Accessibility links

Rza Diqqəti: Urmiya gölünün quruması humanitar fəlakətdir


Tanınmış foto jurnalist Rza Diqqəti dünyanın müxtəlif bölgələrində ekoloji problemləri işıqlandırıb. Onun fotoreportajları mötəbər “National Geographic” jurnalının səhifələrində yer alıb. Rza Diqqəti Urmiya gölündə ekoloji vəziyyəti yaxından izləsə də, anadan olduğu İran Azərbaycanına səfər edə bilmir. Onun fikrincə, İran hökumətinin Urmiya gölündə yaranmış vəziyyətə münasibəti ümumilikdə azərbaycanlıların dil və mədəni hüquqları kimi başqa məsələlərə göstərdiyi biganəliyi əks etdirir.

Rza Diqqəti Amerikanın Səsinə Skype müsahibəsində Urmiya gölündə yaranmış ekoloji vəziyyət və və bunun bölgədə yaşayan azərbaycanlının həyatına təsirlərindən danışıb.

Rza Diqqəti Urmiya gölünə axan çayların qarşısını alan bəndlər və körpünün inşasından sonra göl ətrafında ekoloji sistemin pozulduğunu bildirib. O, ətraf mühitdə baş verənlərin gölün ətrafında yaşayan milyonlarla insanın həyatına birbaşa təsir göstərdiyini deyərək, bunu faciə adlandırıb. “Gölün ətrafında təxminən yeddi milyon insan yaşayır. İndi orada duz çoxalıb, duz əkin sahələrinə yayılıb və bu da əkin üçün yararlı torpaqların azalmasına gətirib çıxarır. Əkin sahələrinin azalması ilə yanaşı, duz zəhərli maddələrin yayılmasına səbəb olur. Bu, regionda yaşayan azərbaycanlılar üçün böyük bir faciə olacaq”-deyə o bildirib.

Rza Diqqəti Urmiya gölündə yaranmış ekoloji fəlakəti dünya miqyasında problem adlandırıb. O, İran hökumətinin məsələnin effektiv həllinə nail olmadığını və beynəlxalq ictimaiyyətin problemin həlli ilə birbaşa məşğul olmalı olduğunu deyib. Rza Diqqətinin sözlərinə görə, Urmiya gölündə yaranmış vəziyyət təbii və humanitar fəlakətdir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG