Accessibility links

Sədrəddin Soltan: Azərbaycan İrana qarşı kampaniyaya beynəlxalq koalisiyanın tərkibində qoşula bilər [Audio]


Politoloq Sədrəddin Soltan

Politoloq Sədrəddin Soltan

İrana qarşı təzyiqlər artdıqca daxildə də milli etnik azlıqlar azadlıq uğrunda mübarizələrini leqallaşdıracaq

“Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsi radiosuna müsahibəsində İran ətrafında vəziyyətin gərginləşməsinin əsas səbəblərindən biri kimi Suriya problemini göstərir.

Politoloqun fikrincə, İran ətrafında halqa günbəgün daralmaqdadır. “Artıq, rəsmi olmasa da İran ətrafında faktiki olaraq koalisiya formalaşıb. Bu koalisiya BMT-də 4 qətnamənin qəbul olunmasına nail olub. Qətnamələrə Rusiya və Çin də səs verib. Bu onu göstərir ki, Amerika başda olmaqla qərbin Orta Doğu (Yaxın Şərq) layihəsi gerçəkləşməkdədir. Qərbin Orta Doğu layihəsinə qarşı olan bir qüvvə qalıb və bu İrandır. İran aradan qaldırılmalıdır”.

Onun fikrincə, İran ətrafında siyasi həlqənin daralması bölgədə gərginliyin artmasına təkan verir. “Bu gərginlik İranın Azərbaycan Respublikasına münasibətində də özünü göstərir. Bunlardan biri, bu ilin əvvəlindən İran tərəfindən Azərbaycanda keçirilən “Avrovision” mahnı müsabiqəsinə qarşı kampaniya idi. Bundan sonra Azərbaycana qarşı çeşidli terror hadisələri törətməyə, dezinformasiya aparmağa çalışdılar. Sonda isə Azərbaycanın iki gənc şairi İran tərəfindən Təbrizdə həbs edilib”.
Politoloq hesab edir ki, İranla Azərbaycan arasında gərginlik artmaqda davam edəcək. “Həlqə daraldıqca İran müsəlman qonşularından nə isə umacaq. Bunun müqabilində nəyə isə nail olmayanda, həmin ölkələrlə münasibətlərdə gərginlik dərinləşəcək”.

O hesab edir ki, Azərbaycan İrana qarşı təzyiq kampaniyasına yalnız beynəlxalq koalisiyanın tərkibində qoşula bilər. “Azərbaycan beynəlxalq birliyin tərkibində mübarizəyə qoşularsa, o zaman beynəlxalq birlik də Azərbaycan hakimiyyətinə İrandan gələcək təhlükə və təhdidlərdən qorunmaqda yardım etməlidir. Əks halda Azərbaycan üçün çox çətin olar”.

Araşdırma Mərkəzinin rəhbərinin fikrincə, İrana qarşı təzyiqlər artdıqca daxildə də milli etnik azlıqlar azadlıq uğrunda mübarizələrini leqallaşdıracaq. “Çünki islam inqilabı xalq
qarşısında etnik-mədəni və sosial azadlıqlarla bağlı vədlərini yerinə yetirmədi. Dünya sürətlə dəyişməkdədir. Sudanın bölünməsini, Misirdə, Liviyada, Suriyada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini heç kim təsəvvür belə edə bilməzdi. İranda da azərbaycanlılar, ərəblər, kürdlər və başqa etnik azlıqlar öz azadlığı uğrunda aktiv mübarizəyə qoşulacağı qaçılmaz olacaq. Bu, şübhəsiz olacaq”.
S.Soltan hesab edir ki, Azərbaycan Respublikası İranda yaşayan çoxmilyonlu azərbaycanlının azadlıq mübarizəsini müdafiə etməyə hazır deyil. “Vaxtı ilə dağılmış SSRİ-də yaranan türkdilli respublikalara köməyə Türkiyə necə hazır deyildisə, bu gün də İranda yaşayan azərbaycanlıların milli mübarizəsini müdafiə etməyə Azərbaycan hazır deyil. Hətta, Azərbaycandan bununla bağlı hər hansı bir hərəkətin olacağı barədə cizgilər belə görünmür”.

Politoloqun fikrincə, Azərbaycan hakimiyyəti gözlənilən gərgin situasiyalara hazır olmadığından, Amerikanın planına uyğun hərəkət etməyə məcbur olacaq. “Hazırda Azərbaycan hakimiyyətinin regionda baş verən hadisələrə təsir imkanları sıfıra bərabərdir. Azərbaycan müxalifəti də bu hadisələrə hazır deyil”.
XS
SM
MD
LG