Accessibility links

Prezidentliyə namizədlərin bir çoxu platformadan çox təhqiredici ifadələri müzakirə edib


Prezidentliyə namizədlərin İctimai Televiziyanın canlı efirindəki səkkizinci debatı daha çox təhqirlərlə yadda qalıb.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi və Əliyevi müdafiə edən digər namizədlər Milli Şuranın namizədinə və Milli Şurada təmsil olunan partiya liderlərinə qarşı “gey”, “şərəfsiz”, “ləyaqətsiz”, “əxlaqsız”, “qaraçı”, “küçə adamı”, “tula” və başqa təhqiredici sözlərdən istifadə edib.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli təhqirlərə görə İlham Əliyevi günahlandırıb. O xalqa müraciət edərək deyib:

“Siz ekrandan təhqir olunursunuz, milyonlarla insan təhqir olunur. Qəti şəkildə deyirəm ki, bu əxlaqı, bu ləyaqətsizliyi Azərbaycan siyasətinə gətirən İlham Əliyevdir. Buradakı namizədlər İlham Əliyevin vəkilləridir. Azərbaycan prezidenti vəkilləri vasitəsi ilə xalqı təhqir edir. Prezident vətəndaşı müdafiə etməlidir”.

Həsənli bildirib ki, dünyada 40 ildən çox hakimiyyətdə olan iki sülalə qalıb. Bunların biri Şimali Koreyada, digəri isə Azərbaycandadır.

“Dünya dəyişib. Əliyevlər sülaləsi, İlham Əliyev də hakimiyyətdən getməlidir”, o qeyd edib.

Cəmil Həsənli İlham Əliyev rejimini bir daha rüşvət və korrupsiyada ittiham edib. Onun Vircin adalarında qeydiyyatdan keçmiş şirkətinin bank hesabı yazılmış vərəqi göstərib.

“Siz xalqın pullarını xaricə aparırsınız. Burada prezidentin adına 2002-ci ildə Vircin adalarında açılmış bank hesabı var. 2002-ci ildə İlham Əliyev deputat idi. İlham Əliyev debata gəlmir. Mən namizədlərin mülkləri və gəlirlərinin ictimaiyyətə açılması üçün müraciət etmişəm. Amma, bunları açmırlar”, o qeyd edib.

Namizəd yenidən 48 milyard dollar vəsaitin xaricə aparılmasına istinad edib.

“Siz pulları mənimsəyirsiniz. Amma, həkimə, müəllimə, aktyora 120 manat verirsiniz. 120 manata aktyor öz rolunu oynaya bilmir, nəinki başqasının rolunu oynasın”.

İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov seçicilərlə 1800 görüş keçirdiklərini bildirib.

“Xalq İlham Əliyev dəstəkləyir. Cəmil Həsənli isə cəmi 8 görüş keçirib. Bu görüşləri isə yaradıcılıq gecəsinə bənzəyib. O iqtidara böhtan atır və şer söyləyir. Həsənli hətta elm sahəsində bir təşəbbüs belə irəli sürməyib. Qarabağın alınması ilə bağlı bir kəlmə də danışmayıb”.

Onun fikrincə, ölkəyə demokratiyanı, mənəviyyatı, şərəfi Heydər Əliyev gətirib.

“Dövləti İlham Əliyev qurub, ləyaqəti o gətirib. Bu cür gözəl dövlət qurub”.

Ədalət Partiyasının namizədi İlyas İsmayılovun vəkili Mais Gülalıyev Azərbaycanın NATO-ya inteqrasiyasının qəti əleyhinədir.

Onun fikrincə, ölkə iqtisadiyyatını, enerji siyasətini, bank sektorunu “qərbin işğalı”ndan azad etmək lazımdır.

“Bankları Beynəlxalq Valyuta Fondunun, qərb banklarının əsarətindən xilas etmək lazımdır. Pullar qərb banklarında yerləşdirilir. İran şahının, Səddamın pulları hanı?”, o sual edib.

Gülalıyevin fikrincə, ölkəni Holland sindromundan da qorumaq lazımdır.

“Biz qərbin iqtisadi əsarətinə çevrilmişik. Ölkə iqtisadiyyatını neft gəlirlərindən xilas etmək lazımdır. Neft gəlirlərindən büdcəyə transfertlər dayandırılmalıdır. Enerji əsarətindən xilas olmalıyıq. Azərbaycan iqtisadiyyatı real dəyərlərə deyil, neft gəlirlərinə əsaslanır”, o bildirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev Azərbaycanın NATO-ya inteqrasiyasının tərəfdarıdır və bu siyasətin əleyhinə olanları tənqid edib.

“Rusiyanın da, İranın da Qarabağ məsələsində münasibətini görmüşük. Bəzi namizədlərə dəstək verdiklərinə görə bu dövlətləri şişirtmək istəyir. Biz Avropaya inteqrasiya etməli, Amerika, İsraillə müttəfiqlik, Türkiyə ilə qardaşlıq münasibətlərini inkişaf etdirməliyik” o qeyd edib.
Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu məhkəmə qərarlarının, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra olunmamasından narahatdır.

O son on ildə ölkədə cinayətkarlığın və xəstəliklərin sürətlə artmaqda olduğunu diqqətə çatdırıb.

“Azərbaycan ağır cinayətlərin sayına görə dünyada 3-cü yerdədir. Rəsmi statistikadan məlum olur ki, son 10 ildə cinayətkarlıq iki dədə artıb. Cinayət törədənlərin 41 faizi 15-29 yaşlılardır. Sağlamlıq sahəsində də ciddi problem var. Şəkər xəstəliyi son 10 ildə 5 dəfə artıb, narkomaniya çoxalıb. AİDS-ə tutulanların sayı son illər 1114 nəfər artıb, onların 233 nəfəri 18 yaşına çatmayanlardır. 10 ildə ruhi xəstələr 30 min nəfər artıb”, Cəlaloğlu deyib.

Namizəd hesab edir ki, yoxsulluğa, işsizliyə, mənzilsizliyə qarşı mübarizə aparılmalıdır. İşsizlərə müavinət, kasıblara güzəştli şərtlərlə ev verilməlidir.

Onun sözlərinə görə, Dövlət Neft Şirkətinin prezidentinin müavinlərdən birinin onlarla evi var. Evlərini kirayə verir, ancaq minlərlə insan evsizdir.

Ümid Partiyasının namizədi İqbal Ağazadə Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş insanları ona səs verməyə çağırıb.

“Bu hakimiyyət 20 ildir Dağlıq Qarabağ problemini həll etmir. Dövlətin, hakimiyyətin vəzifəsi odur ki, ərazi bütövlüyünü təmin etsin. Bunun üçün yeni bir qüvvə lazımdır. Yeni düşünən bir qüvvə hakimiyyətə gəlməlidir. Bu hakimiyyətə yox deməliyik ki, Dağlıq Qarabağ problemi həll olunsun. Şuşada bayrağımız dalğalansın”, deyə o bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev bildirib ki, bəzi namizədlər seçki kampaniyasına qisas məqsədi ilə qatılıb.
XS
SM
MD
LG