Accessibility links

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri görüşləri davam etdirmək barədə razılığa gəlib


Vladimir Putun, İlham Əliyev, Serj Sarkisyan

Vladimir Putun, İlham Əliyev, Serj Sarkisyan

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəlib.

APA agentliyinin məlumatına görə, bu barədə prezidentlərin Sankt-Peterburq sammitinin yekunları ilə bağlı qəbul olunan birgə bəyanatında bildirilir.

"Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər. Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər", bəyanatda qeyd edilir.

Birgə bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları vurğulanıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov APA-ya açıqlamasında prezidentlərin Sankt-Peterburq görüşünün konstruktiv şəkildə keçirildiyini bildirib.

“Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir”, o qeyd edib.

“İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”, nazir əlavə edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Sankt-Peterburqda prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

"Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub", Lavrov qeyd edib.

Onun sözlərinə görə, son günlər Dağlıq Qarabağda atəşkəs qorunub saxlanılır.

S. Lavrov dövlət başçılarının müşayiətsiz və köməkçisiz görüşdüyünü də söyləyib.

Ermənistan tərəfi hələ görüşlə bağlı şərh verməyib.

XS
SM
MD
LG