Accessibility links

Rusiyada iki il həbsdə saxlanılmış ukraynalı pilot Nadya Savçenko azad olunduqdan bir həftə sonra çərşənbə axşamı günü parlamentdə qarşılanıb.

“Mən geri döndüm və bu parlamentdə oturanlara səslənirəm- Maydanda və şərqi Ukraynada vətənimiz uğrunda öz həyatlarını fəda edən oğulları unutmağa izin verməyəcəm,” deyə Nadya Savçenko çıxışında bildirib.

O, bu sözləri parlamentdə emosional şəkildə Ukrayna himnini oxuduqdan sonra deyib.

35 yaşlı millət vəkili Kreml tərəfdarı separatçı qüvvələrə qarşı könüllü mübarizəyə qoşulmuş və 2014-cü ilin iyun ayında əsir götürülmüşdü. O vaxtdan bəri Savçenko Ukraynada çoxları tərəfindən qəhrəman olaraq qəbul edilir.

2014-cü ildə hələ həbsdə olduğu zaman millət vəkili seçilmiş Savçenko keçən həftə Rusiya ilə əsirlərin dəyişdirilməsi nəticəsində azad olunub.

Savçenko 2 il əsirlikdə olduğu müddətdə Ukraynanın millət vəkili seçilmiş və Avropa Parlament Assambleyasına nümayəndə təyin olunmuş ilk qadın pilotlarından biridir. Bu da öz növbəsində onun siyasi ambisiyalarına dair şayiələrin artmasına səbəb olub.

Savçenkonun Ukraynanın sabiq baş naziri və “Atayurd” (Batkivşina) partiyasının lideri Yuliya Timoşenko ilə əlaqələri ətrafında suallar yaranıb.

Həm Timoşenko, həm də Savçenko güclü şəxsiyyətlər kimi tanınır. Onların hər ikisi cəmiyyətdə açıq danışması ilə tanınan məşhur insanlardır. Timoşenko sabiq prezident Viktor Yanukoviçin siyasi təqibləri zamanı mübarizənin simvoluna çevrildiyi halda, Savçenko Ukraynanın Kremlə müqavimətinin simvoluna çevrilib.

XS
SM
MD
LG