Accessibility links

İsa Qəmbər: Elçibəy Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindəndir (audio)


Azərbaycan milli azadlıq hərəkatının lideri və ilk demokratik prezident Əbülfəz Elçibəy

Azərbaycan milli azadlıq hərəkatının lideri və ilk demokratik prezident Əbülfəz Elçibəy

Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan milli azadlıq hərəkatının rəhbəri və ilk demokratik prezident Əbülfəz Elçibəyin vəfatının 10-cu ildönümündə Amerikanın Səsinə müsahibə verib. Elçibəyi 20-ci əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri hesab etdiyini deyən Müsavat lideri milli öndərin Azərbaycanın müstəqillik qazanmasındakı rolundan, milli ideologiyaya verdiyi töhfələrdən və Azərbaycan dövlətçiliyinin banisi Məhəmməd Əmin Rəsulzadənin davamçısı kimi fəaliyyətindən söz açdı. “Bir illik hakimiyyəti ilə Elçibəy müstəqil demokratik cümhuriyyət nə cür qurulmalıdır, hansı yolla getməlidir, millətin problemləri nə şəkildə həll olunmaldır, onun bir çox nümunələrini ortaya qoydu.”

Cənab Qəmbərin sözlərinə görə 1992-93-cü illərdə mövcud olmuş Elçibəy hakimiyyətini hərci mərcilikdə günahlandıranlar həmin vaxtlar post-Sovet dönəminin labüd çətinlikləri və təcavüzlə üzləşən Azərbaycanın milli maraqlarına xəyanət edən, kənardan sifarişlə işləyərək sabitliyi pozan qüvvələr idi. Bu qüvvələr Azərbaycan xalqına aşılamağa çalışırlar ki, Elçibəy hökuməti ölkəni idarə edə bilmir və devrilməlidir. “Ölkədə problemlər yaradırdılar, cəbhə xəttində xəyanətə yol verirdilər, torpağımızı işğal edən qüvvə ilə separat danışıqlara gedirdilər, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, demokratiyaya olan iddiasını istəməyən dövlətlərlə əməkdaşlığa gedib Azərbaycanda problemlər yaradırdılar.” Azərbaycanın indi üzləşdiyi durumla bağlı Elçibəyin hansı mövqedə olacağı ilə bağlı sualı cavablandıran Müsavat başqanı Elçibəyin “bir yaxud on ilin” siyasi lideri olmadığını, onun baxışlarının Azərbaycan üçün zamansız mahiyyət daşıdığını söylədi. Bu baxışlar Azərbaycan insanının xoşbəxtliyinə və Azərbaycan dövlətinin müstəqilliyinə yönəlmişdi.

Müsavat partiyasının başqanı İsa Qəmbərlə müsahibəni aşağıdakı linkdə dinləyə bilərsiniz.

XS
SM
MD
LG