Accessibility links

İsa Qəmbər: Bu il seçkiqabağı vəziyyət əvvəlki illərdən qat-qat ağırdır


İsa Qəmbər: Bu il seçkiqabağı vəziyyət əvvəlki illərdən qat-qat ağırdır
İsa Qəmbər: Bu il seçkiqabağı vəziyyət əvvəlki illərdən qat-qat ağırdır

Müsavat başqanı qanun pozuntuları, mitinqlərə imkan verilməməsi, namizədlərin süni yolla qeydə alınmamasından danışıb

Müxalifətdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər “Amerikanın səsi” radiosuna müsahibəsində parlament seçkiləri dövründə qanun pozuntuları, müxalifətin mitinq keçirməsinə imkan verilməməsi, AXCP - Müsavat blokunun namizədlərinin süni yollarla qeydə alınmamasından danışıb.

Öz növbəsində, iqtidar partiyası, rəsmi hakimiyyət və Mərkəzi Seçki Komissiyası seçkilərin qanunauyğun olaraq azad və demokratik aparıldığını bəyan edir.

Sual: Seçki öncəsi situasiyanı necə qiymətləndirirsiniz? Hazırda, təbliğat-təşviqat dövründə vəziyyət necədir?

Cavab: Hakimiyyət hər zaman olduğu kimi, yenə seçkiləri saxtalaşdırmağa hazırlaşır. İctimai və beynəlxalq ictimai rəydə təsdiq olunub ki, bu il seçkiqabağı vəziyyət əvvəlki illərdən qat-qat ağırdır, hətta, 2005-ci ildən də fərqli dərəcədə ağırdır. Söz azadlığı məhdudlaşdırılıb, televiziyalara müxalifətin çıxışı demək olar ki, sıfıra endirilib, sərbəst toplaşmaq azadlığı qətiyyən yoxdur, mitinqlər keçirməyə imkan verilmir, namizədlərə bərabər imkanlar yaradılmır. AXCP - Müsavat blokunun namizədlərinin üçdə-ikisi uydurma bəhanələrlə seçkilərə buraxılmadı, qeyri-qanuni vasitələrlə onların namizədlikləri ləğv edildi. Qanun qadağan etsə də, icra strukturlarının seçki prosesinə müdaxiləsi davam edir. Ona görə də seçkiqabağı vəziyyət bərbaddır.

Eyni zamanda, cəmiyyətdə hakimiyyətdən narazılıq o qədər böyükdür ki, cəmiyyət o qədər böyük şövqlə dəyişikliklər istəyindədir ki, biz seçicilərlə görüşlərimizdə bu istəyi hiss edirik. Mən inanıram ki, bütün bu qanunsuzluqlardan sonra belə, seçki günü səslər düzgün sayılsa, bizim blokun namizədlərinin əksəriyyəti öz dairələrində qalib gələcək və digər layiqli namizədlər də öz dairələrində qalib gəlməyə qadirdirlər.

Sual: Əvvəlki seçkilərdən fərqli olaraq həm müxalifət, həmdə iqtidar lokal xarakterli təbliğata üstünlük verir? Ümumrespublika mitinqləri keçirilmir, daha geniş kütləvi aksiyalar təşkil edilmir. Buna səbəb nədir?

Cavab: AXCP - Müsavat blokunun namizədləri kütləvi olaraq seçkilərə buraxılmadı və blok olaraq qeydiyyata alınmadıq. Beləliklə, blok kimi pulsuz efir vaxtı tələb edə bilmədik. Hakimiyyət elə şərait yaratdı ki, ölkədə siyasi debatlar, siyasi partiyalar arasında belə, hətta 2005-ci ildən fərqli olaraq debatlar baş tutmadı. Bizim mitinq keçirməklə bağlı müraciətlərimizə mənfi cavablar verildi. Seçkiyədək mitinqlə bağlı müraciətlərimizə “seçki şüarları səsləndirilə bilər” bəhanəsi ilə icazə verilmədi, seçki dövründə isə müraciətlərimizə cavab verdilər ki, hərə öz seçki dairəsində mitinq, görüş keçirə bilər. Faktiki olaraq, belə məlum oldu ki, hakimiyyət seçki müddətində konstitusiyanın bir sıra müddəalarını, o cümlədən də sərbəst toplaşmaq azadlığı barədə müddəasını dayandırıb. Bu isə absurddur. Yenə də, bizim seçicilərlə görüşlərimizə yaradılan ciddi maneələr, nəticədə seçki prosesinin partiyalar, bloklar, ideologiyalar arasında mübarizədən daha çox konkret dairələrdə namizədlərin debatı ilə müşahidə olunmasına səbəb olur.

Sual: Seçkilərin legitimliyini şübhə altına alan qanun pozuntuları qeydə alıbsınızmı? Bunlar hansılardır?

Cavab: Əvvəla, qeydiyyat məsələsi, namizədlərin əksəriyyəti saxta yollarla qeydiyyata alınmırsa, bu o deməkdir ki, namizəd olmaq istəyən insanların, siyasi partiya üzvlərinin hüquqları pozulur, onlara bərabər şərait yaradılmır. Digər tərəfdən isə əgər, seçki dairələrinin üçdə ikisində müxalifətlə real seçki mübarizəsi yoxdursa, bu seçicilərin hüququnun pozulmasıdır. Bu həm də, indidən seçkilərin legitimliyini zədələyib. Amma, göründüyü kimi, hakimiyyət bununla kifayətlənmək fikrində deyil, seçki prosesinə, təbliğat prosesinə ciddi maneələr yaratmaqla seçkilərin legitimliyini şübhə altına almağa bu gündən əsas verib. Həlledici hadisələr isə, əlbəttə noyabrın 7-də, səsvermə günü baş verəcək.

Sual: Seçki günü nə qədər müşahidəçiniz səsverməni izləyəcək? Müşahidələriniz hansı metodologiya ilə aparılacaq? Nəticələrdən nə gözləyirsiniz?

Cavab: Namizədlərimiz olduğu bütün seçki dairələrində çox ciddi müşahidə sistemi qurulacaq, namizədlərimiz olmayan seçki dairələrində də müşahidə qurmağa çalışırıq. Artıq həddən artıq çoxsaylı müşahidəçilərimiz qeydiyyatdan keçib və proses davam edir. Metodologiyamız isə belədir: qanunların imkan verdiyi çərçivədə seçki pozuntularını qeydə alıb aktlaşdırmaq və seçkinin nəticələrinin real mənzərəsini yaratmaq. Bunu edəcəyik.

Sual: Səsvermə günü qanun pozuntuları kütləvi hal alarsa, müxalifət etiraz aksiyaları keçirə bilərmi?

Cavab: Yaşayarıq-görərik. Hər halda müxalifət mübarizə aparmaq əzmindədir. Söhbət real müxalifətdən gedir. Biz mübarizə aparmaq əzmindəyik. Konkret situasiyaya gəldikdə isə ictimai rəyi və ictimai əhval-ruhiyyəni nəzərə alaraq qərarlarımızı qəbul edəcəyik.

XS
SM
MD
LG