Accessibility links

Ettelaat milli fəal Səccad Əfruziyanı nəzarət altına alıb

Hüquq müdafiəçiləri İranın Şərqi Azərbaycan vilayətinin Məlikan şəhərində milli fəal Səccad Əfruziyanın evinə hücum edən çoxsaylı təhlükəsizlik qüvvəsi tərəfindən döyülərək həbs edildiyinə dair məlumat yayıblar.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinə istinadən, Ettelaatın Təbriz şöbəsindən göndərilən təqribən 10 məmur hər hansı bir məhkəmə qərarı göstərmədən güc tətbiq edərək Əfruziyan ailəsinin evinə daxil olublar.

HRA-nın məlumatına görə, “türk fəalın anası da təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalıb. Məmurlar evi təftiş edib və Səccadın qardaşı Fərdin Əfruziyanı da nəzarət altına almaq istəyiblər, amma o, evdə deyilmiş.”

Səccad və Fərdin Əfruziyan bundan əvvəl də göstərdikləri fəaliyyətlər və İran Azərbaycanında keçirilən etiraz aksiyalarına qatıldıqları üçün həbs və mühakiməyə məruz qalıblar.

İki qardaş 2015-ci ilin noyabr ayında İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından baş qaldıran kütləvi etirazlara qatıldıqları zaman tutulub və təqribən 40 gün nəzarətdə saxlanmışdılar.

XS
SM
MD
LG