Accessibility links

Fevralın 24-də İsmayıllı hadisələri ilə bağlı prokuror çıxış edəcək


Şəki məhkəməsinin qarşısı

Şəki məhkəməsinin qarşısı

Məhkəmə istintaqı başa çatıb

2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş iğtişaşlarla bağlı məhkəmə prosesi Şəki Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.

Prosesin başlanğıcında müttəhimlərin vəkilləri məhkəmə prosesinə yerli sakinlərdən yeni şahidlərin çağırılması barədə vəsatəti qaldırıblar. Lakin məhkəmə bu vəsatəti, eləcə də müttəhimlərin iğtişaşlar zamanı telefon danışıqları haqda sorğuya dair vəsatəti təmin etməyib.

Prokurorun etirazına baxmayaraq hadisələr barədə “Obyektiv TV” üçün video çəkilişlər aparan jurnalist İdrak Abbasov şahid olaraq məhkəməyə dəvət edilib.

İ.Abbasov İsmayıllıya yanvarın 24-ü gecə saat 4 radələrində gəldiyini və yanvarın 25-nə kimi rayonda qaldığını bildirib. Onun sözlərinə görə, yanvarın 24-ü saat 11 radələrində və axşam saat 20-dən sonrakı hadisələrin şahidi olub.

İ.Abbasovun bildirdiyinə görə hazırda ittiham olunan REAL sədri İlqar Məmmədov və “Müsavat” Partiyası başqanının müavini Tofiq Yaqublu İsmayıllıya gəldikləri vaxt (saat 16-17 radələri) şəhərdə sakitlik olub.

İ.Abbasov T.Yaqublu və İ.Məmmədovun jurnalistlərin əhatəsində durduqlarına dair video süjet olduğunu söyləyib. Kadrlardan görünür, ətrafda sakitlikdir, hər hansı etiraz və ya insanların toplaşması yoxdur. Bu İ.Məmmədov və T.Yaqublunun insanları iğtişaşlara təhrik etmələri haqda istintaqın mülahizələrini rədd edir.

Daha sonra müdafiə tərəfinin israrı ilə İsmayıllı hadisələri ilə bağlı “Obyektiv TV” üçün çəkilən, amma KİV-lərdə əks edilməyən video çəkilişə baxılıb. Həmin kadrlardan aydın görünür ki, İ.Məmədov və T.Yaqublu İsmayıllıya gələrkən şəhərdə sakitlik olub.
Bu gün günün ikinci yarısında məhkəmə istintaqının başa çatdığı elan edilib. Fevralıbn 24-də dövlət ittihamçısı çıxış edəcək.

2013-cü il yanvarın 23-də “Çıraq” otelinin əməkdaşları sərxoş halda İsmayıllı şəhərində yol nəqliyyat hadisəsi törədiblər və yerli sakinləri təhqir ediblər. Qarşiliğinda qəzəblənmiş kütlə “Çıraq” otelini yandırıb. Yanvarın 24-də rayon rəhbərliyinin istefasını tələb edən yerli sakinlərlə polis arasında toqquşma baş verib. Məhkəməyə 18 nəfər, o cümlədən REAL Hərəkatının lideri İlqar Məmmədov və “Müsavat” Partiyası başqanının müavini T.Yaqublu çıxarılıb.
XS
SM
MD
LG