Accessibility links

Sel suları kənddə evlərə ziyan vurub

“Bakı-Astara magistral yolu açılsa da, Alar kəndində əhalinin vəziyyəti pisdir, evləri su basıb, 3-4 ev isə dağılıb”.

Bu barədə Turana kənd sakini Əlişir Məmmədov bildirib.

Onun sözlərinə görə, oktyabrın 27-dən qərb istiqamətində yerləşən Gülməmmədli kəndi ərazisindən Alar kəndinə sel axını başlayıb, yalnız oktyabrın 28-də səhərə yaxın su axının qarşısını nisbətən almaq mümkün olub.

“Sel sularının kəndə ziyan vurmaması üçün Bakı-Astara avtomobil yolunu yardılar. Amma buna qədər sel öz işini görmüşdü. Hazırda kənddə 35-ə qədər ev suyun içindədir, insanlar evlərinə daxil ola bilmir”, o qeyd edib.

Ə.Məmmədovun sözlərinə görə, evlərdə suyun hündürlüyü 15-70 sm arasındadır.

Kənd sakini Şahlar Əhədov bütün gecəni şəxsi maşınında keçirdiyini deyir. Onun fikrincə, sel sularına yalnız intensiv yağışın səbəb olması haqda deyilənlər doğru deyil.

“Yox, bu təkcə yağış məsələsi deyil. Sovet dönəmi vaxtı Gülməmmədli, Cəfərxanlı tərəfdə dambalar vari idi, bunlar su anbarları idi. Sonra bu su anbarlarını balıq yetişdirmə göllərinə döndərdilər. Selə əsas səbəb məhz həmin Gülməmmədli kəndindəki gölün dağılmasıdır”, o qeyd edib.

Ş.Əhədov hesab edir ki, təhlükə bununla bitməyib.

“Daha bir təhlükə yaxınlıdakı Cəfərxanlı kəndindəki gölün bəndinin dağılması ola bilər. O göl Gülməmmədli kəndindəki göldən daha böyükdür və bəndin dağılması təhlükəsi daha çoxdur. Əgər o gölün bəndi dağılsa təkcə Alar deyil, digər kəndlər də ciddi ziyan çəkəcək. Təhlükənin də aradan qaldırılması üçün hər hansı tədbir görülmür”, o deyib

Sakinlər rayon rəhbərliyinin əhalinin vəziyyətilə maraqlanmadığını bildirib.

“Hələ indiyə kimi kənd sakinlərinin durumu ilə maraqlanan yoxdur. Maraqlanmırlar ki, ziyan çəkən sakinlər gecəni harada və necə keçiriblər, bunlara dəyən ziyanın həcmi nədir. Durumu yüngülləşdirmək üçün nə etmək istəyirlər, hələ də biz kənd sakinlərinə aydın deyil”, Ş.Əhədov narazılığını bildirib.

Cəlilabad rayonunun Alar kəndi Bakıdan 200 kilometr cənubda yerləşir. Kəndin 10 minə yaxın əhalisi var.

XS
SM
MD
LG