Accessibility links

ABŞ seçkiləri azərbaycanlı gənclərin gözü ilə


Adnan Hacızadə, Vüqar Salamlı, Aynur Cəfər, Emil İsmayıl

Adnan Hacızadə, Vüqar Salamlı, Aynur Cəfər, Emil İsmayıl

Amerika Birləşmiş Ştatlarında prezident seçkiləridir. ABŞ-da yaşayan və təhsil alan azərbaycanlı tələbələr və gənc mütəxissislər seçkiləri diqqətlə izləyir və bunu əvəzolunmaz təcrübə kimi dəyərləndirir. Amerika universitetlərində təhsil almış və təhsilini davam etdirən gənc azərbaycanlılar 2016-cı il ABŞ prezident seçkiləri ilə bağlı müşahidələrini Amerikanın Səsi ilə bölüşüblər.

Harvard universitetinin Kennedi idarəçilik məktəbində magistr dərəcəsi almış “Azad Fikir Universiteti” layihəsinin direktoru Vüqar Salamlı seçki prosesinin pərdəarxası məqamalarına diqqət yetirir, ABŞ seçkilərini izləməsini əvəzolunmaz təcrübə adlandırır.

“Bu seçki mövsümü mənim üçün gözlədiyimdən çox maraqlı keçdi. Bunun səbəblərindən biri, təbii ki, əvvəldən axıra kimi izlədiyim ilk ABŞ prezident seçkiləri olması idi. Amma əsas səbəb o idi ki, bu seçkilər prosesi magistr təhsilimin ikinci ilinə - seçkilər, siyasi ünsiyyət və siyasi kampaniyalar dərslərimlə üst-üstə düşən bir zaman oldu. Müəllimlərimiz də deyirdi ki, bu dərsləri seçki dövrü götürməyimiz üçün çox şanslıyıq. Belə ki, dərsdə oxuduğumuz, müzakirə etdiyimiz və təcrübədən keçirdiyimiz (siyasi reklamlar, nitqlərin hazırlaması, debatlar və s.) məqamları canlı izləmək imkanımız var idi. Əksər müşahidəçilərdən fərqli olaraq, mən öz qrup yoldaşlarımızla bərabər seçki prosesinin pərdəarxası məqamlarına fikir verməyə çalışırdıq. Namizədlərin işlətdiyi xüsusi ifadələr, yanaşmaları, topladıqları ianələrin mənbəyi və bütövlükdə seçki strategiyalarını diqqətlə incələmək imkanımız olurdu. Hər debatdan sonra, hər praymeri seçkilərindən sonra dərsdəki müzakirələr isə mənə xüsusi zövq verirdi.

Bu əvəzolunmaz bir tərcübədir. Xüsusən də ilkin seçkilər zamanı Nyu Hempşir ştatının siyasi əhəmiyyəti çox olduğundan, siyasətçilərin oradakı çıxışlarını izləmək, hər səs uğruda necə mübarizə apardığının şahidi olmaq ABŞ siyasi mədəniyyəti haqqında çox maraqlı bilgilər əldə etməyə imkan verirdi.

Özüm Massaçusets ştatında yaşadığımdan, ətrafımızda ciddi seçki aurası hiss etmədim. Səbəbi də ona görədir ki, bu ştatda demokratlar üstünlük təşkil etdiyindən, hər iki partiya resurslarını şansları daha çox olan yerlərə sərf etməyə üstünlük verirlər. Amma, Hyu Hempşir ştatından bir saatlıq məsafədə yaşadığımdan 3-4 dəfə həmin ştata gedib, Klinton, Sanders, Tramp, Buş, Rubio kimi siyasətçilərin görüşlərini canlı izləmək imkanım olmuşdu. Onu deyim ki, bu əvəzolunmaz bir tərcübədir. Xüsusən də ilkin seçkilər zamanı Nyu Hempşir ştatının siyasi əhəmiyyəti çox olduğundan, siyasətçilərin oradakı çıxışlarını izləmək, hər səs uğruda necə mübarizə apardığının şahidi olmaq ABŞ siyasi mədəniyyəti haqqında çox maraqlı bilgilər əldə etməyə imkan verirdi. Bütövlükdə seçki kampaniyaları çox maraqlı və hətta əyləncəli ab-havada keçir. Düzdür, çoxları şikayət edir ki, ABŞ-da seçki iştirakı o qədər də yuxarı deyil (son seçkilərdə 57 faiz idi), amma, fikrimcə, bu cəmiyyət siyasi savad baxımından dünya ölkələri arasında ən irəlidə olan cəmiyyətlər arasındadır. Məni bir izləyici kimi narahat edən yeganə məqam isə ABŞ-dakı siyasi qütbləşmədir. Təəssüf ki, bu qütbləşmə, partiya üzvlərinin bir birinə qarşı prinsipal mövqedə olmağına, ölkə üçün ehtiyac duyulan zaman kompromislərə getmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Güman edirəm ki, əvvəl axır, ABŞ cəmiyyəti ikipartiyalı sistemdən çoxpartiyalı sistemə keçəcək. Çünki indiki sistemin problemlərini bu seçkilər mövsümü çox aydın şəkildə gördük. Belə ki, hər iki əsas namizədin bəyənənlərin sayı, bəyənməyənlərin sayından azdır. Amma, iki partiyalı sistemə görə vətəndaşlar əsasən bu iki namizəddən birinə səs vermək məcburiyyətindədirlər.”

Kaliforniyanın Berkli universitetində magistr dərəcəsi almış hüquqşünas Aynur Cəfər ABŞ seçkilərinin dünya üçün əhəmiyyətini qeyd edir və Azərbaycanda demokratik seçkilərin keçirilməsini arzuladığını yazır.

“ABŞ-da 2008 və 2012-ci illərdə keçirilən seçkiləri uzaqdan media vasitəsilə izləmək şansım olmuşdu. Amma ilk dəfə Amerikada seçki prosesini məhz bu ölkədə yaşayaraq müşahidə etmək şansım oldu. Olduqca həyəcanlı proses idi. Təkcə Amerikalılar üçün deyil, həm də bütün dünya üçün. Çünki nəticə etibarı ilə ABŞ-ın dünyanın aparıcı ölkəsi olması faktını dana bilmərik. Burdakı seçkilərin nəticəsi bütün dünyanın gələcəyinə təsir edə biləcək gücdədir. İlk öncə deməliyəm ki, mənim ilk müşahidəm olmasına baxmayaraq, bu seçkilər təkcə mənim üçün deyil, həm də bütün amerikalılar üçün qeyri-adi təcrübə idi. Çünki bu dəfəki seçki sıradan deyildi. Bir tərəfdə liberal dəyərlərə söykənən demokratlar və onun dmokratların özləri tərəfindən belə birmənalı qarşılanmayan namizədi, digər tərəfdən isə demokratların, hətta bəzi məqamlarda respublikaçıların belə dəyərlərini tamamilə təkzib edən respublikaçı namizəd. Bu, olduqca gərgin təşviqat prosesi idi. Xüsusilə respublikaçı namizədin bəlli videosu yayımlandıqdan sonra çoxsaylı amerikalılar üçün bu, bir ölüm-qalım məsələsinə çevrildi. Bütün bu həyəcanlı prosesləri müşahidə etmək çox maraqlı idi mənə. Hələ bir azərbaycanlı kimi, ikiqat maraqlı idi. Azərbaycanlı olmaq nüansını onun üçün vurğulayıram ki, mən bu yaşımadək bir dəfə də olsun öz ölkəmizdə şəffaf seçkidə iştirak etmək şansına sahib olmamışam.

Çox təəssüf ki, biz Azərbaycanda şəffaf seçki ənənəsini qura bilməmişik. Bu baxımdan amerikalılar mənə dünyanın ən şanslı və bəxtəvər insanları təsiri bağışlayır bu an.

Seçki saxtakarlıqlarını dəfələrlə öz gözlərimlə müşahidə etmişəm. Bu həmişə məni kədərləndirib. Bir insanın vətəndaş kimi öz ölkəsinin siyasi həyatına, gələcəyinə təsir edə bilməməsini hiss etməsi, onun səsinin bir qəpik dəyərdə olmamasını görməsi şəxsən mənim üçün çox ağır bir faktdır. Çox təəssüf ki, biz Azərbaycanda şəffaf seçki ənənəsini qura bilməmişik. Bu baxımdan amerikalılar mənə dünyanın ən şanslı və bəxtəvər insanları təsiri bağışlayır bu an. Onlar özlərindən əmindirlər. Bilirlər ki, onların səsi sayılir, qəbul edilir və bu səslər ölkənin gələcəyini dəyişəcək gücə sahibdir. Zarafat deyil, yüz il öncə qulların saxlandığı ölkənin hazırki prezidenti afrikali-amerikalıdır. Bu çox böyük bir tərəqqidir. Və bu gün Amerikada doğularkən seçki hüququ olmayan qadın, digər bir qadının prezidentliyə namizədliyini dəstəkləyir, ona səs verir. Bu bəzən mənə xəyal kimi gəlir. Bu seçkinin həyəcanı məsələsini yenidən vurğulamaq istəyirəm. Baxmayaraq ki, respublikaçı namizəd Amerikanın illər boyu böyütdüyü dəyərlərə qarşı çıxır, onun legitimliyi danılmazdır. Bu seçkilər bir də ona görə vacibdir ki, Amerika ciddi problemlərinin olduğunun şahidi oldu. Hamılıqla gördük ki, bu ölkədə irqçiliyi, ayrı-seçkiliyi dəstəkləyən, qadın azadlığına inanmayan və başqa bir sıra neqativ halları gözardına vuran və ya dəstəkləyən bir kütlə var və görünən odur ki, onların sayı kifayət qədər çoxdur. Daha dəqiq seçki bitdikdən sonra bilinəcək. Hətta respublikaçı namizəd seçilməsə belə, o, bu kütləyə legitimlik qazandırdı ki, bunun aradan qaldırılması üçün ABŞ illərini səfərbər etməli olacaq. Amma bütün bunlara rağmən bu demokratik prosesi izləmək çox zövqlü idi. İnsanların həyəcanını, narahatlığını görmək məni yaxşı mənada çox təsirləndirirdi. Hər debatdan sonra insanların hər fikri uzun-uzadı müzakirə etməsini müşahidə etmək çox xoşuma gəlirdi. Məsələn, səhv etmirəmsə üçüncü debatda Respublikaçı namizədin qalib gələcəyi təqdirdə oponentini həbs etdirəcəyini deməsi çox ciddi narahatlıqla qarşılandı. İnsanların öz aralarında belə danışarkən “biz banan ölkəsi deyilik, belə hallar banan ölkələrdində baş verir” – dediklərini dəfələrlə eşidirdim. O zaman düzü xəcalət də çəkməmiş deyildim. Çünki mənim ölkəmdə bu artıq adi hala çevrilib. İlqar Məmmədov üç ildən artıqdır ki, həbsdədir. Mənim bir banan ölkəsi vətəndaşı olduğumu bir də amerikalıların ifadələrində hiss etməyim olduqca üzücü haldır. Hər iki tərəf bu prosesdə, daha doğrusu bu mübarizədə sona qədər dirəndi. Dünən gecə yarısı belə onlar televiziya ekranlarında canlı yayımda idilər. İnsanları səs verməyə çağırırdılar. Bunları izləmək çox gözəl idi. Çox ümid edirəm ki, bu seçki yaxşı sonluqla bitəcək. Mən şəxsən demokratların namizədinin qalib gəlməsini arzu edirəm. İndiki halda o, ən yaxşı seçim sayılır. Amma sürprizlə də rastlaşa biləcəyimizi düşünürəm. Çoxlu sayda insanlar bunu təkzib etsələr belə, Hillari Clintonun qadın olması da onun şanslarını azaldır. Təəssüf ki, ABŞ kimi ölkədə belə çoxsaylı insanlar qadını Ağ Evdə görməyə hazır deyil. Çoxları bu fikirlə razılaşmaya bilər, amma bu bir faktdır və bir çox mütəxəssislər də bu haqda rəylər bildiriblər. Amerikanın bu sınaqdan üzü ağ çıxmasını arzulayıram. Və ümid edirəm ki, ən qısa zamanda bizim üçün də azad seçki anlayışı xəyaldan gerçəyə çevriləcək."

Keçmiş siyasi məhbus, blogger, hazırda Kolumbiya univerisitetində magistr tələbəsi Adnan Hacızadə ABŞ prezident seçkilərini həyəcanla izlədiyini qeyd edir. Adnan Hacızadə təhsil aldığı Kolumbiya universitetində seçki ab-havası ilə bağlı fikirlərini bölüşüb.

“Universitetlər, akademik dairələr daha çox liberaldır və siyasi cəhətdən partiya seçəndə bunlar demokratlara daha çox meyl göstərir. Professorlar və ümumiyyətlə müəllim heyəti mən belə hiss edirəm ki, demokrat partiyasının özəyi olan, establişmentini təmsil edən insanlara, xüsusilə də Hillari Klintona rəğbət bəsləyirlər və ona səs verəcəklər. Amma tələbələr arasında xüsusilə də praymeriz vaxtı Berni Sandersə böyük rəğbət var idi. Çünki onun seçki platforması daha proqressiv, daha insansevər, daha humanist hesab edilirdi. Xüsusilə də onun pulsuz orta və ali təhsil haqda fikirləri, təhsil borclarının bağışlanması haqda fikirləri və tibbi sığortanın pulsuz olması, əhalinin tibbi sığorta ilə təmin olunması haqda fikirlərini hamı bəyənmişdi. Yəni bunun həyata keçirilməsi tərəfini düşünmürdülər, amma gənc insanlar kimi bu fikirləri bəyənmişdirlər və demək olar bütünlüklə Berni Sandersi dəstəkləyirdilər. Ona görə də, Berni Sanders demokrat partiyasından namizəd seçilmədiyinə görə ruh düşgünlüyü oldu və mən belə görürəm, insanlar iki seçim arasında qalıblar. Heç birini bəyənmirlər, amma fikriləşirlər ki, Donald Tramp daha çox zərər gətirə bilər, həm dünyaya, həm Amerikaya. Ona görə də Hillari Klintona tərəf dönüblər.

Bu seçki həyəcanı, seçib-seçilmək, demokratiya çox gözəl hisslərdir. Mən bunların birbaşa iştirakçısı deyiləm, amma bunu görmək, bunu müşahidə etmək çox gözəl hissdir. Arzu edirəm ki, bizim xalqımızda da gec-tez bu hiss olacaq və bizdə də azad və demokratik seçkilər keçiriləcək və biz də onun iştirakçıları olacayıq.

Eyni zamanda, feminist qadınlar və ümumiyyətlə feminist təşklilatlar və klubların üzvləri çox sevinirlər ki, nəhayət çox güclü qadın namizəd var və onun böyük şansları var ki, ABŞ-ın prezidenti olsun, azad dünyanın prezidenti olsun və onlar çox sevinirlər ki, nəhayət qadına səs verirlər. Maraqlı hal odur ki, mən seçkiyə görə o qədər həyəcanlıyam ki , gecəni yatmımışam. Maraqlıdır ki, bu mənim ölkəm deyil, mən azərbaycanlıyam, seçkidə iştirak etmirəm. Amma bu seçki həyəcanı, seçib-seçilmək, demokratiya çox gözəl hisslərdir. Mən bunların birbaşa iştirakçısı deyiləm, amma bunu görmək, bunu müşahidə etmək çox gözəl hissdir. Arzu edirəm ki, bizim xalqımızda da gec-tez bu hiss olacaq və bizdə də azad və demokratik seçkilər keçiriləcək və biz də onun iştirakçıları olacayıq."

Azərbaycanlı siyasi fəal, demokrat namizəd Hillari Klintonun kampaniyasında könüllü kimi çalışan Emil İsmayıl 2016-cı il ABŞ prezident seçkilərini tarixi adlandırır.

1917-ci ildə 1 milyon qadın ABS-da küçə yürüşlərində səsvərmə hüququ tələb edirdisə bu gün qadın namizəd Hillari Klinton ABS prezidenti seçilməyin bir neçə addımlığındadır.

“Bu tarixi bir seckilərdir. Bir şox səbəblərə görə. 1917-ci ildə 1 milyon qadın ABS-da küçə yürüşlərində səsvərmə hüququ tələb edirdisə bu gün qadın namizəd Hillari Klinton ABS prezidenti seçilməyin bir neçə addımlığındadır. Son illərdə ABS-da xanım Klinton kimi təcrübəli ikinci namizəd olmayıb. Bəziləri Hillari Klintonu qadın kartını oynamaqda suçlayırlar. O insanlar anlamır ki qadın hüquqlarından danışmaq qadın kartı oynamaq anlamına gəlmir.​ Digər namizəd Donald Tramp haqda heç bir söz demək istəməzdim. İlk gündən neqativ kampaniya aparan Tramp iç üzünü bu seçkilərde göstərdi. İnanıram ki, xanım Klinton bu gün tarix yazacaq və növbəti 4 ildə ciddi islahatlar həyata keçirəcək. Mən də bir gənc kimi demokratiyaya inanan, qadın hüquqlarına inanan bir insan kimi Hillari Klintonun seçki kampaniyasında könüllu olaraq istirak etmişəm. Bu gün tarix yazılır, sabah yeni bir Amerikada oyanacağımıza inanıram. Ədalətli və hər kəsin bərabər olduğu Amerikada. Hillari Klintonun prezident olduğu Amerikada.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG