Accessibility links

İran və başqa ölkələrdə yaşayan azərbaycanlılara vətəndəki münasibətə bir baxış


İran və başqa ölkələrdə yaşayan azərbaycanlılara vətəndəki münasibətə bir baxış

İran və başqa ölkələrdə yaşayan azərbaycanlılara vətəndəki münasibətə bir baxış

DAK-ın həmsədri Sabir Rüstəmxanlı Amerikanın Səsinə müsahibəsində Dünya Azərbaycanlılarının 3-cü qurultayı fonunda, İrandan və başqa ölkələrdən gələn türklərə "vətəndəki" münasibətin gerçək üzünü açıqladı

Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Amerikanın Səsi radiosuna müsahibəsində Dünya Azərbaycanlılarının 3-cü qurultayının yekunları, foruma İranda yaşayan azərbaycanlıların dəvət edilməməsinin, onların hüquqlarının müdafiəsi ilə bağlı çıxışların olmamasının səbəblərindən danışıb.

Sual: Dünya Azərbaycanlılarının 3-cü qurultayının yekunlarını necə qiymətləndirirsiniz?

Cavab: Qurultay Dünya Azərbaycanlılarının həyatında bir bayram idi. 3-cü qurultayın əvvəlki forumlardan fərqi var idi. Bu qurultaya azərbaycanlılarla yanaşı, həm də əvvəllər Azərbaycanda yaşamış və Azərbaycanla sıx əlaqələri olan digər millətlərin nümayəndələri də dəvət edilmişdi.

Qurultay çox səliqəli keçdi, bir sıra dəyərli çıxışlar oldu, bəyanatlar və qətnamələr qəbul edildi.

Sual: Azərbaycan dövlət başçısı 2-ci qurultayda elan edib ki, 50 milyonluq Azərbaycan xalqının prezidentidir. Amma İranda yaşayan çoxmilyonlu azərbaycanlıların qurultaya dəvət edilməməsi geniş tənqidə yol açıb. İranda yaşayan azərbaycanlıların qurultaya dəvət edilməməsinin səbəbi nədir?

Cavab: İranda yaşayan azərbaycanlıların qurultaya dəvət edilməməsi barədə məlumatlar doğru deyil. Amma, İran öz ərazisində yaşayan azərbaycanlıların qurultaya gəlməsinə icazə verməz. İran həm də, bu rejimdən qaçaraq hazırda xaricdə yaşayan azərbaycanlıların belə, qurultaya gəlməsini istəmir. Bu, çox gülməlidir. Iran həm öz vətəndaşına sayğı göstərmir, həm də bu rejimin təqiblərindən qaçaraq xaricdə yaşayan insanlara nəzarət etmək istəyir. İran bilməlidir ki, istənilən şəxs forumlara qatılaraq öz fikrini ifadə etmək hüququna malikdir. Bu mənada hesab edirəm ki, İrandan olan azərbaycanlılara, İraqdan olan türkmənlərə qurultayda söz verilməli idi. Qurultayda daha çox Quzey Azərbaycandan danışıldı. Yaxşı olardı ki, bir neçə çıxış Quzey Azərbaycandan ərazi və say etibarı ilə bir neçə dəfə böyük olan Güney Azərbaycanın problemlərinə həsr edilməli idi.

Sual: Qurultayın qərar və qətnamələrində də İranda yaşayan azərbaycanlıların problemlərinə toxunulmadı? Medianın məlumatına görə, bu ölkədə öz milli-mədəni hüquqları, ana dili uğrunda mübarizə aparan onlarla azərbaycanlı həbsdədir. İranda yaşayan azərbaycanlıların problemlərinə belə yanaşmanın səbəbləri nədir?

Cavab: Buna səbəb, bizim rəsmilərin milli problemlərimizə və milli ideallarımıza biganəliyidir. Başqa bir ad tapa bilmirəm. Çünki, biz bu məsələləri dəfələrlə Milli Məclisdə dilə gətirmişik. Baxın, Azərbaycanda böyük tərəqqi var, ticarət əlaqələri var. Amma, ticarət əlaqələrində xaricdə yaşayan azərbaycanlıların payı nə qədərdir?

Çoxsaylı əcnəbilərin Azərbaycanda biznesi var. Amma, azərbaycanlılara gələndə böyük çətinliklər ortaya çıxır. Mən, bunun səbəbini başa düşə bilmirəm.

İranla bağlı məsələyə gəlincə, burada yaşayan azərbaycanlıların problemlərindən danışmaq və ya bu ölkənin ziyalılarının öz problemlərindən danışması daxili işlərə qarışmaq deyil. İran əhalisinin yarısını azərbaycanlılar təşkil edir. Mənə elə gəlir ki, zaman keçdikcə medianın, ayrı-ayrı insanların dedikləri problemlər qərarlarda da əksini tapacaq.

Sual: Qurultayın qərarlarında xaricdə yaşayan azərbaycanlıların viza, vətəndaşlıq, miqrasiya, Azərbaycan dilində təhsil almaq və başqa problemləri ilə bağlı məsələlər də yer almayıb.

Cavab: Dünən qurultay nümayəndələrinin Azərbaycanın hökumət üzvləri ilə görüşü keçirildi. Bir çox hökumət üzvləri yenə də, sanki təmtəraqlı hesabat çıxışı edirdi.

Mən, orada bu problemlərin hamısını qaldırdım. Məsələn, hava limanında Türkiyədən gələn insanlara viza verilir, amma quru keçid məntəqələrində viza verilmir. İnsanlar günlərlə viza məsələlərini həll edə bilmir. İraqdan gələn türkmənlər Təbriz şəhərində günlərlə viza ala bilmir. İnsanlar bir çox hallarda bürokratik əngəllərdən bezərək geri qayıdırlar. Eyni zamanda, öz avtomobili ilə gələn insanların avtomobili üçün böyük məbləğdə pul tələb edirlər. Onlar isə bu qədər girovu ödəyə bilmir. Bununla yanaşı, ümumi rəftar mədəniyyəti ilə bağlı problemlər də var.

Azərbaycanda on minlərlə miqrant var. Onlara hər cür iş şəraiti yaradılıb. Amma, Güney Azərbaycandan olan soydaşlarımıza bu şərait yaradılmır. Bütün bunların səbəbləri aydın deyil.

İranda ana dilində təhsil ala bilməyən soydaşlarımız Azərbaycanın təhsil müəssislərində ödəniş etmədən oxumalıdır. Bəs, İrandakı soydaşlarımız üçün təhsilli kadrlar harada yetişməlidir?

* Müsahibənin bütöv audio yazısını “Haray” proqramında dinləyə bilərsiniz.

XS
SM
MD
LG