Accessibility links

Şahdəniz 2 layihəsi üzrə daha iki müqavilə imzalanıb


Xəzərdə platforma

Xəzərdə platforma

Şahdəniz konsorsiumu Şahdəniz Mərhələ 2 işlənmə layihəsinin irəliləyişi üçün vacib olan daha iki müqavilənin imzalandığını bildirir.

BP-nin Bakı ofisindəki mətbuat xidmətinin məlumatına görə imzalanan iki müqavilə ümumilikdə 226 milyon dollar dəyərindədir və “Bredero Shaw” şirkətinin boru örtükləmə bölməsinin bir hissəsi olan “ShawCor Nederland B.V.” (Bredero) şirkəti ilə imzalanıb.

Məlumatda deyilir ki, bu müqavilələr üzrə işlərə Şahdəniz 2 işlənməsinin sualtı ixrac boru kəmərlərinin korroziya əleyhinə və ağırlaşdırıcı betonla örtüklənməsi, həmçinin Bakıdakı boru-örtükləmə müəssisəsi olan “Caspian Pipe Coatings” (CPC) zavodunun modernləşdirilməsi daxildir. Modernləşdirmə işləri həmin müəssisənin layihənin korroziya əleyhinə və ağırlaşdırıcı beton örtükləmə tələblərinə cavab verməsini təmin edəcək.

“Müqavilələr çərçivəsində bütün tikinti və örtükləmə işləri yerli resurslardan istifadə etməklə Bakıdakı CPC müəssisəsində həyata keçiriləcək. Müqavilələrin icrasına təxminən 300 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir. Bu da Şahdəniz konsorsiumunun Azərbaycanın yerli resurslarından istifadəni opimallaşdırmaqla bağlı götürdüyü öhdəliyi bir daha nümayiş etdirir”, BP-nin Bakı ofisi qeyd edir.

Örtükləmə işlərinin CPC zavodundakı modernləşdirmə işləri başa çatdıqdan sonra, 2015-ci ilin yanvar ayında başlaması gözlənilir.

Mərhələ 2 üzrə ilk qazın əldə edilməsi qrafikinə əməl etmək üçün ilk öncə 16 düymlük kəmər borularının örtüklənərək borudüzmə işlərinə hazır olması 2015-ci ilin ikinci rübünə, sonra isə 32 düymlük kəmər borularının örtüklənməsi işlərinin başa çatdırılması 2015-ci ilin oktyabr ayına planlaşdırılır.

BP-nin Şahdəniz Mərhələ 2 proqramı üzrə vitse-prezidenti Yuan Dramond deyib: “Biz ötən ilin dekabr ayında verilmiş yekun investisiya qərarından bu vaxtadək layihənin irəliləyişindən məmnunuq. Əsas mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə müqavilələrin əksəriyyəti artıq imzalanıb və Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri qrafikə uyğun davam edir. Artıq təxminən 9,6 milyard dollar dəyərində müqavilələr imzalanıb, Azərbaycan və Gürcüstan ərazisindəki bir çox tikinti sahələrində işlər başlanıb.

Azərbaycanda dayaq blokları və üst modulların tikinti-quraşdırma sahələrində, habelə terminalın genişləndirilməsi sahəsində aparılan işlər irəliləyir. Mən xüsusilə məmnunam ki, bütün tikinti sahələrində aparılan işlərdə əməyin təhlükəsizliyi üzrə davamlı öhdəlik əsas diqqət mərkəzindədir. Dayaq bloklarının inşa edildiyi Bakı Dərin Özüllər Zavodu artıq heç bir xəsarətə yol vermədən bir milyon adam-saat, ATA (AMEC-Tekfen-Azfen) tikinti quraşdırma sahəsi isə iki milyon adam-saat göstəricisinə nail olub. Bu, çox yaxşı bir nailiyyətdir və biz gözləyirik ki, işlərimiz sahələrin hamısında və bütün tikinti müddəti ərzində belə davam edəcək.”

Şahdəniz Mərhələ 2 layihəsi Xəzər dənizində yerləşən nəhəng Şahdəniz yatağından ildə 16 milyard kubmetr qazın hasil edilməsinə və bu qazın təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunmasına imkan yaradacaq. İlk qazın hasilatı, Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ildə nəzərdə tutulub. Avropaya isə ilk qaz təxminən bundan bir il sonra çatdırılacaq.

XS
SM
MD
LG