Accessibility links

MSK xarici KİV-ləri seçki təşviqatında günahlandırıb


Radio

Radio

MSK “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının adlarını hallandırıb

Sentyabrın 25-də Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) yanında fəaliyyət göstərən Mətbuat Qrupunun iclasında “Azadlıq” , “Amerikanın Səsi” və BBC radiosu ilə bağlı bəyanat qəbul edib. Bu barədə APA agentliyi məlumat yayıb.

Bəyanatda deyilir ki, bəzi xarici KİV qanunvericiliyin tələblərinə məhəl qoymadan, bir çox halda onu kobud şəkildə pozaraq, seçki prosesini işıqlandırmaq adı altında qanunsuz təşviqat və əks təşviqat aparır ki, bununla da bəzi siyasi maraqların təmsilçisinə çevrilərək, seçicilərin ədalətli məlumat almaq hüququnu pozmuş olur.

“Son vaxtlar bu hal özünü respublika ərazisində yayımlanan bəzi xarici KİV-in fəaliyyətində də qabarıq büruzə verməkdədir. “Azadlıq”, “Amerikanın səsi” və BBC radio stansiyaları kimi nüfuzlu qurumların bu prosesdə iştirakı ən azı anlaşılmazdır”.

Sənəddə qeyd olunub ki, bundan təəssüfünü bildirən qrup eyni zamanda namizədlərin bilərəkdən və ya bilməyərəkdən xarici KİV-də təşviqat xarakterli verilişlərin proqramlarında iştirakını da seçki qanunvericiliyinə zidd addım kimi qiymətləndirir.

Mərkəzi Seçki Komissiyasının üzvü, qrupun rəhbəri Azər Tağıyev bildirib ki, seçki təşviqatına start veriləndən sonra “Azadlıq” və “Amerikanın səsi” radiolarının, həmçinin BBC-nin Azərbaycanda fəaliyyət göstərən ofisləri prezident seçkilərini təşviq edən materiallar hazırlayır.

“Bu cür təşviqatın aparılması Azərbaycan qanunvericiliyinə ziddir və həmin xarici mətbuat orqanları bunu nəzərə almalıdır”, o qeyd edib.

MSK Katibliyinin şöbə müdiri Azər Sarıyev isə bildirib ki, adıçəkilən xarici media qurumlarının seçki təşviqatı dövründəki namizədlərlə bağlı yazıları araşdırılıb və məlum olub ki, materiallar arasında sırf təşviqat xarakterli olanlar var.

O, bir müddət əvvəl prezidentliyə namizədlər Hafiz Hacıyev, Zahid Oruc, Qüdrət Həsənquliyev və Cəmil Həsənlinin “Azadlıq” radiosuna çağırılaraq, onlardan seçki təşviqatına yönələn müsahibə alındığını da diqqətə çatdırıb.

O, bununla bağlı həmin KİV-ə, həmçinin namizədlərin özlərinə də xəbərdarlıq olunmasını təklif edib.

Bununla yanaşı, iqtidarda olan Yeni Azərbaycan Partiyası “Azadlıq” radiosu ilə bağlı MSK-ya müraciət edib.

Partiya hesab edir ki, radio Azərbaycanda qeyri-qanuni seçkiqabağı təşviqat aparır.
Öz növbəsində, “Azadlıq” radiosu bildirib ki,“bu, hakim partiyanın müstəqil medianı qorxutmağa və seçkilərin işıqlandırılmasını nəzarətdə saxlamağa çalışmaq üçün istifadə etdiyi klassik hədə-qorxu taktikasıdır”.

“Azadlıq Radiosu seçkilərin işıqlandırılmasında seçki məcəlləsinə əsaslanan və professional, beynəlxalq media standartlarına uyğun fəaliyyət göstərən peşəkar media qurumudur.Biz seçkini işıqlandırmaq yönündə fəaliyyətimizi tam müdafiə edirik. Bu iş balanslı, ədalətli və peşəkarcasına həyata keçirilir. Bütün bunlar heç bir əsası olmayan, heç bir beynəlxalq konvensiyaya uyğun gəlməyən absurd ittihamlardır”, radionun açıqlamasında deyilir.

Azadlıq Radiosu bu hücumlar barədə, seçkilərə yekun qiymət verəcək ATƏT-in Müşahidə Missiyasına məlumat verəcək.
XS
SM
MD
LG