Accessibility links

Qışqırmaq adətən qorxuya təbii reaksiyadır. Yeni araşdırmanın nəticələri göstərib ki, qışqırma narahatedici olsa da, faydalıdır. Dəhşətli, necə deyərlər qandonduran qışqırığın insanların qorxu səbəbindən çıxardığı digər səslərdən fərqli olaraq, xüsusi keyfiyyəti var.

“Bütün dünyada körpələr qışqırır. Hər bir yaşlı da qorxuya qışqırmaqla reaksiya verir. Bu, insan beyni və şüurunun xüsusiyyətidir” deyə, Nyu-York Universitetindən nevroloq David Popil bildirir.

Doktor Popil və onun əməkdaşları filmlərdən və bəzi könüllülərdən qışqırıq səslərini yazaraq laboratoriyaya gətirib. Onlar səsin gücünə və tonuna deyil, səsdəki enerji modulyasiyasına, başqa sözlə səsin səviyyəsinin necə dəyişdiyinə diqqət yetiriblər.

“Biz topladığımız bütün qışqırıqların üzərində yeni metodlardan istifadə edərək işlədik və belə məlum oldu ki, insanın çıxardığı digər səslərdən fərqli olaraq, qışqırığın unikal akustik ahəngi var. Belə çıxır ki, qışqırığın özünəməxsus xüsusi yeri var” deyə, alim bildirir.

İnsanın normal danışıq tonu saniyədə 4-5 hertzdirsə, qışqırıq daha sürətlə və daha geniş həcmdədir, saniyədə 30-150 hertzdir. Ən yüksək səs tonu isə “kobud” səs, yəni daha narahatedici səs adlanır. Alimlər siqnal sistemlərinin da narahatedici olduğunu deyirlər. “Avtomobillərdəki siqnallar, bəzi saatlardakı naraharedici zənglər də buraya daxildir” deyə Popil bildirir.

Kobud səslərin və siqnalların beyinə təsirlərini öyrənmək üçün alimlər qışqırıq səslərini MRT-də (Maqnit Rezonans Tomoqrafiyası) yoxlayıblar. Alimlərin “Current Biology” jurnalında dərc etdikləri araşdırmanın nəticələrində deyilir ki, kobud səslər beynin dərinliyindəki beyincik badamını aktivləşdirir və beynin siqnalları qəbul etməsinə yardım edir.

“Beyincik badamı ötürücü rolunu oynayır, yəni, “bu səsdə həyəcan və qorxu daha çoxdur” deyə. alim bildirir.

Bu səs insanları tez bir zamanda reaksiya verməyə vadar edir.

XS
SM
MD
LG