Accessibility links

Güneyli məhbusun ailəsi oğlunun səhhətindən nigarandır


Səid Hüseyni

Səid Hüseyni

Azərbaycan veb səhifələrinə istinadən, avqustun 15-də Ərdəbil vilayətində Savalan dağının ətəklərində İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınan güneyli fəallardan biri Səid Hüseyninin ailəsi övladlarının səhhətindən narahat olduğunu bildirib.

Yayılan məlumatda hazırda Meşginşəhr (Xiyav) həbsxanasında saxlanılan Hüseyninin məmurlar tərəfindən sorğu-sual edildiyi zaman səhhətinin ağırlaşdığı və zindanın xəstəxanasına aparıldığı qeyd edilib.

Amerikanın Səsinə məlumat verən məhbusun yaxını saytlarda yayılan məlumatı təsdiq edib. Onun dediklərinə görə, aclıq aksiyası keçirən Səid Hüseyni klinikaya aparıldıqdan sonra ailəsinə zəng edə bilib.

İranda insan haqları pozuntuları haqqında məlumat yayan HRA agentliyinin məlumatına görə, Ettelaat qüvvələri milli fəalların hər il keçirdiyi Savalan mərasimində iştirak etmək məqsədi ilə Savalan dağına doğru hərəkət edən bir çox fəalı avqustun 15-də nəzarət altına alıb. Həbs edilən fəallardan Rəhim Qulami, Aydın Zakiri, Meysəm Covlani, Cəfər Rustəmi Rad, Səid Hüseyni, Həmid Qüvvəti, Həbib Nigəhban, İsa Əzizi, Həsən Covlani və Rza Qövminin adları yayılıb.

Fəalların bir neçəsi ötən günlərdə zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

XS
SM
MD
LG