Accessibility links

Sabina Freyzer:"Türkiyə Azərbaycanın təzyiqini nəzərə almamışdı"


Beynəlxalq Böhran qrupunun təhlilçisi deyir ki, Türkiyə və Ermənistan arasında protokolların imzalanması prosesində durğunluğun bir səbəbi də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır

Beynəlxalq Böhran qrupunun təhlilçisi Sabina Freyzer Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesini şərh edərək Azərbaycanın mövqeyinin buna təsirini xüsusi qeyd edib. Amerikanın səsinə verdiyi müsahibəsində Sabina Freyzer deyib ki, Türkiyə Azərbaycanın göstərəcəyi təzyiqi əvvəlcədən belə görünür nəzərə almayıb.

Sabina Freyzer Türkiyə-Ermənistan arasında yaxınlaşma prosesində protokolların ratifikasiyası ilə bağlı hazırda durğunluğun müşahidə edildiyini deyərək bildirir ki, Türkiyədə gələn aylar ərzində sənədlərin ratifikasiya olunacağını gözləmək olmaz. O bunun səbəbini bir tərəfdən, ölkədə konstitusiyaya dəyişikliklər edilməsi prosesilə əlaqələndirir. Digər tərəfdən isə təhlilçi deyir ki, baş nazir Ərdoğan sənədlərin parlamentdə ratifikasiyasından öncə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında inkişaf görmək istədiyini aydın bildirib.

"Ermənistana gəldikdə, burada da aparıcı siyasi partiyalar bildirdi ki, Türkiyə addım atmadan onlar tərəfdən sənədlər ratifikasiya olunmayacaq." Lakin protokolların partlamentlər səviyyəsində təsdiqi prosesində durğunluğa baxmayaraq, Sabina Freyzer deyir ki, yaxınlaşma prosesində müəyyən addımlar atılır, siyasəçilər, alimlər, jurnalistlər arasında görüşlər davam edir və bu da onun fikrincə, iki ölkə arasında anlaşmanın yaranması istiqamətində inkişaf kimi qiymətləndirilə bilər və bunun ardınca daha konkret addımların atıla biləcəyini gözləmək olar.

Azərbayanın mövqeyinin prosesə təsirini şərh edən təhlilçi deyir ki, Türkiyə əvvəlcə münasibətlərin normallaşmasının Azərbaycan nəzərə alınmadan mümkün olacağına inanırdı.

"Xüsusilə də Türkiyədə belə bir inam var idi ki, sərhədlərin açılması Bakıdan gələn güclü reaksiyalardan zərər görmədən mümkün ola bilər. Amma bu, belə olmadı. Azərbaycan inanır ki, Türkiyə və Ermənistan arasında sərhəd 1993-cü ildə Qarabağ müharibəsinə görə bağlanıb və sərhəddin yenidən açılması üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında inkişaf əldə edilməlidir. Mənə elə gəlir ki, Türkiyənin xarici siyasətində bu məsələ tam olaraq nəzərə alınmamışdı və indi buna yenidən baxılmalıdır. Məhz buna görədir ki, baş nazirdən tutmuş xarici işlər nazirinə qədər Türkiyə rəsmiləri sərhəd məsələsini Dağlıq Qarabağ prosesində inkişafla əlaqələndirirlər. Lakin buna baxmayaraq, Azərbaycanın Türkiyə və Ermənistan arasında yaxınlaşmanın bütün formalarını dayandırmağa çalışacağını düşünmürəm."

Sabina Freyzer Bakının münasibətindən asılı olmayaraq Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərdə bir sıra məsələlər üzərində işlədiyini qeyd edir və deyir ki, burada əsas məsələ Bakı ilə işləmək və Bakını prosesə cəlb etməkdən ibarətdir. Bakı ilə elə bir anlaşma olmalıdır ki, işğal olunmuş torpaqların azad olması üçün oradan çıxmağa hazır olan ermənilər arasında müəyyən etibar yaradılmalıdır.

Sabina Freyzer Türkiyədə Ermənistanla münasibətlərə ictimaiyyət arasında marağın artdığını müşahidə etdiyini deyir. O hər iki ölkədə prezident Obamanın çıxışında soyqırım ifadəsini işlədib-işlətməməsi məsələsinə həddindən artıq böyük diqqət verildiyini qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər 1915-ci illərin hadisələrinə görə gərgindir. "Türkiyədə bunu soyqırım adlandırmaq istəmirlər, lakin son zamanlar burada da dəyişikliklər müşahidə olunur" deyən Sabina Freyzer bu il İstanbulda 1915-ci il hadisələrinin anıldığını qeyd edir. O deyir ki,məsələ erməni diasporası üçün daha önəmlidir və bu, əslində diasporanı səciyyələndirən və onu birləşdirən bir amildir.

Sabina Freyzerin fikrincə, indiki anda Türkiyə və Ermənistan arasında normallaşma prosesinin tutduğu yoldan çıxmaması üçün protokolların ratifikasiyası məsələsini bir müddət üçün kənara qoymaq və diqqəti bu gün görülməsi mümkün olan işlərə yönəltmək lazımdır. Bununla təhlilçi Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutduğunu deyir. O, iki ölkə rəsmilərinin son il keçirdiyi görüşləri qeyd edərək, bunun mümkün olduğunu qeyd edir. Sabina Freyzer diplomatik münasibətlərin qurulması üçün Türkiyə və Ermənistanın sərhədlərinin tanınması məsələsinin mühüm olduğunu bildirir. O deyir ki, bunlar partlament tərəfindən təsdiq edilmədən görülə bilər və Dağlıq Qarabağ məsələsi ilə əlaqəsi olmadığı üçün Bakı bu prosesin qarşısını ala bilməz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG