Accessibility links

Təbrizdə özünü yandıran səyyar satıcı dəfn edilib


Həmid Fərruxi Dizə-Məlik

Həmid Fərruxi Dizə-Məlik

Həmid Fərruxi Təbriz Bələdiyyənin basqılarına etiraz olaraq aprelin 14-də özünə od vurmuşdu

Ötən günlərdə Təbrizin 8-ci bölgə bələdiyyə binası yaxınlığında üzərinə benzin tökərək özünə od vuran səyyar satıcının müalicə edildiyi Sina xəstəxanasında vəfat etdiyi və aprelin 20-də Təbriz məzarlığında dəfn edildiyi bildirilir.

Oyan News veb səhifəsinə istinadən, səyyar satıcılıqla məşğul olan Həmid Fərruxi məişət avadanlığı bələdiyyə məmurları tərəfindən müsadirə edildikdən sonra aprelin 14-də özünü yandırmışdı.

Mərhumun oğlu Hamid Fərruxi bu barədə Oyan News-a müsahibə verib. O, məhkəməyə müraciət edərək atasının ölümü ilə bağlı Təbriz Bələdiyyəsi məsullarından şikayət etdiklərini bildirib.

Həmid Fərruxi Dizə-Məlikin yas mərasimi dəfn edildiy gündə Təbrizin Əl-Hadi məscidində keçirilib.

Bu, keçən bir ay ərzində İranın qeyri-fars bölgələrində bələdiyyə basqısına məruz qalan səyyar satıcıların intihar cəhdi ilə əlaqədar mediada işıqlandırılmış ikinci xəbərdir.

Ötən mart ayında Xuzistan vilayətində rəsmi adı Xürrəmşəhr olan, amma əhalinin Mohəmmərə adlandırdığı şəhərdə Yunus Əsakirə adlı bir ərəb səyyar satıcı bələdiyyə binası önündə özünü yandırmışdı. Yunus Əsakirə bir həftə sonra xəstəxanada vəfat etmişdir.

Birləşmiş Millətlər Təşkilatının İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi (CERD) İranla bağlı bəyanatlarında islam respublikasında ərəb, türk, bəluç, kürd və bahai icmalarının mənzil, təhsil, sağlıq və işlə təmin olma sahələrində imkanlardan məhrum olması ilə əlaqədar narahatlığını bildirib.

XS
SM
MD
LG