

“İqtidar hər üsulla məni seçkidən uzaqlaşdırmaq istəyir. Bu, hakimiyyətin qorxusundan xəbər verir. Əllərindən gələni edirlər ki, mən seçkidə iştirak etməyim. Məni heç bir əsas olmadan həbs də edə bilərlər. Bütün bunları bilirəm. Amma gələcəm”.

Şura sədri əlavə edib ki, heç kimi onu hava limanında qarşılamağa səsləməyib:

“Məni qarşılamaq istəyənlərə çox sağ ol deyirəm. Bu onların öz işləridir. Mən çağırış etmirəm. Kim gəlmək istəyirsə, gəlsin”.

Rüstəm İbrahimbəyov Bakıya gəldikdən dərhal sonra Milli Şuranın növbəti sessiyasını keçirmək niyyətində olduqlarını da bildirib.
XS
SM
MD
LG