Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət Departamentinin bəyanatını qəbuledilməz hesab edir


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

Amerika Dövlət Departamenti Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanatına münasibət bildirib.

Nazirliyin bəyanatında deyilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar verdiyi bəyanata münasibətdə öz dərin təəssüfünü bildirir, bu bəyanatı qəbuledilməz hesab edir.

Prezident seçkiləri 52 000 yerli və 1300 əcnəbi müşahidəçinin iştirakı ilə Azərbaycan konstitusiyası və seçki qanunvericiliyi əsasında azad, demokratik, ədalətli və şəffaf mühitdə keçirilib, Azərbaycan xalqı sərbəst və şüurlu şəkildə öz iradəsini ifadə edib.

Seçkinin nəticələri və ümumilikdə seçki prosesi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müşahidə qrupu, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların, habelə 100 ölkənin seçki müşahidə missiyası tərəfindən azad, demokratik və ədalətli kimi qiymətləndirilib.

Seçki prosesində qanunvericiliyin tələblərinə uyğun olaraq namizədlərin qeydiyyata alınması, seçki təbliğat-təşviqat kampaniyalarının aparılması, sərbəst toplaşmaq və özünü ifadə azadlığının təmin edilməsi üçün bütün zəruri tədbirlər tam şəffaf şəkildə həyata keçirilib.

Ümumiyyətlə, bu seçkilər beynəlxalq və yerli müşahidəçilərin də qeyd etdikləri kimi, Azərbaycanın demokratik yolla inkişafı prosesində irəliyə doğru daha bir vacib addım olub. Seçki prosesinin təşkili bir daha onu sübut edir ki, Azərbaycan hökuməti qəbul etdiyi beynəlxalq öhdəliklərinə uyğun olaraq demokratik prosesin vacib elementi olan seçkilərin keçirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində nəzərə çarpacaq dərəcədə nailiyyətlər əldə edib.

Bəzi seçki məntəqələrində tək-tük pozuntu hallarına və texniki qüsurlara yol verildiyi təqdirdə bu barədə Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq strukturlara müraciət edilməsi əvəzinə, bunların ümumiləşdirilmiş formada bütün seçki prosesinə aid edilməsi, prezident seçkilərinin beynəlxalq standartlara cavab verməməsinin iddia edilməsi və siyasi mülahizələrlə seçkilərə kölgə salınması cəhdləri heç bir halda ədalətli hesab edilə bilməz. Bu kimi yanaşma ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur və eyni zamanda, tam şəkildə qərəzli və qəbuledilməz olaraq, seçkilərdə azad iradəsini sərbəst şəkildə ortaya qoymuş Azərbaycan vətəndaşlarına münasibətdə hörmətsizlik kimi qiymətləndirilir.

Bir daha qeyd etmək istərdik ki, Avropa Parlamenti, AŞPA və İƏT daxil olmaqla, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti və eyni zamanda, Azərbaycan, ABŞ və Fransadan olan beş müstəqil təşkilatın keçirdiyi “exit-poll” sorğularının nəticələri hazırkı prezident İlham Əliyevin tam və inamlı qələbəsini təsdiqləyir”.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf Azərbaycanda prezident seçkilərinə münasibət bildirərkən deyib ki, Amerika ATƏT-in seçki missiyasının hesabatı ilə razıdır.

“ Biz hadisələri yaxından izləmişik. Azərbaycan hökumətini dəfələrlə azad və ədalətli seçki prosesi keçirməyə çağırmışıq. Təəssüf edirik ki, bu seçkilər beynəlxalq standartlara cavab verməyib. ATƏT-in hesabatında seçki günü ciddi problemlərin qeydə alındığı deyilir. Bunlara seçki qutularına topa şəklində bülletenlərin atılması, səsvermə prosesində nizamsızlıqlar daxildir. Hətta seçki öncəsi prosesdə pozuntuların qeydə alındığı deyilir. ABŞ-ın Bakıdakı səfirliyi də oxşar problemlər qeydə alıb. Əlbəttə, prosesdə olan belə çatışmazlıqlar bizi narahat edir. Bildiyiniz kimi, seçki sonrası proses də seçki günü baş verən ümumi proses qədər mühümdür. Ona görə də biz Azərbaycan hökumətini sərbəst toplaşmaq, ifadə və söz azadlığına hörmət etməyə və zorakılıqdan yayınmağa çağırırıq”, o qeyd edib.

Dövlət Departamentinin bəyanatından sonra yüksək vəzifəli hökumət rəsmiləri, iqtidaryönümlü media bəyanatı pisləyən, Amerika seçki sistemini tənqid edən mövqedən çıxış edir. Bu gün iqtidaryönümlü medianın hamısında Amerikanın bəyanatının əleyhinə yazılar dərc edilib.
XS
SM
MD
LG