Accessibility links

“Mərhələ -2” layihəsi çərçivəsində dəyəri 1,5 mlrd dollar olan yeni müqavilə imzalanıb


Xəzərdə platforma

Xəzərdə platforma

“Şahdəniz” konsorsiumu mayın 3-də “Mərhələ -2” layihəsi çərçivəsində dərin sularda sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması üçün dəyəri 1,5 mlrd dollar olan yeni müqavilə imzalayıb.

“BP-Azerbaijan” şirkətinin (“Şahdəniz” layihəsinin operatoru) yaydığı məlumatda deyilir ki, bu müqavilənin icrası BOS Şelf LLC, Saipem Contracting Netherlands B.V. və Star Gulf FZCO şirkətlərindən ibarət konsorsiuma həvalə edilib.

Müqavilə çərçivəsində görüləcək işlərə dərin sularda layihənin beş cinahının hamısında sualtı hasilat sistemlərinin və sualtı qurğuların daşınması və quraşdırılması məqsədilə “Xankəndi” adlı yeni sualtı tikinti gəmisinin idarə edilməsi və istismarı daxildir.

BP-nin Şahdəniz Mərhələ 2 layihəsinin dəniz və sualtı işlər proqramı üzrə vitse-prezidenti Frank Uilson deyib: “Bu əməkdaşlıqda biz nəhəng Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işlərini birlikdə irəli aparacağıq. Bakı Gəmiqayırma Zavodunda tikilməkdə olan qabaqcıl xüsusiyyətlərə malik yeni “Xankəndi” gəmisi Şahdəniz Mərhələ 2-nin sualtı qurğularının daşınması və quraşdırılmasında əsas işləri görəcək. Bu qurğular Xəzərdə indiyədək quraşdırılmış ən böyük sualtı hasilat sistemi olacaq”.

Bu müqavilə çərçivəsində görüləcək işlərin 2022-ci ilin ortalarınadək başa çatdırılması planlaşdırılır. 2022-2027-ci illər arasında şərq-cənub, şərq-şimal və qərb-cənub sualtı cinahlarında qalan fontan armaturlarının, sualtı birləşdirici kabellərinin və birləşdirici asqıların quraşdırılması işlərini əhatə etmək məqsədilə müqavilənin daha beş il müddətinə uzadılmaq imkanı da var. İşlərin həcminə həmçinin 2019-cu ildə “İsrafil Hüseynov” borudüzən barajının yenidən işlərə cəlb olunması və dərin sularda axın xətlərinin quraşdırılmasının ikinci mərhələsi üzrə işlər də daxildir.

Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə işlər ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğun irəliləyir və Azərbaycan və Gürcüstan ərazisində mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri də daxil olmaqla layihənin ümumilikdə 70%-dən çox hissəsi tamamlanıb.

XS
SM
MD
LG