Accessibility links

“Salam qonşu!” - Qaçqın suriyalıların düşərgə həyatı [Video]


İordaniyanın "Zaatari" qaçqın düşərgəsində 80 minə yaxın qaçqın yaşayır. Rejissor Kris Templ və onun köməkçisi Zak İnqrasi bir ay bu düşərgədə qalıb. Düşərgənin mərkəzindəki çadırda suriyalı qaçqınlarla yanaşı yaşayan bu amerikalılar qaçqın həyatının necə olduğunu hiss etmək istəyib. Nəticədə isə “Salam qonşu!” sənədli filmi ərsəyə gəlib.

Kris Templ və onun yardımçısı ilk dəfə idi ki, Yaxın Şərqə səfər edirdilər. “Biz düşərgəyə çatana və çadırımızı qurana qədər çox həyəcanlı idik. Bütün qaçqın ailələri çadırlarından çıxıb bizim ətrafımıza toplaşdı” deyə, Kris Templ bildirir.

Dünyada müsəlmanlar və ərəblərin terrorçu olması barədə təsəvvür formalaşıb. Kris Templ deyir ki, o, bu filmi insanları belə fikirlərdən yayındırmaq üçün çəkdiyini deyir. “Regionda terror qorxusunu yaşayanlar qaçqınlardır, ərəb və müsəlmanlardır. Bu, xristianların müsəlmanlara hücumu deyil, Təsəvvür edin ki, siz hazırda Suriyadasınız. Siz Əsədlə İŞİD kimi bir qrupun arasında qalmısınız.”

“Salam, qonşu!” filmində əsasən orta sinif qaçqın suriyalı ailələri görmək olur. Onlardan biri 11 yaşlı Raufdur. Evlərinin yaxınlığındakı bombardmandan sonra o, psixoloji travma alıb. “Zaatari” düşərgəsinin müharibə zonasından 11 km-lik məsafədə yerləşməsinə baxmayaraq, bomba səsləri buraya da gəlib çıxır. “Raufun günahı nədir? Bu qaçqın böhranıdır, Suriyalı 4.8 milyon qaçqının 75 faizi qadın və uşaqdır.”

Kris Templın “qaçqın nə deməkdir", sualına Qasım adlı qaçqın belə cavab verir: “Qaçqın vətənindən, evindən qovulan şəxsdir, Onun yalnız ailəsi və əynindəki paltarı var.”

Kris Templ ümid edir ki, onun bu sənədli filmi Türkiyəyə, Livana, İordaniyaya və Yunanıstana qaçan milyonlarla suriyalı barədə insanlarda mərhəmət yaradacaq. “Fikrimcə qaçqınlar barədə ən ağır mif onların yük olmaları haqdakı fikirlərdir. Sizin həkimləriniz, vəkilləriniz var. Güsun filmdəki surətlərdən biridir. O, Suriyada şəfqət bacısı idi. Bu o deməkdir ki, onun kimi insanlar getdikləri ölkəyə də xeyir verə bilər.”

XS
SM
MD
LG