Accessibility links

Samir Əliyev: Manatın devalvasiyası zaman məsələsidir [Video-Müsahibə]


Samir Əliyev: Manatın devalvasiyası zaman məsələsidir
please wait

No media source currently available

0:00 0:07:23 0:00

Samir Əliyev: Manatın devalvasiyası zaman məsələsidir

İqtisadçı ekspertin Amerikanın Səsinə müsahibəsi

İqtisadçı ekspert Samir Əliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanın maliyyə bazarındakı son durum, dünya iqtisadiyyatındakı böhranın, neft qiymətlərinin kəskin düşməsinin Azərbaycana təsirləri və gözlənilən risklərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanın maliyyə bazarında mövcud durumu necə qiymətləndirirsiniz? Nə baş verir?

Ümumən götürəndə bank sektoru hazırda çox böyük stress altındadır.

Samir Əliyev: Azərbaycanın maliyyə bazarı hazırda baş vermis devalvasiyanın fəsadlarına adaptasiya olunur. Bu azmış kimi qarşıdan da yeni bir devalvasiya gözləntiləri gəlir. Ona görə çox böyük bir çaxnaşma var. Banklar, hansı ki maliyyə sisteminin əsasını təşkil edir, hələ ki, zərbədən çıxa bilməyiblər. Yəni, birinci devalvasiya çox böyük zərər vurub. Banklar milyonlarla itki verib, kredit qoyuluşunda çox böyük problemlər var (bir tərəfdən problemli kreditlər kəskin sürətdə artıb, digər tərəfdən kreditləşmədə çox böyük ləngimələr var). Problem həm də əmanət bazarını vurub, əmanət qoyuluşunda da kəskin azalmalar var. Ümumən götürəndə bank sektoru hazırda çox böyük stress altındadır. Mərkəzi Bank iki bankın lisenziyasını geri alıb. Bir neçə bank bazarı tərk etməyə namizəddir. Mövcud bankların azı 30-40 faizi bu gün gərgin bir zərər altında işləyir. Banklar bu vəziyyətdən çıxmamış dünya bazarında baş verən hadisələr, yəni konkret olaraq neftin ucuzlaşması, Çin iqtisadiyyatında baş verən tənəzzül elementləri ona gətirib çıxarır ki, neft kəskin ucuzlaşır. Azərbaycanın əsas xarici ticarət tərəfdaşları olan Rusiya rublu ucuzlaşmağa başlayıb, Türkiyə lirəsi oxşar vəziyyətdədir. Azərbaycan iqtisadiyyatına yaxın olan Qazaxıstan devalvasiya etdi. Yəni, bütün bunlar bir tərəfdən Azərbaycanda birinci devalvasiyadan əvvəl baş verənləri xatırladır. Təxminən eyni proseslər baş verir ki, bu da insanlarda təbii olaraq narahatlıq yaradır. Digər tərəfdən, Azərbaycanda bu gün ən böyük problem kapital axınıdır. Bu gün böyük miqdarda kapital ölkədən axır, böyük şirkətlər bağlanır, xarici şirkətklərin ölkəni tərk etməsi müşahidə edilir. Bunlar manatı təzyiq altında saxlayır. Hazırda bunun nəticəsidir ki, bazarda bir panika var. Çox təəssüf ki, müvafiq dövlət qurumları, başda Mərkəzi Bank olmaqla baş verən prosesalərlə bağlı ictimaiyyətə zəruri məlumatları vermir.

Amerikanın Səsi: Devalvasiya nə vaxt baş verəcək?

Bu gün manata təkcə neft yox, kapital axını da təsir göstərir. Ona görə də manatın devalvasiyasının baş verməsi zaman məsələsidir.

Samir Əliyev: Devalvasiya ehtimalı heç vaxt getməyib. Bu ehtimal hər zaman baş verib. Sadəcə olaraq neftin qiyməti 70 dollara yaxınlaşanda bu ehtimal azalmışdı, indi neft yenidən ucuzlaşır, 50 dollardan aşağı düşür. Elman Rüstəmov da (Mərkəzi Bankın İdarə Heyətinin sədri) açıqlamasında bildirmişdi ki, neftin qiyməti 40 dollar olana qədər mənfi profsit qeydə alınmayacaq. Mən düşünürəm ki, əslində neftin qiymətinin 50 dollardan aşaı olması manatı təzyiq altında saxlayır. Bu gün manata təkcə neft yox, kapital axını da təsir göstərir. Ona görə də manatın devalvasiyasının baş verməsi zaman məsələsidir. Bunun nə vaxt baş verməsinə artıq hökumət qərar verəcək.

Amerikanın Səsi: Dünya əmtəə birjalarında qiymətlər sürətlə enir. Azərbaycan bazarında isə əmtələrin qiymətləri sürətlə qalxır. Səbəb nədir?

Əslində burada ən böyük problem gömrük-keçid məntəqələridir.

Samir Əliyev: Əslində burada ən böyük problem gömrük-keçid məntəqələridir. Dünya bazarında baş verənlərə Azərbaycan bazarı adekvat deyil. Məsələn, ilin əvvəlində Rusiyada infilyasiya olanda Rusiyadan ixrac olunan mallar kəskin ucuzlaşacağı halda Azərbaycanda bunu müşahidə etmədik. Yaxud da ki, çox cüzi ucuzlaşma baş verdi. Azərbaycana qızıl idxal olunur. Dünya bazarında qızıl əhəmiyyətli dərəcədə ucuzlaşır, amma Azərbaycanda bunu müşahidə etmirik.

Nəyə görə neft iki dəfə ucuzlaşıb, ancaq Azərbaycanda benzin ucuzlaşmır?

Eyni yanaşmanı benzinə də tətbiq edə bilərik. Nəyə görə neft iki dəfə ucuzlaşıb, ancaq Azərbaycanda benzin ucuzlaşmır? Hətta, xaricdən ixrac olunan (95 markalı və daha yüksək oktanlı benzinlər) benzinin belə, ucuzlaşması baş vermir. Buna səbəb, təbii ki, gömrük sisteminin liberal olmamasıdır. Müəyyən müşahidələr onu göstərir ki, xarici ölkələrdə hansı ki, Azərbaycana mallar gətirilir, həmin ölkələrdə qiymətlərin ucuzlaşması sanki gömrük məntəqlərində müəyyən qədər tənzimlənir, Azərbaycana əvvəlki qiymətlərlə daxil olur. Bu da xarici bazarda ucuzlaşmanın, daxili bazara təsir etməməsinə gətirib çıxarır.

Amerikanın Səsi: Manatın yeni devalvasiyası, neft qiymətlərinin sürətlə enməsi Azərbaycanda hansı fəsadlara yol aça bilər? Söhbət sosial-siyasi fəsadlardan gedir.

Qiymət artımı inflyasiyanı şərtləndirəcək. Bu isə bank sektoruna çox böyük zərbə vuracaq. Nəticəyə gəlmək olar ki, çox böyük ixtisarlar olacaq.

Samir Əliyev: Milli valyutanın baha olması, hansıkı bu vaxta qədər Mərkəzi Bank tərəfindən bu siyasət yürüdülürdü, - sosial baxımdan bu, müsbət addım idi. Bir tərəfdən xaricdən gətirilən mallar bahalaşmırdı, ucuz başa gəlirdi. Eyni zamanda, insanların aldığı maaşlar (manat ucuzlaşmadığına görə) onların ən azı problemlərini həll edə bilirdi. Devalvasiya baş verməsi o deməkdir ki, əvvəla xaricdən gətirilən malların kəskin bahalaşmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Azərbaycanda istehsal olunan məhsulların əksəriyyətinin xammalı xaricdən gətirilir, deməli daxildə istehsal olunan məhsullar da bahalaşacaq. Qiymət artımı inflyasiyanı şərtləndirəcək. Bu isə bank sektoruna çox böyük zərbə vuracaq. Nəticəyə gəlmək olar ki, çox böyük ixtisarlar olacaq, həm maliyyə sektorunda (buraya bank və sığorta bazarı daxildir), həm də dövlət investisiyaları sektprunda, - hansı ki, regionlarda böyük həcmdə iş yerləri açılmışdı. İnvestisiyaların ixtisarı hesabına həmin iş yerləri bağlanacaq. Eyni zamanda, dövlət qurumlarında çalışan insanların ixtisarları olacaq. Bir sözlə bu, çox böyük sosial gərginlik yarada bilər. Nəzərə alaq ki, bu gərginliyi daha da pisləşdirən amil Rusiya amilidir ki, bu ölkədə çoxlu insanlar çalışır. Rusiyada da vəziyyətin pisləşməsi bizim ölkəyə, xüsusən də Azərbaycanın regionlarına çox mənfi təsir göstərir.

Amerikanın Səsi: Manatın alıcılıq qabiliyyəti düşür, ailələrin gəlirləri azalır. Belə olan halda hökumət hansı qabaqlayıcı tədbirlər həyata keçirməlidir? Məsələn, dərmanların qiymətləri aşağı salındı, başqa məhsulların qiymətlərinə də müdaxilə edilə bilərmi?

Sahibkarlığa qarşı müdaxilə olmazsa bazar qısa müddətdə qiymətləri tənzimləyə bilər.

Samir Əliyev: Düşünürəm ki, iqtisadiyyatı liberallaşdırmaq lazımdır. İlk növbədə gömrük sistemi sadələşdirilməlidir ki, xaricdən gələn mallar devalvasiyanın qurbanı olmasın. Kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir, rəqabət mühiti yaradılmalıdır. Sahibkarlar ucuz maliyyə resursu ilə, kreditlərlə təmin olunmalıdır. Bunlar baş verərsə, sahibkarlığa qarşı müdaxilə olmazsa bazar qısa müddətdə qiymətləri tənzimləyə bilər.

XS
SM
MD
LG