Accessibility links

Salman Rüşdi, Cozef Anton və fətvalar


Yazıçı yeni kitabında fətvadan sonra dünyadan gizli yaşadığı illəri təsvir edir

“Şeytan ayələrinin” müəllifi, dünya şöhrətli yazıçı Salman Rüşdi yenidən dünyanın diqqətini özünə cəlb edir; yeni kitabı və İranda ona qarşı yeni fətvanın verilməsi ilə.

1988-ci ildə “Şeytan Ayələri”-nin nəşri müsəlman dünyasında bu günlər Kaliforniyada həvəskar rejissorun “Müsəlmanların məsumiyyəti” adlı filminin internetdə göstərilməsindən sonra verilən reaksiyaya oxşar şəkildə qarşılanmışdı. Müsəlman ölkələrində bəzi hallarda insan ölümülə nəticələnmiş etiraz aksiyaları keçirilmişdi. 1989-cu ildə fevralın 14-də o zaman İranın Ali dini rəhbəri Ayətullah Ruhulla Xomeyni kitabı islama qarşı küfr adlandıraraq, onun müəllifi və kitabı nəşr edən bütün şəxslərin qətlinə çağıran fətva vermişdir.

“Şeytan Ayələri” nəşr olan zaman Londonda yaşayan Salman Rüşdi fətvaya görə gizlənməli olmuş və sonrakı illər hər zaman ətrafında təhlükəsizlik agentləri və polis tərəfindən himayə altında yaşamışdır.

Yazıçının fətvadan sonra 10 il qapalı həyatını əks etdirən yeni romanı bu günlər işıq üzü görüb. “Cozef Anton” adlanan kitabda Salman Rüşdi 10 il gizli yaşamağa məcbur olduğu müddətdə fətvanın götürülməsi uğrunda mübarizə apardığı zaman keçirdiyi emosional vəziyyətləri təsvir etməyə çalışıb. Kitabın adı Salman Rüşdinin fətvadan sonra özünə iki böyük yazıçı, Cozef Konrad və Anton Çexovun adlarının birləşməsindən yaratdığı təxəllüsdən götürülüb. Bu təxəllüs olmadan onun adi həyatda normal faəliyyəti mümkün deyildi. Etnik mənsubiyyətini gizlətməli olduğundan yazıçının özünün dediyi kimi, o özünə tanıdığı daha bir dünyada, ədəbi dünyada ad tapmışdı.

Kitabda amerikalı naşir kimi təsvir edilən Cozef Antonun həyatı Salman Rüşdinin həyatından fərqlidir. O, Rüşdinin əvvəllər tanıdığı dünyadan tamamilə fərqli bir dünyada yaşayır. Yazıçı fətvanın qaldırılması üçün daim yollar axtarmaqla yanaşı, şəxsi həyatının məqamlarını təfərrüatı ilə təsvir edir. Salman Rüşdi oxucusu ilə səmimi olmaq, ondan heç bir şeyi gizlətməməyə çalışır.

600 səhifəlik kitabın bir maraqlı tərəfi onun üçüncü şəxsin adından yazılmasıdır. Yazıçı oxucuya təkcə memuar deyil, həm də bədii əsər təqdim edir.

Rüşdinin yeni kitabı müsəlman ölkələrində “Müsəlmanların məsumiyyəti” adlı qeyri-professional filmə reaksiya olaraq etiraz nümayişlərinin keçirildiyi bir vaxta təsadüf edir. Eyni zamanda İranın dini qurumu ona qarşı əvvəlki fətvanın 1989-cu ildə götürülməsindən sonra şənbə günü yeni fətva çıxarıb. Rüşdinin ölümünə görə mükafat 2,8 milyondan 3,3 milyona qaldırılıb. Yazıçı İranda verilən yeni fətvaya əhəmiyyət verməyərək, bunu hansısa ruhaninin özünə ad qazanmaq istəyi ilə izah edib. İslam əleyhinə qarşı filmə münasibətə gəldikdə, Salman Rüşdi aşağı səviyyəli bir filmə müsəlman dünyasında ifrat reaksiya verildiyini deyir.

Dünya müsəlmanlarının çoxu üçün Salman Rüşdi dini təhqir edən, düşmən yazıçıdır. O belə hesab etmir və “Şeytan Ayələri”ndə nə dini, nə də Peyğəmbəri təhqir etmək fikrində olmadığını deyir. “Cozef Anton” kitabının sonunda o özü-özünə sual verərək, qələbə çaldığı, yoxsa əzildiyini soruşur və buna cavab tapmağa çalışır. Yazıçı hesab edir ki,“Şeytan Ayələri”ni bir kitab, əsər olaraq müəllifin uğuru adlandırmaq olar, lakin müasir dünyaya baxdıqda hələ də qorxular, hədələr, təhlükələr qalır. Onun üçün bu hədələr və təhlükələr bu gün müsəlman ölkələrində Amerikada istehsal edilmiş filmə zorakı etiraz aksiyalarında öz əksini tapır. “Cozef Anton” kitabında o, müsəlman dünyasında təfəkkür tərzinin dəyişməsinə ehtiyac olduğunu düşündüyünü və islam fundamentalizminin güclənməsində qərbin də məsuliyyəti olduğunu yazır.

Salman Rüşdi indi ateist olsa da, Mumbay şəhərində müsəlman ailəsində anadan olub. O, müsəlman dünyasında islahatlara, yeni düşüncə tərzinə çağırır. Uşaqlıq illərini xatırlayan yazıçı müsəlman şərqinin çoxmillətli və müxtəlif mədəniyyətlərinin qarışdığı Beyrut və Bağdad kimi şəhərlərinin bu gün fəlakət zonalarına çevrildiyini deyir. 1998-ci ildə ona qarşı fətva qaldırılandan sonra Rüşdi ABŞ-da Nyu-Yorkda yaşayır. Kosmopolit Nyu-York yazıçının ruhuna yaxındır. Onun dediyinə görə London və Mumbay kimi.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG