Accessibility links

Azərbaycanı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən çıxmaq qərarına yenidən baxmağa çağırırıq”


Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyası Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünü (MHŞT) tərk etməsinə dair bəyanatı ilə bağlı mövqeyini bildirib.

Sənəddə deyilir ki, MSŞA QHT Koalisiyası Azərbaycanın MSŞT üzrə Komissiyası sədrinin ölkənin MHŞT-də fəaliyyəti müvəqqəti dayandırılandan sonra bu qlobal təşəbbüsdən çıxması ilə bağlı açıqlamasından təəssüfləndiyini bildirir.

QHT Koalisiyası aşağıdakıları bəyan edir:

- MHŞT-nın yeni standartlarının tətbiqinin üzv dövlətlər arasında genişləndiyi, onun şəffaflığın və hesabatlılığın artmasına təsirinin çoxaldığı, eləcə də MHŞT-nin yeni təşəbbüsləri üzrə önəmli tədbirlərin (mülkiyyət sahibliyinin açıqlanması, layihələr üzrə hesabatların nəşri, xammal ticarəti, kontraktların nəşri və sair) həyata keçirildiyi bir zamanda Azərbaycan hökümətinin adından MHŞT-dən çıxmaqla bağlı verilən bəyanatı tələsik və emosional qərar olaraq dəyərləndirilməlidir.

- Azərbaycan hökümətinin adından verilən həmin bəyanat MHŞT İdarə heyətinin Boqotada keçirilən 36-cı toplantısında əlavə heç bir tələb qoyulmadan Azərbaycanın MHŞT-də fəaliyyətinin müvəqqəti dayandırılması qərarına adekvat deyildir və daha çox hökümətin məsuliyyətdən qaçmaq, problemlərin icrası üzrə islahedici tədbirlər planında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməmək istəyindən irəli gəlir.

- MHŞT üzrə Hökumət Komisiyasının verdiyi bəyanat ən azı maraq qrupları ilə məsləhətləşmələr aparılandan sonra açıqlanmalı idi. Lakin MHŞT üzrə hökümət komissiyasının elan etdiyi bəyanatla bağlı nəinki maraq qrupları ilə məsləhətləşmələr aparılıb, hətta Memorandum tərəflərinə bu barədə məlumat belə verilməyib. Bəyanat MHŞT üzrə vətəndaş cəmiyyətinin iradəsinin əleyhinə olaraq verilib və bu hal qəbuledilməzdir.

- Azərbaycanda MHŞT-nin səmərəliliyi yalnız beynəlxalq inteqrasiyada və global təşəbbüslərdə birbaşa iştirakla mümkündür. MSŞA Koalisiyası Azərbaycanın beynəlxalq təşəbbüslərdn təcrid edilməsi kursunu ölkənin iqtisadi, siyasi və demokratik inkişafına zərbə kimi dəyərləndirir və Hökuməti MHŞT üzrə Hökumət Komissiyasının digər tərəflərin mövqeyini nəzərə almadan MHŞT üzvlüyündən çıxmaq barədə verdiyi qərara yenidən baxmağa çağırır.

MSŞA Koalisiyası öz üzvlərini MHŞT standartlarına uyğun olaraq ölkədə şəffaflıq təşəbbüsünun inkişafı istiqamətində birgə səyləri davam etdirməyə səsləyir və Koalisiya Şurasının bu istiqamətdə zəruri tədbirlər görəcəyinə əmin edir.

2017-ci il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqotada Mədən Hasilatında üzrə Şəffaflıq Təşəbbüsünün (MSŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında Azərbaycanın bu təşkilatda fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Qərar Azərbaycanın təşəbbüs qaydalarına riayət etmədiyi üçün verilib.

Tələb olunub ki, Azərbaycan vətəndaş cəmiyyətinə qanuni və de fakto mühit yaratmalı, vətəndaş cəmiyyəti təşkilatlarının fondlara azad çıxışını təmin etməli, açıq ictimai debatlara şərait yaratmalı və qanunsuz həbs edilənləri azad etməlidir. Deyilib ki, REAL Hərəkatının lideri İlqar Məmmədovun azad edilməsi doğru yolda atılan addım kimi qitmətləndirilə bilər.

XS
SM
MD
LG