Accessibility links

Şənbə günü Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava hücumları dəfn mərasimində 140-dan çox insanın ölümünə səbəb olduqdan sonra bazar günü minlərlə insan Yəmənin paytaxtı Sənanın küçələrinə çıxıb.

“Biz bu gün insan haqlarını müdafiə etməsi üçün BMT-yə səslənmək və dünən dəfn mərasimində törədilmiş misilsiz qətliamı pisləmək məqsədi ilə küçələrə çıxmışıq. İnsan haqları haradadır? BMT haradadır? Dünya hara baxır?” – deyə yəmənli nümayişçi Əmir Hüseyin Əl-Səlimi bildirib.

Biz bu gün insan haqlarını müdafiə etməsi üçün BMT-yə səslənmək və dünən dəfn mərasimində törədilmiş misilsiz qətliamı pisləmək məqsədi ilə küçələrə çıxmışıq. İnsan haqları haradadır? BMT haradadır? Dünya hara baxır?

BMT-nin ofisi önündə nümayişlər bomba Huti üsyançılarının tanınmış rəsmisinin atasının dəfn mərasimi keçirilən yerə düşdükdən bir gün sonra keçirilir. Hadisə baş verən yerdən əldə edilmiş video görüntülərdə dağıntılar arasından xilasetmə dəstələrinin insan cəsədlərinin bədən hissələrini topladığını nümayiş etdirib.

BMT müşahidəçiləri 500-dən çox insanın hadisə zamanı yaralandığını bildirib.

Səudiyyə koalisiyasının rəsmiləri əvvəl hücumda iştirak etdiklərini təkzib edib. Lakin sonra hadisə ilə bağlı təhqiqat aparıldığını bəyan edib və hücumu kədər doğuran və üzücü hadisə adlandırıb.

Obama adminstrasiyası Yəməndə döyüşən Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyaya dəstəyini təcili nəzərdən keçirməyə başlayıb. Buna səbəb dünən paytaxt Sənada dəfn mərasiminə koalisiyanın hücumu nəticəsində 140-dan çox insanın ölməsidir.

ABŞ Milli Təhlükəsizlik Şurasının açıqladığı bəyanatda sözçü Ned Prays bildirib ki, Birləşmiş Ştatlar dəfn mərasiminə qarşı hava hücumunun törədilməsindən ciddi narahatdır. O, bunu yəmənli mülki vətəndaşların hədəf alınmasının davamı adlandırıb. Prays deyib ki, ABŞ-ın Səudiyyənin rəhbərlik etdiyi əməliyyatlara dəstəyi son zamanlar onsuz da həddən artıq azalıb.

XS
SM
MD
LG