Accessibility links

Cəmil Həsənli: Seçkinin legitimliyini şübhə altına almaq mümkündür [Yenilənib]


Cəmil Həsənlinin seçki qərargahı bəyanat yayıb

"Düşünürəm ki, artıq seçkinin legitimliyini indidən şübhə altına almaq mümkündür."
Bu barədə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Amerikanın Səsinə daxil olan bəyanatında bildirilir.

Sənəddə deyilir:

"Bu gün, 09 oktyabr 2013- cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ölkənin bütün istiqamətlərindən kütləvi və aşkar saxtakarlıq faktları ilə bağlı məlumatlar alıram. Hakimiyyət bu seçkinin taleyini “həll etdiyini” düşünür və hesab edirəm ki, çox ciddi şəkildə yanılır. Seçkilərin total şəkildə saxtalaşdırılması xalqın seçim hüququnun kobud şəkildə tapdanması və açıq-aşkar ona hörmətsizlikdir. Bütün saxtakarlıqlar Seçki Qərargahımız tərəfindən qeydə alınır, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Hazırda karusel əməliyyatlarını sübut edən video və foto faktlar sosial şəbəkələrdə yayılmaqdadır.

Düşünürəm ki, artıq seçkinin legitimliyini indidən şübhə altına almaq mümkündür. Təəssüf ki, bir çox hakimiyyət nümayəndələri saxtalaşdırmada birbaşa iştirak edərək, ən ağır dövləti cinayətin – hakimiyyətin qəsbində iştirak edirlər . Eyni zamanda bəyan edirəm ki, şəffaf və müsbət imicə malik olmayan exit-poll keçirən qurumlara etibar etmək mümkün deyil.

Mən bəyan edirəm ki, xalqımızın səslərinin qorunması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik."

-----------------------------------

Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı prezident seçkilərinin səsvermə mərhələsindəki seçki pozuntuları ilə bağlı növbəti bəyanat yayıb.

Seçki Qərargahı oktyabrın 9-da səsvermə prosesi başladığı andan ölkə ərazisindəki bütün seçki məntəqələrində səsvermənin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları, saxtalaşdırmalar olması haqda məlumatlar aldıqlarını nəzərə çatdırırlar.

Qanun pozuntuları haqda xəbərlər təkcə C.Həsənlini seçki məntəqələrində müxtəlif səviyyədə təmsil edən şəxslərdən deyil, həm də səs verən tərəfsiz seçici və müşahidəçilərdən, mediadan əldə edilir.

Pozuntular bütün ölkəboyu kütləvi hal alıb, ancaq Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin xeyrinə edilir. Bu pozuntular həm də C.Həsənlinin seçki qələbəsinin qarşını almaq məqsədi daşıyır.

Səsvermənin ilk saatlarından C.Həsənlini təmsil edən və müstəqil müşahidəçilərə təzyiqlər başlayıb. Çox hallarda müşahidəçilər seçki məntəqələrinə buraxılmayıb, bəzi yerlərdə müşahidə aparmağa imkan verilməyib və ya seçki məntəqəsindən zorla çıxarılıblar.

Bəzi seçki məntəqələrində müşahidəçilərin polis tərəfindən həbs edilməsi xəbərləri var. 12 saylı dairədə isə müşahidəçi Xəqani Əliyev polis tərəfindən oğurlanıb.

Seçki bülletenlərinin sayılmasında, saxlanılmasında, seçicilərə verilməsində qanunun tələbləri pozulub. Əksər məntəqələrdə seçki bülletenlərinin sayılmasında C.Həsənlinin müşahidəçilərinin iştirakı təmin edilməyib, bəzi məntəqələrdə isə seçki bülletenləri sayılmayıb.

Səsvermə inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçir, dövlət idarələri əməkdaşlarını səsverməyə gətirərək İ.Əliyevə səs vermələrini təmin etməklə məşğuldurlar. Hakimiyyət orqanları təzyiqlər nəticəsində hətta özəl qurumları da öz işçilərini YAP-ın namizədinə səsverməyə məcbur ediblər.

Bütün dairələrdə “karusel”, yəni ayrı-ayrı qrupların eyni və müxtəlif seçki məntəqələrində təkrar-təkrar səsverməsi halları qeydə alınıb. Seçicilərə pul paylanması halları barədə məlumatlar daxil olub.

Səsvermə prosesi başlamamış məntəqələrə içi bülletenlərlə doldurulmuş seçki qutuları gətirilib, seçki komissiya üzvləri və kənar şəxslərin seçki qutularına topa halında seçki bülletenləri atmaları qeydə alınıb.

Məntəqələrdə şəxsiyyət vəsiqəsi, adları seçki siyahısında olmayanlara, başqa ərazidə qeydiyyatda olanlara, bir neçə şəxsiyyət vəsiqəsilə səsverməyə gələnlərə bülletenlər verilib. Çoxsaylı seçicilər müxtəlif məntəqələrdə qeydiyyatdan çıxma vəsiqəsilə səs verir.

Səsvermə günü baş verənlər sübut edir ki, seçkilərin səsvermə mərhələsinə qədərki dövrlərindəki qeyri-demokratik şərait, ciddi qanun pozuntuları, inzibati resurslardan kütləvi sui-istifadə seçki günü də davam edib. Amma səsvermə daha kütləvi, daha kobud pozuntularla, nəticələrə əsaslı şəkildə təsir edən amillərlə başlayıb, hələ də davam edir.

Seçki prosesinin gedişi göstərir ki, iqtidar səsvermənin nəticələrini saxtalaşdırmaq yolu ilə İ.Əliyevi yenidən prezident elan etmək istəyir.

Bu halda demokratik, ədalətli, şəffaf seçkilərdən söhbət gedə bilməz. Odur ki, seçkilərdə iqtidara alternativ siyasi qüvvə kimi çıxış edən Milli Şura, ölkə cəmiyyəti, demokratik qüvvələr, demokratiya tərəfdarı olan beynəlxalq qurum və müşahidəçilər bu seçkiləri azad və ədalətli sayaraq onun nəticələrinə etimad göstərə bilməz.

Show comments

XS
SM
MD
LG