Accessibility links

SAMA: Siyasi məhbusların sayı 70 nəfərdən çoxdur


SAMA: Siyasi məhbusların sayı 70 nəfərdən çoxdur
SAMA: Siyasi məhbusların sayı 70 nəfərdən çoxdur

Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) 2 aprel 2011-ci ildə Bakıda siyasi partiyaların, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların ittifaqı olan İctimai Palatanın təşkil etdiyi etiraz aksiyasının iştirakçılarından 6 nəfərin barəsində çıxarılmış məhkəmə qərarını ədalətsiz və siyasi xarakterli hesab edir.

Turan Agentliyinin məlumatına görə, Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) 2 aprel 2011-ci ildə Bakıda siyasi partiyaların, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların ittifaqı olan İctimai Palatanın təşkil etdiyi etiraz aksiyasının iştirakçılarından 6 nəfərin barəsində çıxarılmış məhkəmə qərarını ədalətsiz və siyasi xarakterli hesab edir.
Avqustun 25-də Səbael rayon məhkəməsi 2 aprel aksiyasında iştiraka görə həbs edilmiş 6 müxalifətçi barəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirli bilərək qərar çıxarıb. Həbs olunan şəxslər AXCP, Müsavat partiyalarının üzvləri və bitərəflər olmaqla 1 il 6 aydan ildən 3 ilədək azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, 2 aprel mitinqi zamanı sözügedən 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandıraraq 3 nəfəri qaçırıb, avtobusa 1325 manat dəyərində ziyan vurub. Ancaq, SAMA-nın istintaq prosesi və məhkəmə dinləməsi üzrə monitorinqinin nəticələri, habelə həbs edilmiş şəxslərin vəkillərinin bu proses üzrə rəyi göstərir ki, həm istintaq, həm də məhkəmə dindirilməsi prosesləri üzrə ədalətli mühakimə hüququ pozulub. Eyni zamanda, təqsirləndirilən şəxslərə qarşı ittihamlar daha çox siyasi xarakter daşımaqla əsaslandırılmayıb, şübhə doğuran mülahizələrə söykənilib.
SAMA İctimai Palatanın fəallarından olan, tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərli barədə Göyçay rayon Məhkəməsinin 27 avqust 2011-ci ildə çıxardığı həbs qərarını da ədalətsiz və siyasi xarakterli sayır. Vidadi İsgəndərov Cinayət Məcəlləsinin 159.3 (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1 (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) və 132-ci (döymə) maddələri ilə təqsirli bilinib. “Lakin məhkəmənin gedişi göstərdi ki, sübutlar saxtadır, istintaq öyrədilmiş şahidlər və zərərçəkənlərin təzadlı ifadələri ilə qurulub və Vidadi İsgəndərlinin ədalətli mühakimə hüquq təmin edilməyib”, deyə SAMA-nın hesabatında qeyd edilir.
Bundan öncə isə AXCP-dən olan siyasətçi Şahin Həsənli siyasi motivlərlə mühakimə edilib və iyulun 21-də Şəmkir rayon məhkəməsi onun iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
SAMA Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının da həbsini ədalətsiz və siyasi xarakterli sayır. Bakının Nəsimi rayon məhkəməsinin 17 iyun 2011-ci il hökmü ilə Nemət Pənahlı xuliqanlıqda və bədənə xəsarət yetirməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
SAMA Cabbar Savalanlı və Bəxtiyar Hacıyevi də siyasi məhbus hesab edir.
Qurumun koordinatoru Anar Məmmədli Turana bildirib ki, ölkədə siyasi məhbusların sayı dəqiqləşdirilir. “Biz əvvəlki illərdə həbs olunan siyasi məhbusların siyahılarını dəqiqləşdiririk. Təqribi məlumatlara görə, ölkədə siyasi məhbusların ümumi sayı 70 nəfərdən çoxdur”.
SAMA 3 fevral 2011-ci ildə bir qrup jurnalist, vətəndaş fəalı və hüquq müdafiəçisinin təsis etdiyi, siyasi plüralizmin, siyasi hüquqların müdafiəsi və təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

Öz növbəsində, rəsmi hakimiyyət ölkədə siyasi məhbusların olmadığını bildirir. Hökumət Azərbaycanda hüquqi dövlət olduğunu, bütün hərəkətlərin qanunvericiliklə nizamlandığını, siyasi fəaliyyətə görə insanların həbs edilmədiyini deyir.

XS
SM
MD
LG