Accessibility links

Prokurorluq rüşvətxoru və dələduzluq edənləri tutub


Rüşvət və mənimsəmə

Rüşvət və mənimsəmə

Ekspert komissiyasının sədri əlildən rüşvət alır, mənzil tikən kooperativin rəhbərləri isə eyni mənzilləri müxtəlif adamlara satıb.

Prokurorluq orqanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət alarkən yaxalayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, fakta görə E.Cahangirov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və o təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mətbuat xidmətinin digər məlumatına isə deyilir ki, "Şərq-M" Mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri dələduzluqda günahlandırılıb.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsininin apardığı araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini Fuad Əzizov 2007-ci ildə alqı-satqı müqaviləsi əsasında "Şərq-M" Mənzil-tikinti kooperativinin inşa etdiyi binadan üç mənzil alaraq kooperativə ümumilikdə 111 min 900 manat məbləğində vəsait ödəyib. MTK-nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri qulluq mövqelərindən sui-istifadə edərək həmin mənzilləri müxtəlif tarixlərdə bağlanmış alqı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdarda özgə əmlakını ələ keçirib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Şərq-M" MTK-nın vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntularının aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
XS
SM
MD
LG