Accessibility links

Sabirabadda hüquq müdafiəçisi həbs edilib


Oqtay Gülalıyev ictimai yerdə ünvansız söyüş söyməkdə ittiham edilir. Hüquq müdafiəçiləri və Gülalıyev ittihamı uydurma adlandırıb.

Sabirabad Rayon Məhkəməsi “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevi inzibati qaydada 12 sutka həbs edib. Bu barədə Amerikanın Səsi radiosuna Sabirabad Rayon Məhkəməsindən bildirilib.
Məhkəmə Sabirabad rayon (Bakıdan 180 kilometr cənub-qərb) polis şöbəsinin inzibati xətalara dair protokolu əsasında keçirilib. Polis şöbəsindən Amerikanın Səsinə deyiblər ki, O.Gülalıyev “ictimai yerdə ünvansız söyüş söydüyünə görə” saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə məsuliyyətə cəlb olunub. Protokol Sabirabad rayon İcra Hakimiyyətinin Qarağaç kəndindəki nümayəndəsinin şikayəti əsasında hazırlanıb. Belə ki, o, O.Gülalıyevin onu təhqir etdiyini bildirib. Lakin şahidlər bunun əksini, yerli İcra Hakimiyyətinin nümayəndəsinin və Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin O.Gülalıyevi təhqir etdiyini bildirib.

Hüquq müdafiəçisinin həbsi narazılıqla qarşılanıb. Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri İntiqam Əliyev deyib ki,
Oqtay Gülalıyev Sabirabad rayon polis bölməsində fiziki təzyiqə məruz qalıb. “Prosesdən əvvəl Gülalıyev mənə zəng edərək, bölmədə rəis müavini və 7-8 əməkdaşın iştirakı ilə döyüldüyünü bildirib. Sabirabad Rayon Polis Bölməsinin rəis müavini və polis əməkdaşları məni möhkəm döydülər. Onlar başıma, qarın və aşağı hissələrimə güclü zərbələr endirdilər. Hazırda baş gicəllənmələrim və qarın hissələrimdə bərk ağrılar var. Mən həkim müayinəsindən keçirilməyimi tələb etsəm də, buna imkan vermədilər. Dünən bütün gün ərzində məni təhqir ediblər və hədə-qorxu gəldilər. Gecə qaldığım kiçik bir otaqda 4 nəfər saxlanırdı, oturmağa belə stul vermədilər”, - deyə Gülalıyev bildirib.
Bu gün Oqtay Gülalıyevin həbsə məhkum edilməsi ilə bağlı mətbuat konfransı da keçirilib. “Kür” Vətəndaş Qərargahının üzvü Mehman Əliyev O.Gülalıyevin Sabirabad rayonunun Minbaşı kəndində 2010-cu ildə sel daşqınlarının ziyan vurduğu bir evdə aprelin 8-də monitorinq aparıb qayıdarkən saxlandığını deyib. “O.Gülalıyev və qərargah üzvü Nəsrulla Nəsrullayev Qaragüney kənd icra nümayəndəsi və bələdiyyə sədrinin polisə müraciətindən sonra kənd polis bölməsinə, oradan isə Sabirabad polis şöbəsinə aparılıb”.

Məhkəmədə O.Gülalıyev polis bölmə rəisi Rauf Məcidov tərəfindən fiziki zorakılığa məruz qaldığını deyib və ittihamı uydurma hesab etdiyini bildirib.

Keçmiş baş nazir Pənah Hüseyn hüquq müdafiəçisinin həbsini “rəzalət” adlandırıb. “Oqtay Gülalıyev yüksək səviyyədə sifarişlə həbs edilib. Çünki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bölgədə insanların hüquqlarını aktiv müdafiə edir. Bu qərargah onlarla insanın haqqının tapdanmasını müəyyən edib, korrupsiya halları ilə bağlı məhkəmələrə müraciət edib”.

Turan Agentliyinin məlumatına görə, bu gün Sabirabad rayonunun Minbaşı kənd sakinləri də Oqtay Gülalıyevin hüquqlarının müdafiəsi, yerli bələdiyyənin rəhbəri Ruhulla Qocayevin və icra hakimiyyətinin kənddəki nümayəndəsi Bəylər İsgəndərovun istefası tələbi ilə etiraz aksiyası keçirib. Kənd sakinləri Gülalıyevin dərhal həbsdən azad edilməsini tələb edir.

“İlham Əliyev, bizi bu məmurlardan azad et!” yazılan plakatla mitinqə çıxan kənd sakinləri Sabirabad rayon icra hakimiyyəti başçısının kənd sakinlərinin suallarına cavab verməsini istəyir.

Minbaşı kənd sakinlər aprelin 4-də də 2010-cu il daşqınından ziyan çəkənlərə kompensasiyaların ədalətli paylanması və vəsaiti mənimsəyən məmurların cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirib.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 2010-cu ilin sel daşqınlarından əziyyət çəkənlərə yardım məqsədi ilə yaradılıb. Qurum əhaliyə dəyən ziyanın hesablanması, kompensasiyaların ödənməsi haqda təkliflər verir, monitorinqlər aparır. Hazırda da monitorinqlər davam edir. 2010-cu ilin sel daşqınları zamanı aran rayonlarında 20 min evə, şəxsi və fermer təsərrüfatlarına ziyan dəyib, 100 min hektar sahə su altında qalıb. İki il keçməsinə baxmayaraq, daşqınların nəticələri hələ də tam şəkildə aradan qaldırılmayıb.

XS
SM
MD
LG