Accessibility links

Ruzbeh Səadəti: İranda irqçilik məktəblərdə öyrədilir [Audio-Müsahibə]


Ruzbeh Səadəti

Ruzbeh Səadəti

Güneyli yazar assimilyasiya siyasətini irqçi təmayüllərin güclənmməsində başlıca faktor hesab edir

Güneyli yazar və mədəni fəal Ruzbeh Səadəti Amerikanın Səsi ilə söhbətdə İranda qeyri-fars xalqlara qarşı irqçi təmayüllərin elə həmin toplumların nümayəndələri arasında da mövcud olduğunu deyir. O, bir tərəfdən irqçiliyi təbliğ edən sistemlə mübarizə, digər tərəfdən isə toplumda maarifləndirmə fəaliyyətlərində bir tarazlıq yaradılmasının zəruri olduğunu vurğulayır. Son vaxtlar məşhur İranlı aktyor Əkbər Əbdinin ərəblərlə bağlı söylədiyi aşağılayıcı ifadələrə münasibət bildirən Səadəti İranda qeyri-farsların təhqir edilməsini sistematik irqçiliyin təzahürü kimi dəyərləndirir.

“Mən bu irqçiliyi sistemli görürəm. Bu gün dünyanın bir çox yerində irqçilik ola bilər. Demokratik ölkələrdə də bu var. Hətta bəzən bu hal zorakılığa da çevrilə bilər, Norveç kimi ölkədə misal üçün. Ancaq onlarda irqçiliyin təlimi yoxdur, dövlət onun qarşısını almağa çalışır. İranda isə irqçilik təhsil sistemində, kitablarda, mediada, hər yerdə öyrədilir. İnsanlar istəmədən təsir alırlar,” deyə o söyləyir.

Ruzbeh Səadəti: Dərsliklərdə İranın geri qalmışlığı xarici amillər o cümlədən, türklər, moğollar və ərəblərə bağlanır

Ruzbeh Səadəti: Dərsliklərdə İranın geri qalmışlığı xarici amillər o cümlədən, türklər, moğollar və ərəblərə bağlanır

Ruzbeh Səadəti İran məktəblərində irqçi təmayüllərin dərsliklərdən başlanaraq təbliğ edildiyini bildirir:

“Bizim zamanımızda dərs kitablarında İranın geri qalmışlığını, digər ölkələrdən geri qalmasını xarici amillərə bağlayırdılar. O xarici amillər də olur, türklər, moğollar və ərəblər... Əslində gender bərabərsizliyi də həmin dərs kitablarında təbliğ edilir...”

Güneyli fəal toplumun alt təbəqələri ilə müqayisədə aydınlar və sənətçilər arasında irqçi təmayüllərin daha artıq olduğunu önə çəkir. Onun söylədiklərinə görə, aydınlar olduqları mövqeyə çatmaq yolunda sistemin təbliğ etdiyi normaları daha artıq qəbul edib və mənimsəyirlər.

Buna görə də o, Əkbər Əbdi, ya Təbatəbayi kimi əslən türk olan sənətçilər və yazarlardan bu növ irqçi ifadələri eşidəndə təəccüblənmədiyini deyir.

Demokratik ölkələrdə də vardır. Hətta bu zorakılığa da çevrilə bilər, Norveç kimi ölkədə misal üçün. Ancaq, onlarda irqçiliyin təlimi yoxdur, dövlət onun qarşısını almağa çalışır. İranda isə irqçilik təhsil sistemində, kitablarda, mediada, hər yerdə öyrədilir. İnsanlar istəmədən təsir alırlar.

Səadəti bəzən də irqçi təmayüllərin ən çox qeyri-fars toplumların fərdləri tərəfindən təzahür edildiyinə diqqət çəkir. Onun söylədiklərinə əsasən, qeyri-fars assimilyasiya siyasətləri nəticəsində dəyişməyə və hakim kültürün təmsilçilərinə bənzəməyə çalışırlar, həqiqətən dəyişdiklərini göstərmək üçün də daha çox irqçi çıxışlar edə bilirlər.

O, irqçiliyi təbliğ edən sistemlə mübarizə və toplumda maarifləndirmə fəaliyyətləri arasında balanslı siyasəti aparılmasının zəruri olduğunu hesab edir.

“Hər ikisi də olmalıdır. İkisinin arasında bir balans yaradılmalıdır. Həm toplumu oyandırmaq, həm də onun yardımı ilə həmin irqçi sistemi dağıtmaq mümkündür,” deyə Ruzbeh Səadəti əlavə edir.

XS
SM
MD
LG