Accessibility links

Ziyəddin Kazımov: Sanitar-gigiyenik vəziyyəti orta qiymətləndirirəm [Video-Müsahibə]


Şöbə müdirinin sözlərinə görə, qanunsuz ət, qazlı su, dönər, xəmir məhsullarının satışı davam edir. Şıx və Sahil çimərliklərində çimmək olmaz

Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Amerikanın Səsinə müsahibəsində ölkədə sanitar-gigiyenik vəziyyətdən danışıb. O sanitar vəziyyəti orta qiymətləndirir. Bununla yanaşı, məişət tullantılarının daşınmasında, rezervuarların azlığı, qanunsuz ticarət, ət kəsimi və başqa sahələrdə problemlər qalmaqdadır.

“Azərbaycanda sanitar-gigiyenik vəziyyəti orta qiymətləndirirəm. Bura şəhərlərin sanitariya təmizliyi, içməli su təchizatı, fəaliyyətdə olan obyektlərin sanitar-gigiyenik normalara cavab verməsi daxildir”, deyə şöbə müdiri bildirib.

Onun sözlərinə görə, ölkədə içməli su sanitar normaya uyğundur.

“Ölkənin 82 su mənbəyindən nümunələr laboratoriyada analiz edilib və bütün analizlərin nəticələri sanitar-gigiyenik normaya uyğundur. Bununla yanaşı, şəhərlərdə çoxsaylı su borularının istismar müddəti ötüb. Bu isə digər suların içməli suya qatışmasına imkan yarada bilir”, o qeyd edib.

Şöbə müdiri parklarda, meydanlarda, küçələrdə qanunsuz çayxanaların fəaliyyət göstərməsindən narahatdır.

“Bu obyektlər qanunsuzdur, içməli su mənbələri, kanalizasiya sistemi yoxdur, Qab-qacağı axar sularda yuyulmur, içməli su digər mənbələrdən gətirilir”.

Kazımov küçələrdə açıq şəraitdə suların satışının qadağan edildiyini bildirib.

“Qanunsuz obyektlər, o cümlədən çayxanalar, küçə ticarəti və açıq şəraitdə suların satışının aradan qaldırılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişik. Buna baxmayaraq, küçələrdə xəmir məhsullarının satışı da davam edir”.

Jurnalistlərin sualları əsasən zibilxanalar, zibil qutularının standartlara uyğun olmaması, mal və məhsulların üzərinə hər firmanın özünə sərf edən istifadə müddəti yazması, qanunsuz heyvan kəsimi, magistral yolların kənarında qanunsuz heyvan satışı ilə bağlı olub.

Z.Kazımov deyib ki, germetik zibil qutularının olmaması, zibil rezervuarlarının azlığı, tullantıların vaxtında daşınmaması halları ilə rastlaşmaq mümkündür.

“Qanunsuz olaraq heyvan kəsimi hələ də davam edir. Bununla bağlı ötən il 62 fiziki şəxs cərimə edilib. Bakı şəhərindən kənarda kəsim üçün torpaq sahəsi ayrılacaq. Gələcəkdə heyvan kəsimi paytaxtdan kənarda yalnız 3-4 yerdə aparılacaq. Kəsilən bütün heyvanlar baytarlıq nəzarətindən keçməlidir. Əhali baytarlıq nəzarətindən keçməyən heyvanların ətini almamalıdır. Hüquq mühafizə orqanları qanunsuz ət satışının qarşısını almalıdır”, o qeyd edib.

Şöbə müdiri əhalini toyuq dönərindən və açıq şəraitdə satılan qazlaşdırılmış sudan istifadə etməməyə çağırıb.

“Toyuq dönərləri standartlara cavab vermir. Bu dönər dondurulmuş toyuq budundan, bəzən isə mənbəyi bilinməyən ətlərdən hazırlanır. Hazırda dönər hazırlamağın standartları hazırlanır”.

O həmçinin əhalinin Sahil və Şıx çimərliklərində çimməməyə çağırıb. “Bu çimərliklərdə bağırsaq çöpü normadan 3 dəfədən çox artıqdır. Biz hüquq mühafizə orqanlarına çimərliyin fəaliyyətini dayandırmaq üçün müraciət etmişik”, o bildirib.

Z.Kazımov son 6 ayda 435 şəxsin sanitar qaydalara əməl etmədiyinə görə cərimələndiyini deyib.

“Son 6 ayda 42 iş istintaq orqanlarına göndərilib, 36 obyektin istismarı dayandırılıb”.
XS
SM
MD
LG