Accessibility links

Sabit Bağırov: Əbülfəz bəy sözün əsl mənasında böyük demokrat idi


Sabit Bağırov: Əbülfəz bəy sözün əsl mənasında böyük demokrat idi
Sabit Bağırov: Əbülfəz bəy sözün əsl mənasında böyük demokrat idi

Əbülfəz Elçibəyin dostu, onun hökumətində Strateji Məsələlər üzrə Dövlət Müşaviri və Dövlət Neft Şirkətinin prezidenti olmuş Sabit Bağırov Amerikanın Səsi radiosuna müsahibəsində Əbülfəz Elçibəyin siyasi həyat yolu, enerji siyasəti və dostluğu ilə bağlı danışıb.

İyunun 24-də Azərbaycan xalq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin ad günüdür.

Əbülfəz Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 1962-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. 1963-1964-cü illərdə Misirdə Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı apardığına görə həbs edib. Həbsdən buraxıldıqdan sonra, 1976-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar institutunda elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi vəzifələrində çalışıb.

1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda Elçibəy onun liderlərindən biri olub. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi yaranıb və Əbülfəz Elçibəy sədr seçilib. Ömrünün sonunadək bu təşkilatın sədri olub.

O, 7 iyun 1992-ci ildə Azərbaycanda ilk dəfə demokratik yolla prezident seçilib. Əbülfəz Elçibəyin hakimiyyəti 1993-cü ilin iyununda qiyamla devrilib və o doğma Kələki kəndinə gedib, orada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirib.

Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra - 1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrilib.

Yorulmadan demokratiya və milli bütövlük uğrunda mübarizə aparan Elçibəy ağır xəstəlikdən sonra 22 avqust 2000-ci ildə - 63 yaşında Türkiyənin Ankara şəhərində vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Əbülfəz Elçibəyin dostu, onun hökumətində Strateji Məsələlər üzrə Dövlət Müşaviri və Dövlət Neft Şirkətinin prezidenti olmuş Sabit Bağırov Amerikanın Səsi radiosuna müsahibəsində Əbülfəz Elçibəyin siyasi həyat yolu, enerji siyasəti və dostluğu ilə bağlı danışıb.

Sual: Əbülfəz Elçibəyi dost kimi necə xatırlayırsınız?

Cavab: Əbülfəz Elçibəy çox nəcib bir insan, böyük vətənpərvər və müdrik dost idi. Bu əsas keyfiyyətlər təəccüblü deyil ki, on minlərlə insana onunla yaxın olmaq, arxası ilə getmək istəyi aşılayıb. Mən də, Əbülfəz Elçibəylə dostluğumdan şərəf duyuram.

Sual: Prezident Əbülfəz Elçibəyin əsas islahatlar proqramı nə idi?

Cavab: Əbülfəz bəyin özü, sözün əsl mənasında böyük demokrat idi. O, demokratiyanın böyük dəyər olduğunu qəbul edən bir insan idi. İqtisadiyyat sahəsində baxışlarına gəlincə, birmənalı olaraq bazar iqtisadiyyatı dəyərlərinə üstünlük verən dövlət xadimi idi. Mən, bu mənada dəfələrlə onun dəstəyinə arxalanmışam. Çünki, mənə və bir komandaya liberal iqtisadiyyatın tərəfdarı kimi islahat proqramı hazırlayıb, həyata keçirmək tapşırılmışdı.

Sual: Əbülfəz Elçibəy hakimiyyəti dövründə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Azərbaycan manatının üzərində Məmməd Əmin Rəsulzadənin portreti həkk edilmişdi. Bunun təşəbbüsçüsü kim idi?

Cavab: Məmməd Əmin Rəsulzadənin portretinin milli valyutanın üzərində əks etdirilməsi Əbülfəz Elçibəyin ideyası idi. Düzdür, milli valyutanın çapı 1991-ci ilin sonlarında sifariş edilmişdi. Ancaq, hələ tam hazır deyildi, kiçik bir miqdar valyuta çap edilmişdi. Əbülfəz Elçibəy prezident seçilən kimi bu məsələyə ciddi diqqət ayırdı. Onun təkidi ilə yenidən Məmməd Əmin Rəsulzadənin portreti əks olunmaqla böyük məbləğdə valyuta kütləsi çap edildi. Bu islahatın aparılması elə də asan olmadı. Həm Xalq Cəbhəsi, həm də əks düşərgədə əleyhinə çıxanlar çox idi. İqtisadçı alimlərin əksəriyyəti bu mövqedə idi ki, valyutanın dövriyyəyə buraxılması tezdir. İqtisadiyyatı yaxından izləyən adam kimi, mən görürdüm ki, başqa çıxış yolu yoxdur. Nəyə görə? Çünki, dövlət qulluqçularının əmək haqları, pensiyalar, digər sosial təbəqələrə böyük miqdarda borclar yaranmışdı. Bu borcları qaytarmaq üçün böyük miqdarda rubl tələb olunurdu. Rublun alınması üçün isə keçmiş SSRİ-nin Mərkəzi Bankına müraciət edilirdi. Onlar rublu çap edirdi. Müstəqilliyini əldə etmiş bir dövlətin digər dövlətin pul vahidindən milli valyuta kimi istifadə etməsi də düzgün olmazdı. Rusiya da bunu yaxşı anlayırdı və siyasi təzyiq kimi valyuta amilindən istifadə edirdi. Biz, bu zaman milli valyutanı dövriyyəyə buraxmaqla, bu problemləri aradan qaldırdıq. Bu, həm də Azərbaycanın müstəqil, suveren iqtisadi siyasət aparmasını təmin etdi.

Sual: Elçibəy hökumətinin enerji siyasətini həyata keçirən vəzifəli şəxs olubsunuz. Azərbaycanın o dövrkü enerji siyasəti ilə, indiki siyasəti arasındakı fərqli cəhətlər və oxşarlıqlar nədir?

Cavab: Oxşarlıqlar, təbii ki, daha çoxdur. Çünki, sistem və ümumdövlət məqsədləri eynidir. Məqsədlər bütün istifadəçiləri vaxtında və keyfiyyətli enerji ilə təmin etməkdir.

Neft siyasətinə gəldikdə, nəyi qeyd edə bilərəm. O zaman, Neft Şirkətinə rəhbər təyin edildikdən sonra vəziyyətlə tanış olub, təhlil etdikdən sonra Əbülfəz bəylə geniş müzakirəmiz oldu. Mən vəziyyəti ona məruzə etdim, məsləhətləşib qərara gəldik ki, əsas üç istiqamət seçilsin. Birincisi, artıq 80-ci illərin axırından neft-qaz hasilatında kəskin enmənin qarşısı alınmalı, stabilləşmə yaratmaq, ikincisi Dövlət Neft Şirkətində islahatlar apararaq müasir, beynəlxalq standartlara cavab verən bir şirkətə çevirmək, üçüncü neft müqavilələrinin qısa müddətdə imzalanması üçün işləri sürətləndirmək. Bunlar siyasətin əsas istiqamətləri və prinsipləri idi.

Sual: Əbülfəz Elçibəy haqq dünyasına qovuşub. Lakin, hazırda onun oğlu ölkəni tərk edib. Ailəsinin digər üzvləri də dəfələrlə ölkəni tərk edəcəkləri ilə bağlı bəyanatlar verib. Elçibəyin ailəsinə hökumətin münasibətini necə qiymətləndirirsiniz?

Cavab: Bu münasibəti anlaşılmaz və ədalətsiz kimi qiymətləndirirəm. Bu ədalətsizliyin bir nümunəsidir. Qəribə gələn odur ki, indiki hakimiyyətdə olanlar arasında, o zaman Xalq Cəbhəsinin fəalları olan insanlar kifayət qədər çoxdur. Əbülfəz bəyə rəğbət göstərən insanlar kifayət qədər çoxdur və belə bir münasibət anlaşılmazdır. Əminəm ki, müəyyən bir dövr keçdikdən sonra Elçibəyə qarşı hökumətin münasibəti dəyişəcək. Tam əksinə dəyişəcək. Ancaq, bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır.

XS
SM
MD
LG